Vahid Qazi:
QARABAĞ ADAM - İlham İsmayılın 60 yaşına
Bir əcnəbi məndən soruşsa: “Azərbaycanlı necə olur, bizə bir nümunə göstər”. Cavab verərəm: “İlham Ismayil, baxın!”
“Bəs Qarabağlı hansı görkəmdə, simada olur?” Gözümü qırpmadan deyərəm: “Buyurun, tanış olun, İlham İsmayıl!”
“Yaxşı, sən kimsən?”, desə. “Dostum İlhama baxın, məni tanıyacaqsınız”.
***
O, ürəyi gözündə döyünən adamdı. Qarabağdan danışanda onun gözlərinə baxın, ürəyini görəcəksiniz. Mən onun ürəyinə o qədər baxmışam ki.
Qarabağın da ürəyi gözündədi – Şuşada!
Onu bərkdən danışan görmədim heç! O, bağırtısı içində olan adamdı. Vətəni qışqırıqla yox, pıçıltıyla sevənlərdəndi.
Bütün sevgilərin bir səsi var, axı – pıçıltı!
***
O, Sovet DTK məktəbini oxuyub. Oxuyub "agent" olub. Rus nə qədər adamı oxudub ki, özünə agent eləsin. Çar dönəmində də, Sovet zamamında da. Oxuyub ona agentlik edənlər də olub, oxuyub vətənin agenti olanlar da. Mən İlham İsmayılı Qarabağın "agent"i bilirəm.
İlham İsmayılın “KQB-MTN. Görünən dağın bələdçiliyi” adlı bir kitabı var. Birnəfəsə oxunan kitablardandı. Bir gecəyə oxudum. O, kitabda belə yazır: “Yer kürəsi fırlanıb kölgələri yox etdiyi kimi, zaman da fırlanır və kölgədəki həqiqətlər işıq üzü görür”. Kitabı oxusanız, son 30-40 ilin kölgədə qalan nə qədər həqiqətini görəcəksiniz.
“Deyə bilmədiyim hələ nə qədər həqiqətlər qaldı kölgədə, zamanı gəlməyib”, mənə belə deyir.
***
“Yazmaq, ən azı, adamı tənha qalmağa qoymur”. İlham kitabında belə deyir.
Tənhalıqlar zəmanəsində Yazı dünyayla barışa bilməyənlərin son sığınacağıdı.
İndi o öz peşəsinə qayıdıb – jurnalistikaya. Yazır. Yazdığı yazıları oxuyun! Qarabağ təbili çalır o yazılar.
Eşidən varmı görən o təbili?
Komada olan adam kimsəni eşitməz. Keyimiş bədən əzaları kimidi zombiləşmiş kütlə.
Bilirsiniz, niyə onunla ünsiyyətdə rahatlıq tapıram? Özüm təzə bilmişəm. İlham vətən kimidi. Özü də uzaq ellərdən, uzun illərdən sonra döndüyün ata ocağı kimi. Hər halıyla sənə doğma olan yurd yeri kimi.
***
Bu sözləri bu sabah yazdım – sənin 60 yaşına iki gün qalmış. Deyəcəklərimsə çoxdu. Özünə deyəcəm!
Arzuların arzularımdı. Səni təbrik edirəm, əziz dost, Qarabağ adam!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.