Rəhman Orxan:
Heydər Əliyevin təşəkkürünü qazanan inşaatçı
Ulu öndərin Naxçıvandan təşəkkür məktubunu alan, didərginlər üçün yüzlərlə iş yeri açan, müəssisənin gəlirlərini xalq üçün xərcləyən insan
“Hörmətli Akif bəy! Mən sizi şəxsən tanımıram. Ancaq
bu çətin günlərdə Naxçıvana tikinti materialları və yanacaqla,
maşın-mexanizmlə göstərdiyiniz daimi köməyə görə sizə
təşəkkürümü bildirirəm. Burda inşa etmək istədiyiniz
kərpic zavodu isə bu gün Naxçıvana daha çox gərəkdir.
Hörmətlə: Heydər Əliyev."
1991-ci il.
Xalqımızın görkəmli oğlu, Ulu öndər Heydər Əliyev Naxçıvan Milli Məclisinin sədri kimi 1991-ci ilin çətin və ağır blokada dövründə Sumqayıtın "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin baş direktoru Akif Zeynalova Naxçıvanın bütün rayonlarında tikinti idarələrinin olduğu Tikinti-Təmir Trestini yaratdığına, onun səmərəli fəaliyyətinə, Muxtar Respublikaya geniş həcmdə tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyi ardıcıl köməyə görə məktub göndərərək, ona xüsusi təşəkkürünü bildirmişdi.
1991-92-ci illərdə o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən Naxçıvana qarşı aparılan blokada tədbirləri, qərəzçiliklə baxımsız edilən Muxtar respublikaya sahib çıxmış Heydər Əliyevə qarşı qadağalar qoyulduğu, onun adının çəkilməsi belə yasaq olunduğu dövrdə Sumqayıtın "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyinin baş direktoru Akif Zeynalov Naxçıvandakı 7 idarədən ibarət Təmir-Tikinti Trestinə İran vasitəsi ilə tonlarla hər cür lazımi tikinti materialları göndərirdi. Bu elə bir dövr idi ki, respublika tabeliyində olan heç bir müəssisə Naxçıvana kömək edə, orda fəaliyyət göstərə bilmirdi. Respublikanın ovaxtkı “cəbhəçi” rəhbərliyi ölkədə “Don Kixot”luq, qoçuluq edənlərin hədə-qorxusu ilə bunu hamıya qadağan etmişdi.
Lakin "Azmənzilsənayetikintitəmir" İB respublikaya yox, hələ 90-cı ilin sonlarından bilavasitə Moskvaya tabe olduğundan Akif Zeynalov özünü və müəssisəsini risq qarşısında qoysa da, İstehsalat Birlyi kimsəyə hesabat vermədən, qorxub-çəkinmədən Naxçıvanda fəaliyyətini davam etdirirdi. Bu isə hər şeyə qarşı diqqətli olan Ulu öndər Heydər Əliyevin nəzərindən yayınmamışdı. Respublikanın o vaxtkı rəhbərliyinin qadağalarına baxmayaraq, Sumqayıtdan Naxçıvana yardım göstərən yeganə tikinti təşkilatı onun təəccübünə, marağına səbəb olmuş və Heydər Əliyev onu yaxşı mənada heyrətdə qoyan müəssisə rəhbərinə Naxçıvan Milli Məclisinin blankında öz dəst-xətti ilə yazdığı, yuxarıdakı məzmunda təşəkkür məktubu göndərmişdi...
