Masallıda Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər niyə bölgədə nümunə oldu?
Əsas iqtisadi resursların Qarabağa yönəldiyi günlərimizdə Lənkəran-Astara iqtisadi zonasında, digər məkanlarda yox, təkcə Masallıda 4 yaddaqalan açılışlar oldu.
Bir də, uşaqsız, müdirsiz, tərbiyəçilərsiz Uşaq Bağçasının açılışının qəribəlikləri, eləcə də Masallıda uşaq bağçası “siyasətinin” parıltılı və qaranlıq tərəfləri barədə
Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ölkənin hər yerində silsilə tədbirlər- konfranslar, idman yarışları, konsertlər və sair tədbirlər təşkil olunur.
Masallıda da bu qəbildən olan tədbirlər keçirilib və keçirilir.
Fərqlilik isə odur ki, Masallıda bu bayram ərəfəsində, iqtisadi resursların Qarabağa yönəldiyi çox məkanlarda, hökumətdən 1 manat belə vəsait almadan 4 möhtəşəm binanı inşa etmək və bunun açılışını sərgiləmək, həqiqətən təqdirəlayiqdir. Bunu rayon icra hakimiyyətinin başçısı Araz müəllimin xeyriyyəçilərin timsalında xalq birliyinin nümunəsi də saymaq olar.
Statistika isə belədir – 2 uşaq bağçası, 1 idman zalı, 1 konfrans zalı.
Bu açılışlar barədə ümumi mənzərə ilə Masallı icra hakimiyyətinin və digər saytların materialından tanış ola bilərsiniz. Yəni, Ulu Öndərin heykəli, Qələbə Meydanında şəhidlərin abidələri önünə əklillər qoyulması, icra başçısı Araz Əhmədov, tədbirə qatılan 6 deputat və digərlər çıxış etdi və sair.
Diqqət çəkən isə o oldu ki, Masallı doğma yurdun xeyriyyəçilərinin köməyi ilə yüzlərlə insanın rahatlığına səbəb olan obyektləri xalqın sərəncamına verdi.
İstifadəyə verilən 4 obyektdən 3-ü – şəhər 4 saylı Uşaq Bağçası, stolüstü tennis zalı millət vəkili Məşhur Məmmədovun və onun övladlarının zəhmətinin bəhrəsidir.
Bir qədər detallara varaq.
400 yerlik akt zalı 230 mindən artıq əhalisi olan Masallıda cəmi 280 yerlik bir akt zalı var. (Rayon Mədəniyyət Mərkəzində). Dünən isə Məşhur müəllimin maliyyə dəstəyi ilə Heydər Əliyev Mərkəzində 400 yerlik, bütün müasir tələblərə cavab verən bir zal istifadəyə verildi.
140 yerlik Uşaq Bağçası
Ölkə üzrə hər 1000 nəfərə düşən bağça yaşlı uşaqların sayına görə sonuncu yerlərdən birini tutan Masallı üçün bu böyük hədiyyədir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan bu tikintiyə Millət Vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov sponsorluq edib. Onlar bu Uşaq Bağçasının binasını sıfırdan təmir ediblər.
Xatırladaq ki, bir il öncə millət vəkilinin övladları Masallının ən qədim, bərbad vəziyyətdə olan 1 saylı Şəhər Uşaq Bağçası üçün də 100 yerlik gözəl bir bina inşa etmişdilər.
Stolüstü Tennis Federasiyası Masallı Filialının açılış
Bayram günü açılışı olan binalardan biri də Ölkə Stolüstü Tennis Federasiyasının Masallı filialı üçün inşa edilən Tennis Mərkəzidir ki, burada yüzlərlə gənc bu idman növü ilə məşğul olacaq. (İcra hakimiyyəti binasının şimalında, keçmiş Bayraq Meydanında).
Bundan bir neçə il öncə isə yenə Məşhur Məmmədovun maliyyə dəstəyi ilə (Onun millət vəkili olmadığı illərdə) Masallıda Boks Mərkəzi inşa edilmişdi.
Uzun illər Masallıda deputat olan əksər millət vəkillərinin ancaq öz maraqları üçün çalışdığını nəzərə alsaq, Məşhur müəllimin və övladlarının belə, eləcə də sadalamadığımız onlarla xeyriyyə əməllərinə imza atması çox qürurverici və nümunədir.
Ərkivan Qəsəbə Uşaq bağçası
Ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu günlərdə açılışı olan 4-cü obyekt isə Ərkivan Qəsəbə Uşaq Bağçasıdır.
100 yerlik bu uşaq bağçası daha fərqli dizaynı, necə deyərlər, uşaq ruhunu daha qabarıq əks etdirən arxitekturası, uşaq əyləncə meydanı ilə daha çox seçilir.
2 il öncə Ərkivan Qəsəbə Uşaq Bağçasının Ərkivan 1 saylı tam orta məktəbinin həyətindəki dövlət torpağında təməli qoyulanda, sabiq icra başçısı Ş. Məmmədov elan etdi ki, bu bağça Heydər Əliyev Fondunun dəstəyi ilə tikilir və 1 ildən sonra istifadəyə veriləcək, Ərkivandakı hazırkı bağça bura köçəcək. 1 il 2 oldu və nəhayət bu günlərdə həmin bağçada inşaat işləri başa çatdı.
2 il öncəki, təməl qoymada həmçinin qeyd olundu ki, bu uşaq bağçası ərkivanlı iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun şəxsi vəsaitləri hesabına tikilir.
