Akif Ağayev:
Şəhid babası: “Mən Sənanı deyil, sanki özümü itirmişəm”
19 yaşlı “Komando” mənsubu
Onlar 44 günlük Vətən müharibəsində şücaət göstərən igidlərimizin, tarixin yaddaşına dönən şəhidlərimizin döyüş yolunu, şərəfli ömür salnaməsini sevgiylə, sədaqətlə davam etdirdilər.
Üç il öncəki ağır məğlubiyyətindən “dərs almayan” işğalçı qüvvələri yenidən dizə çökdürən Sənan kimi oğullarımızın qəhrəmanlığı sayəsində düşmənin bağrını yardıq, Xankəndiyə, Xocalıya və digər azad edilmiş ərazilərə bayrağımızı sancdıq...
Qısa tanıtım: Masallı şəhərindən olan şəhid əsgər Mirzəyev Sənan Vüqar oğlu 29 dekabr 2004-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Bir yaşı tamam olmamış ailəlikcə yenidən Masallıya dönüblər. 2010-cu ildə Masallı şəhər 3 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib. 2016-2020-ci illərdə Masallı rayon Gənclər və İdman İdarəsi UGİM cüdo bölməsinin yetirməsi kimi (Əməkdar məşqçi Xanağa Quliyevin rəhbərliyilə) rayon birinciliklərinin qalibi və respublika turnirlərinin mükafatçısı olub. 2021-ci ildə orta təhsilini başa vurduqdan sonra aşpazlıq peşəsinə yiyələnib. Hərbi xidmətə çağırılana qədər Bakıda, qardaşı ilə birgə bu peşə üzrə işləyib. 2023-cü il yanvarın 10-da ordu sıralarına yollanıb. “N” saylı hərbi hissədə xidmət edərkən aparılan təlimlər zamanı yüksək fiziki hazırlığı ilə fərqlənən Sənan hərbi qulluğunu XTQ-də davam edib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü il 19-20 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən qısamüddətli lokal antiterror tədbirləri nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Sentyabrın 20-də, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan igid eloğlumuz Masallı şəhər “Təpə”məzarlığında torpağa tapşırılıb.
Şəhid Sənan Mirzəyevin ailəsini ziyarət etmək üçün yaşadıqları ünvana yollanıram. Masallı şəhərinin Heydər Əliyev prospektində yerləşən həmin binanın həyətinə daxil olanda sakinlər mənə şəhidin babası Zahir kişinin yaşadığı evin qapısını nişan verdilər. Və əslində istədiyim də elə bu idi. Çünki əvvəlcədən öyrənmişdim ki, Sənan uşaqlıq vaxtından babasının himayəsində yaşayıb...
Bağ-bağçalı həyətdəki sadə, birmərtəbəli evin qarşısında Zahir kişi məni qarşılayır. Gəlişimin səbəbini bildikdən sonra burdakı qohumlarla tanış oluram. Sonra çay süfrəsi arxasında söhbətimizi davam etdiririk. Şəhidin babası söhbətə başlayır:
– Sənan balamız mehriban, gülərüz, dilli-dilavər oğul idi. Özünəməxsus dostları, yoldaşları vardı. Yaşının az olmasına baxmayaraq böyük-kiçik yanında xətir-hörmət sahibi olmuşdu. Odur ki, vaxtsız itkisi tanıyanların hamısını sarsıdıb.
Evdəkilərin, qohum-tanışların hər işinə qaçırdı. Demək olar ki, əlindən gəlməyən iş yox idi. Əsgər yoldaşlarının dediyinə görə orda da texniki cihazların təmirində, bərbərlikdə, dərzilikdə əksəriyyətinin dadına çatırmış. Sanki fitrətən hər bir işi ilk andan güclü qavrama qabiliyyətinə malik idi.