Akif Zeynalovun Heydər Əliyevə, o böyük şəxsiyyətə rəğbəti hələ Ulu öndərin Azərbaycan rəhbərliyinə gəldiyi 1969-cü ildən yaranmışdı. Respublikanın yeni başçısının ölkədə xalq təsərrüfatının bütün sahələrdə, o cümlədən neft-kimya sahəsində geniş, sürətli tərəqqiyə nail olmaq üçün gördüyü böyük miqyaslı, əzəmətli işlər o zaman bütün sumqayıtlıların, o cümlədən 27 yaşlı gənc mühəndis-kimyaçı Akifin böyük marağına, fərəhinə səbəb olmuşdu. Ulu öndərin Azərbaycanı yalnız aqrar respublika kimi yox, həm də güclü sənaye ölkəsi kimi inkişaf etdirmək üçün apardığı məqsədyönlü, geniş miqyaslı işlər onda böyük məmnunluq doğururdu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə neft-kimya sənayesinin maşın-avadanlıq parkının 1970-ci ildən başlayaraq ildən-ilə yenilənməsi, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsi gənc kimyaçıda xoş sabaha olan inamı artırırdı. Akifin o zaman çalışdığı “Sintezkauçuk” zavodunda unikal texnoloji qurğunun – “EP-300”, qonşu “Üzvi sintez” zavodunda isə “Polimir-120” komplekslərinin tikilib istifadəyə verilməsi respublikamız üçün böyük texniki inqilab olaraq bilavasitə Heydər Əliyevin Azərbaycanın kimya sənayesinin gələcək inkişafı üçün göstərdiyi diqqət və qayğının təzahürü idi. Bütün Sumqayıt kimyaçıları kimi Akif üçün də böyük qürur hissi doğururdu ki, Çexoslovakiya istehsalı olan, sovetlər üçün böyük valyuta bahasına başa gəlmiş “EP-300” kompleksi Moskva tərəfindən əvvəlcə Qazaxıstan üçün nəzərdə tutulmuş olsa da və avadanlıqlar artıq ora göndərilmək üçün hazırlansa da, Heydər Əliyev özünün Kreml bossları yanında o vaxtkı böyük nüfuzundan istifadə edərək, həmin kompleksin Qazaxıstandan alınaraq, Azərbaycana verilməsinə nail olmuşdu. Ulu öndər yaxşı bilirdi ki, əgər həmin kompleks Sumqayıtda inşa edilməsəydi, ölkə kimyası ancaq kiçik potensiallı ucuz xammal istehsalçısı olaraq qalacaqdı. Heydər Əliyev öz təklifini Kreml qarşısında respublikamızın xeyrinə elə inandırıcı fakt və arqumentlərlə əsaslandıra bilmişdi ki, SSRİ rəhbərliyi “EP-300”ün son anda Qazaxıstanda yox, Azərbaycanda inşasına qərar vermişdi. O vaxtlar Qazaxıstanın Kremldə böyük nüfuza malik olan rəhbəri, SovİKP MK-nın Siyasi Büro üzvü D.Kunayevin əlindən həmin kompleksin alınması çox böyük cəsarət, dərin zəka, diplomatiya tələb edirdi. Heydər Əliyev məhz bu keyfiyyətləri ilə “EP-300” uğrunda “dava”da qalib gələ bilmişdi. Bunu çox gözəl bilən Akif Zeynalov bütün kimyaçılar kimi qəlbən hər zaman dahi rəhbərə minnətdar olmuş, “Əliyevpərəstliyi” ilə seçiilmişdi. O, Ulu öndərin yenidən, ikinci dəfə ölkə rəhbərliyinə qayıdışını da Heydər Əliyevə böyük inamla, sevinclə qarşılamışdı.