Xatırladaq ki, hər iki iş adamı Ərkivanda məhəllələrarası yolların çəkilişində, qəsəbə stadionunun tikintisində, xeyli qəsəbə sakininin nəinki Masallıda, eləcə də Bakıda və Sankt Peterburqda işlə təmin olunmasında, həm də şəhid ailələrinə və qazilərə, imkansızlara yardım edilməsində dəyərli addımlar atıblar.
Qəsəbə sakinləri də düşündü ki, Ərkivanda cəmi 40 uşağın cəlb edildiyi bərbad gündə olan ( məcburi köçkün ailələrinin mal-qaraları, ev quşları və digər heyvanları ilə tam antisanitariya şəklində burada yaşayır) dövlət bağçasından normal binaya köçəcək. Lakin bağça istifadəyə verilən ərəfədə bəlli oldu ki, bağça ola bilər ki, dövlətin yox, özəl olsun.
Hələ də çoxları, hətta yüksək səlahiyyətli rəsmilər bilmir ki, bura dövlət, yaxud özəl bağçadır. Yəni, bu məsələ elə gizlədilir ki, sanki dövlət sirridir.
Dərhal da suallar yarandı?
Bu bağça özəl olacaqdısa, niyə dövlət torpağında, məktəb həyətində tikilib.
Bu gün Ərkivan qəsəbəsinin 5 məktəbindən 4-ü, eləcə də həmin özəl bağçanın 10 metrliyində yerləşən Ərkivan 1 saylı tam orta məktəbinin binası, sinif otaqları işğal olunmuş ərazilərdəki xarabalıqlara bənzəyir. Niyə onlara və digər buna bənzər obyektlərə yardım edən yoxdur?
Ərkivanda Uşaq Bağçası binasının açılışı oldu. İcra başçısı, bir neçə millət vəkili tədbirdə iştirak etdi. Bəs niyə bağçanın qapısı açıldı, özü açılmadı? Bəli, açılış oldu – lakin bu bağçanın hazırda nə müdiri var, nə tərbiyəçiləri, nə uşaqları.
Bəlkə 2-ci dövlət bağçası açmaq istəyirlər?
Xatırladaq ki, son 6 ildə Masallıdakı nəinki yeni uşaq bağçası açılmayıb (təmirlər istisna olmaqla), hətta binası hazır olsa da, bağçaları üçün əlavə heç bir 1 qrup belə almaq belə mümkünsüz olub..
Yəni ki,
100 yerlik Səmidxan Uşaq Bağçası 6 ildir təmir olunub, lakin 1 qrup belə alına bilməyib. Bağça hazırda fəaliyyətsizdir. Verilən məlumata görə bağça günbəgün bərbad hala düşür.- Şəhər 1 saylı Uşaq Bağçası üçün 2 saylı bağçanın yerində yeni 100 yerlik bağça tikilib, yəni 2 qruplu, qalan qrup üçün ştatlar alına bilmir.
- Göyəçöl kəndində 140 yerlik uşaq bağçası var. Amma, bura 40 uşağın cəlb olunub, cəmi 2 qrup işləyir. Xeyriyyəçi Xudayar Rəhimov bir neçə dəfə 10 min manata yaxın pul xərcləyib həmin bağçanı təmir etdirir, lakin ətraf kəndlərin heç birində (Musaküçə, Lürən, Xıl, Öncəqala, Şıxlar, Yeddioymaq və sair) uşaq bağçası olmasa da, burada hazır otaqlar olmasına baxmayaraq, əlavə 2-3 bağça qrupu aça bilmirlər.
- Eləcə də 100 yerlik Ərkivan Uşaq Bağçası illərdir ki, məcburi köçkün ailələri, onların mal-qarası ilə birgə cəmi 2 qrupda işləyir. Ümumləşdirsək, Səmidxanda 5, Şəhər 1 saylıda 3, Göyəçöldə 4, Ərkivanda 2-ci bağça açılarsa 4 əlavə, 2-də köhnə (cəmi 18) bağça qrupuna ehtiyac var. Lakin bunların heç birinə ştat ala bilmirlər.
- Belə olan təqdirdə icra başçılarının xeyir-duası ilə təməli qoyulan, açılışı edilən bağça üçün qrup necə alınacaq? Yaxud, bu bağça da özəl bağça kimi necə işləyəcək? Cavabın heç kim bilmir və cavab varsa da, səbəbsiz olaraq hamıdan gizlədilir.
Belə getsə, yəqin ki, Səmidxan bağçası kimi 6 il tam təmirli olsa da istifadəyə verilə bilməyən bağçasının gününə düşəcək.
Yaxud, digər ərazilərdə illərlə əlavə qrup ala bilməyən, uşaqları hazır bağçalara ayaq aça bilməyən sakinlər buna necə baxacaq?
Müdirsiz, tərbiyyəçisiz, uşaqsız təzə bağçanız mübarək, Ərkivan.
Onu da unutmayaq ki, Masallıda bağça yaşlı uşaqların heç 8-9 faizi belə bağçalara cəlb olunmayıb. Bu rayonun 103 yaşayış məntəqəsində, şəhər və qəsəbələr çıxıldıqdan sonra 100 kəndinin cəmi 11 uşaq bağçası var ki, onun da yarısı 2 qruplu, 40 nəfərlik, yarısı bərbad gündədir.
Digər rəqəmləri də sadalasaq, körpü qalar çaydan o yana. Bəlkə, Seyid Sadıq Ağa demişkən, tərpətməyək.
İnanırıq ki, öz işini yaxşı bilən, kifayət qədər praqmatik rəhbər olan hörmətli Araz müəllim bu məqamlara ciddi diqqət yetirəcək.
Fotoların müəllifi: Elsevər
Cenub.az üçün hazırladı: Zahir Əmənov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.