Xidmətdən yazardı ki, burda hər şey yaxşıdır. Yeməklərimiz də həmçinin. Ancaq Südabə nənənin hazırladığı ləziz xörəklər üçün darıxıram.
Bax, bu oturduğumuz bağda 15-20 nəfərlik qonaq masasını xüsusi zövqlə hazırlayardı – salatdan tutmuş cürbəcür yeməklərə qədər. Bizim milli xörəklərdən başqa Avropa mətbəxinə də yaxşı bələd idi. O sahə üzrə kurs keçmişdi...
Mən 1 yanvar, o isə 29 dekabr doğumlu idi. Ad günümüzü eyni gündə - 1 yanvarda keçirərdik.
Bu arada Zahir kişi duyğulanır. Qəlbindəki nisgilini bayatı ilə ifadə edir:
Əzizim Sənan bala,
Şəhidim Sənan bala,
Başımızı ucaltdın,
İgidim Sənan bala.
Qeyd edim ki, 72 yaşlı Zahir Mirzəyev (Masallıda hamı onu Zakir kimi tanıyır ) uzun müddət mədəniyyət, sonra isə ticarət sahəsində işləyib. Onun böyük qardaşı, respublikanın Əməkdar artisti Nizami Mirzəyev isə dünya şöhrətli müğənnimiz, Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb. Təsadüfi deyil ki, Sənanın da gözəl musiqi duyumu varmış – pianoda ifa edir, həm də oxuyurmuş...
19 yaşı tamam olmamış dünyaya vida deyən bir gənc haqqında danışmaqla bitməyəcək xatirələri dinləyirəm. Dayısı Zabil Hüseynov:
– Uşaqkən dəcəl olsa da sonradan səmimiyyəti, çalışqanlığı ilə ürəyimizə elə girmişdi ki... Onu unutmaq çox çətindir.
Əsgərlikdən öncə Sənanın sosial şəbəkədəki bir videopaylaşımı bu gün hamımızı məyus edir: “Uç, mənim həyatım!” deyərək səmaya buraxdığı göyərçin bir az aralıda yerə düşür...
Qohumu Vüqar Məmmədov əlavə edir:
– Sənan qohumcanlı gənc idi. Hamıya qaynayıb-qarışardı. Demək olar ki, bizim sağ əlimiz idi. Soruşmadan hər işə əl qatardı. Bütün qohumlarla müntəzəm əlaqə saxlayardı. Hətta xidmətdə olarkən oğluma Gürcü xəngəlinin reseptini göndərib yazmışdı ki, gələndən sonra bişirərik...
Öyrənirəm ki, Sənanın 22 yaşlı qardaşı Anar 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, da Sənanın xidmət etdiyiy hərbi hissədə qulluq keçib.
Övlad dərdi, oğul acısı ağır olur. Nakam övladının yanğısı ilə qovrulan Pərvin ana ciyərparasını belə xatırlayır: “Hələ də Sənanlı günlərimin təsirindəyəm. Nə qədər arzuları yarımçıq qaldı. İstədiyi qız universitet tələbəsi olduğundan Sənan da ali təhsil almaqda israrlı idi...
Mən razı olmasam da 15 yaşından işləyib. Qazancını evə sərf edərdi. Xidmətdə olanda da dolanışığımızla maraqlanardı.
Yuxuma girir, amma danışmır. Ölümündən üç gün sonra qardaşı yuxuda görüb ki, Sənan evə daxil oldu, əl uzadıb babası ilə görüşdü. Anar da onun pişvazına çıxıbmış kimi qapıda dayanıb. Həmin an mən də yuxudan ayılıb bu epizoda şahid oldum. Anar yarıyuxulu halda dedi ki, ana, Sənan yanımızda, burdadır...
Heç kimin qəlbini qırmazdı. Zarafatından da qalmazdı. Hətta sonuncu dəfə zəng edəndə dedi ki, ana, sənə sürpriz edəcəm. Bir də görəcəksən ki, qapı döyülür və mən bayrağa bükülmüş halda gəlmişəm... ”
Qəhərlənib, gözləri dolur ananın.