...Akif Zeynalov 1942-ci il oktyabrın 25-də Füzuli şəhərində dünyaya gəlib. O, 1959-cu ildə orta məktəbi əla qiymətlərlə bitirib, o vaxtlar AZİ adı ilə məşhur olan Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna qəbul olunur. IV kursun sonlarında iki aylıq diplom praktikasını Sumqayıt Superfosfat zavodunda keçən Akif orda çilingər kimi işə götürülmüşdü. Qısa müddətdə bacarığı, istedadı və işgüzarlığı, həm də səmimiliyi, istiqanlılığı ilə çalışdığı sex kollektivinin rəğbətini qazana bilmişdi. Odur ki, yay tətilinə də getmək istəməyib, zavodda qalıb işləmək üçün sex rəisinə müraciət etdikdə, o, sabahın gənc mühəndis-mexanikinin xahişinə məmnuniyyətlə razılıq vermişdi. 3 ay ərzində Akif həm ailəsinə maddi dayaq ola bilmiş, həm də zavodun istehsalat həyatında fəallıqla, bacarıqla iştirak etmişdi. Diplom müdafiəsindən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun məzunu olaraq Sumqayıta 1964-cü ildə - 22 yaşında gənc mühəndis-mexanik kimi gələrək, öz istedad və bacarığı, işgüzarlığı və əməksevərliyi ilə artıq 30 yaşında - 1972-ci ildə bir-neçə müəssisəni birləşdirən Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin baş mexaniki vəzifəsinə yüksəlmişdi.
Bütün həyatını Sumqayıtın neft-kimya sənayesi ilə bağlayaraq, sonralar “Sumqayıtkauçuk-təmirtikinti” Trestinin rəisi olan Akif Zeynalov ermənilərin Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük dövrünün başlayıb davam etdiyi 1988-90-cı illərdə hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarına hər cür maddi-texniki yardımlar göstərmişdi. 1990-cı ilin sonlarından etibarən öz təşəbbüsü və iradəsi ilə respublikanın ən iri təmir-tikinti müəssisəsini - "Azmənzilsənayetikintitəmir" İstehsalat Birliyini yaradaraq, onun Laçından, Qubadlıdan tutmuş bütün Qarabağ zonasında (Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağcabədi, Xocalı rayonlarında) və Azərbaycanın digər bölgələrində özündə 110-dan çox tikinti idarələrini birləşdirən 11 Təmir-Tikinti Tresti yaratmağa nail olmuşdu. Həmin idarələrdə o zaman 5 mindən artıq işçi çalışırdı. Onlardan 1200-dən çoxu qaçqın-köçkün həmvətənlərimiz idi ki, onlar da işlə, stabil maaşla, yüzlərlə didərginimiz isə həm də sığınacaqla təmin edilmişdi.
Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan geniş miqyaslı tikinti-abadlıq işlərində isə Akif müəllimin rəhbərlik etdiyi kollektivin yüzlərlə işçisi çalışmışdı. Silahlı qarşıdurmaların, döyüşlərin gücləndiyi dövrlərdə Akif Zeynalov dəfələrlə sərhəd rayonlarında olmuş, Ağdama, Laçına, Qubadlıya, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi Trest tərəfindən həm tikinti materialları, həm də ərzaq və sairə alınıb-aparılması üçün maksimum köməklik göstərməyə çalışmışdı.
"Azmənzilsənayetikintitəmir" İB-nin Baş direktoru kimi Akif Zeynalov Milli Ordumuzun yaradılmasına, onun silah-sursatla təmin edilməsinə, şəhid və döyüşçü, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları Əlif Hacıyevin, Yuri Kovalyovun ailələrinə, cəbhədə yaralanaraq müalicəyə ehtiyacı olanlara, Türkiyədə, Almaniyada, Rusiyada, Ukraynada təhsil alan ali məktəb tələbələrimizə və s. təmənnasız yardımlar etmiş, ilk Daşaltı əməliyyatında həlak olmuş 40-dan artıq döyüşçünü "fəxri işçi" kimi Birlikdə qeydə alaraq, onların hər birinin ailəsinə iki il ərzində köməklik göstərmişdi. O, sonralar da neçə-neçə şəhid ailəsinə, döyüşçülərimizə yardımlar etmiş, kimsəsizlərə dayaq olmuşdu. Hətta respublikanın ağır böhran keçirən bir çox müəssisə və büdcə təşkilatları da kömək üçün o zaman kifayət qədər gəlirli olan həmin Birliyə, onun səxavətli rəisi Akif Zeynalova üz tuturdular. O isə hamını hörmətlə qarşılayar, heç kəsi naümid qaytarmaz, varını əsirgəməzdi.
