AMEA Rəyasət Heyətinin iclası keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli əvvəlcə ölkə başçısının 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə təltif edilmiş akademik Urxan Ələkbərova “Şərəf ” ordeni və AMEA-nın Fəxri fərmanını təqdim edib.
Tədbirdə müzakirəyə çıxarılan birinci məsələ “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün təsdiq edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncam imzalanıb və Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi AMEA müəyyən edilib.
AMEA rəhbəri qeyd edib ki, Akademiyada sözügedən bəndin icrasını təmin etmək məqsədi ilə çoxsaylı əsərlərin nəşri ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən operativ şəkildə “Heydər Əliyev Ensiklopediyası”nın 824 maddəlik sözlüyü hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, sözlüyün müzakirəsini təmin etmək və yekun variantını hazırlamaq məqsədi ilə Komissiya yaradılıb və ötən müddət ərzində sözlüyə müvafiq istiqamətlər üzrə əlavə və düzəlişlər edilərək AMEA Rəyasət Heyətinə təqdim olunub.
Akademik İsa Həbibbəyli sözügedən nəşrdə Ulu Öndərin şəxsiyyətinin miqyası və fəaliyyətinin bütün sahələrinin əks olunacağını deyib və “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və nəşrinin alimlərimizin Ümummili Lider qarşısında mənəvi və vətəndaşlıq borcu olduğunu bildirib.
Təklif edilən əlavə və düzəlişlər nəzərə alınaraq “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyü təsdiq edilib və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə sözlüyə uyğun olaraq ensiklopediyanın hazırlanması tapşırılıb.
İclasda həmçinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın tədbirlər planının təsdiq edilməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin AMEA-da da yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə elmi müəssisə və təşkilatların AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə verdikləri təkliflər əsasında Tədbirlər planı hazırlanıb. AMEA rəhbəri Tədbirlər planında “Əhməd bəy Ağaoğlu və türk dünyası”, “Məhəmməd Akif Ərsoy və Azərbaycan ədəbi-elmi fikri”, “Ortaq keçmişdən bugünə və gələcəyə doğru: türk və Azərbaycan dil əlaqələri”, “Əlyazma kitabı Azərbaycan və Türkiyə elmi-mədəni əlaqələr kontekstində”, “Türk dünyasının ortaq mədəni mirası”, “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər”, “Türkiyə-Azərbaycan münasibətlərinin tarixi”, “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti”, “Türkiyə Cümhuriyyəti - 100: Türkiyə Azərbaycan arxeoloji və antropoloji araşdırmaları” mövzusunda elmi konfransların, “Azərbaycan və Türkiyənin XX-XXI əsrin liderlik modellərinin müqayisəli təhlili”, “Türkiyə Cümhuriyyəti və Qafqaz: tarix və müasirlik” adlı dəyirmi masaların keçirilməsi, Ədəbiyyat İnstitutunda Mehmet Akif Ersoy Mərkəzinin açılması və s. məsələlərin əksini tapdığını bildirib.
Müzakirələrdən sonra “Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı” təsdiqlənib.
İclasda o cümlədən müasir dövrün çağırışlarına uyğun olaraq, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Vurğulanıb ki, hazırda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi istiqamətlərindən birini etnoqrafik tədqiqatlar təşkil edir, lakin etnoqrafiya elm sahəsi kimi əsasən etnosların adət və ənənələrini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənir. Qeyd olunub ki, institutda etnoqrafik tədqiqatlar Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri tərəfindən həyata keçirilir və təhlillər göstərir ki, müəssisədə aparılan etnoqrafik tədqiqatlar daha çox tarixi istiqaməti əhatə edir. Buna görə də etnoqrafik tədqiqatların Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun fəaliyyət istiqamətləri ilə daha da sıx əlaqələndirilməsinə böyük ehtiyac yaranıb.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil olan Türk xalqlarının etnoqrafiyası, Tarixi etnoqrafiya və Müasir dövr etnoqrafiyası şöbələri öz ştat vahidləri ilə birlikdə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna keçiriliblər.
Akademik İsa Həbibbəyli bildirib ki, bu qərar müasir dövrün çağırışları işığında etnoqrafiya elmini daha da inkişaf etdirəcək, onu etnologiya elmi səviyyəsinə qaldıracaq və yeni mərhələdə aparılan tədqiqatların gələcəkdə Tarix İnstitutunda nəşri planlaşdırılan “Etnologiya” jurnalında çap olunması təmin ediləcəkdir.
İclasda o cümlədən professor Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb. Həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova isə AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təsdiqlənib.
Eyni zamanda, AMEA Rəyasət Heyəti aparatının bir sıra şöbələrinin adlarına əhatə etdikləri funksiyalara müvafiq olaraq yenidən baxılıb.
Bundan əlavə, akademik Akif Əzizovun 80, akademik Cahangir Kərimovun 100, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin isə 75 illik yubileyi haqqında qərar verilib.
İclasda Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında yaxından iştirak edən alimlərin rəğbətləndirilməsi haqqında da qərar qəbul edilib.
Tədbirdə qeyd olunan məsələlər ətrafında akademiklər - Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, professorlar - Kərim Şükürov, Abbas Seyidov, Məmməd Əliyev, tarix elmləri doktorları - İlhamə Məmmədova, Güllü Yoloğlu və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Akademiya əməkdaşlarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, ölkə başçısının AMEA və alimlərimiz qarşısında yeni dövrün çağırışlarına uyğun olaraq qoyduğu tapşırıqların yerinə yetirilməsi üçün daha məsuliyyətlə çalışacaqlarını bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.