Zahir baba: “Bir neçə qohumun yuxusuna girərək deyib ki, anama söyləyin mənimçün qurban kəssin. Qəribə səslənsə də biz dünən qurban kəsib payladıq, Sənanın istəyini yerinə yetirdik. Necə ki, o, bizim hamımızın, Vətəninin arzusunu gerçəkləşdirdi...”
Sənanın şəhadətə qovuşmasının 40-cı günündə hərbçi yoldaşları, dostları ilə görüşürəm.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallı baş gizir Xəqani Abbasov: “Xüsusi bacarığa malik əsgərlərdən olan Sənan Mirzəyev ona həvalə edilən çətin tapşırıqların öhdəsindən layiqincə gəlirdi. Atıcı-qumbaraatan köməkçisi idi.
Antiterror əməliyyatları çərçivəsində döyüş tapşırığımız Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi istiqamətindəki ərazilərimizi separatçı qüvvələrdən təmizləmək idi. Düşmənin ön xəttini yarıb onların yerləşdiyi mövqelərin arxa tərəfinə keçmişdik. Şəxsi heyətimiz müəyyən trayektoriya üzrə hərəkətdə idi. Qumbaraatanımız Elman Vahabov qarşı tərəfin yerləşdiyi mövqeni hədəf alaraq vurur, Sənan isə atış zamanı ona kömək edir, eyni zamanda avtomat silahından düşmən nöqtələrini susdururdu. Cəsur, mərd döyüşçülərimiz düşmənə qan uddururdular.
Bu arada yaralanan qumbaaratanın məndən kömək istədiyini eşitdim. Ona yaxınlaşan zaman azğınları güllə yağışına tutan Sənan düşmən snayperinə tuş gəldi və qəhrəmancasına şəhid oldu. Ağır yaralanan qumbaraatanı və Sənanın nəşini döyüş meydanından təxliyə etdik. Bu döyüşdə bizim bölükdən leytenant Asiman Cəfərov, kiçik leytenant Rəşad Mehdiyev, gizir Pərviz Adıgözəlov, mən və bir neçə hərbçimiz müxtəlif dərəcəli yaralar aldıq. Sənan Mirzəyev və Xəyal Canbaxışov isə şəhidlik zirvəsinə ucaldılar.”
Adını bildirməyən bölük komandiri: “Sənan qorxubilməz, çevik, diqqətcil əsgər idi. Döyüş zamanı ruh yüksəkliyilə digər yoldaşlarında stimul yaradırdı. Hər iki şəhidin hərbi hissədəki carpayıları Azərbaycanın üçrəngli bayrağına bürünüb. Qəhrəmanlarımızın əziz xatirəsi hər gün əsgər yoldaşları tərəfindən ehtiramla anılır.”
Dostu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Hüseyn Hüseynov: “Bir məhəllədə böyüyüb, eyni sinifdə oxumuşuq. Hamıda xoş əhval-ruhiyyə yaratmağa çalışırdı Sənan. Bir-birimizlə qardaş kimiydik. Arada oturub dərdləşərdik. Ali məktəbə qəbul olmadığı üçün narahat idi. Əsgərlikdən yazmışdı ki, məzuniyyət vaxtını ilin sonuna saxlamışam. Gəlib, ad günümü sizlərlə birgə keçirəcəyəm...”
Yazını hazırlayarkən Sənanın şəxsi feysbuk səhifəsində, 13-14 yaşında yazdığı bu cümlə diqqətimi daha çox cəlb etdi: “İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.”
Bəli, sinəsini Vətən torpağını qorumaq üçün sipər edən Sənan torpağa deyil, könüllərə köçməyi, hamının gözündə ucalmağı bacardı.
Akif AĞAYEV,
Masallı şəhəri,
25-29.10.2023
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.