Bəli, o illərdə respublikada çox böyük maliyyə imkanlarına malik olan, lakin özlərini, varidatlarını xalqdan gizlətməyə çalışan bir-çox gizli “oliqarxlar”dan fərqli olaraq, məhz Akif müəllimin rəhbərlik etdiyi, yüksək təşkilatçılığı və bacarığı hesabına maliyyə imkanları kifayət qədər yaxşı olan Birliyin sayəsində 1990-94-cü illərdə mədəniyyətə, incəsənətə də mümkün qədər böyük diqqət və qayğı göstərilməyə, el arasında deyildiyi kimi “pul buraxılmağa” başlanmışdı.
Ulu öndər Heydər Əliyev qvardiyasının sadiq, etibarlı əskəri olan, hər zaman özündən öncə doğma xalqını düşünən, onun problemlərinin həllinə imkanı daxilində bacardığı hər şeyi etmiş bu vətənpərvər, qeyrətli adam Azərbaycanın ən ağır, çətin dövründə öz üzərinə xeyriyyəçilik missiyasını götürərək, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Sumqayıtda ictimai-sosial obyektlərin - təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin təmirinə, respublika səviyyəli tədbirlərin keçirilməsinə və s. milyonlarla manat vəsait xərcləmişdir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, təmənnasız xərclənmiş həmin külli miqdarda vəsait hesabına indi onlarla "göydələn", möhtəşəm şadlıq sarayları tikmək olardı. Ancaq Akif müəllim bunu etmədi, əvəzində minlərlə imkansızın, şəhid və döyüşçü ailələrinin qəlbində yalnız özünə məxsus olan "göydələnlər", "qəsrlər" ucaltdı...
Mühəndis bacarığı ilə yanaşı onu tanıyanları həm də yaradıcı istedadı ilə heyrətləndirən Akif Zeynalov ötən əyyamın 90-cı illərində teatr-kino aləminə dramaturq Akif Həsənoğlu kimi daxil olmaqla dövrün tələb və ehtiyaclarını əks etdirən 10-a qədər maraqlı pyes (o cümlədən "Yanmış evin nağılı", "Mənim ağ şəhərim" və s. ) işləyib-hazırladı, aktuallığı və dramatikliyi ilə tamaşaçıların böyük marağına, diqqətinə səbəb olmuş "Mənim ağ şəhərim" filminin çəkilişinə nail oldu. O filmin ki, BMT-nin Azərbaycan üzrə o vaxtkı nümayəndəsi Paoolo Lembo Sumqayıtdakı rəsmi tədbirlərin birində çıxışını məhz həmin filmdən aldığı təəssüratla başlamışdı...
Bir kimyaçı-mühəndis, respublikada ən böyük tikinti-inşaat müəssisəsinin rəhbəri kimi Vətən və xalq qarşısında xidmətləri, 55 illik səmərəli əmək fəaliyyəti yüksək dəyərləndirilərək, Akif Zeynalov Sumqayıtın 70 illik yubiley günlərində ölkə Prezidenti İlham Əliyev tərəfindən layiq olduğu yüksək fəxri ada – “Azərbaycanın Əməkdar mühəndisi” adına layiq görülmüşdür.
...Bir-neçə il əvvəl ağır insult keçirtsə də, möhkəm iradəsi, nikbinliyi ilə xəstəliyə qalib gəlmiş Akif müəllim bu gün də əmək fəaliyyətini və yaradıcılığını uğurla davam etdirir. O, ilk uşaqlıq, gənclik illərində olduğu kimi yenə də “at belindədir” – qəlbən, ruhən də olsa belə! Və bu gün də onun həyat devizi belədir: “İgid odur - hər əzaba qatlana, igid odur - atdan düşə, atlana!”
Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti.
Sumqayıt.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.