Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Gəncliyimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
Mayın 5-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Gəncliyimiz gələcəyimizdir” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, millət vəkilləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, elmi müəssisə və təşkilatların baş direktorları, gənc alimləri iştirak ediblər.
Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin tədqiqatlarının nəticələrinə dair sərgiyə baxış keçirilib.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, ölkəmizdə və dünyanın bir çox bölgəsindəki səfirliklərimizdə, eləcə də Akademiyada “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərlə Ulu Öndərin həyat və fəaliyyətinə, həmçinin müstəqil Azərbaycan dövlətinin uğurlarına nəzər yetirilir, keçilmiş yolun təhlil edilməsi ilə gələcək nəsillərə çatdırılması təmin olunur.
AMEA rəhbəri qeyd edib ki, Ümummilli Liderə həsr olunmuş tədbirlər ictimai-siyasi əhəmiyyəti ilə yanaşı, ciddi elmi əhəmiyyətə də malikdir və konfranslarda səsləndirilən fikirlər gələcək tədqiqatların istiqamətini müəyyənləşdirir və tədqiqatçılar üçün baza rolunu oynayır. AMEA-nın və Elm və Təhsil Nazirliyinin əhatə etdiyi institutların Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərlə, işıq üzü görən nəşrlərlə Azərbaycanda HeydərƏliyevşünaslığa sanballı töhfələr verdiyini, başqalarına örnək olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, bu, alimlərimizin mənəvi borcudur və məsuliyyətlə yerinə yetirirlər.
“Ulu Öndər hələ sovet hakimiyyəti dövründə Azərbaycançılıq ideologiyasını həyata keçirməklə xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamış, keçid dövründə isə xilaskarlıq missiyası ilə Azərbaycanı yox olmaq təhlükəsindən xilas etmişdir. “Əsrin müqaviləsi”inin imzalanması, torpaq islahatları və digər layihələrlə bugünkü iqtisadiyyatımızın möhkəm təməllərini atmışdır. İctimai-siyasi sabitliyi təmin etmiş, müstəqil dövlətimizin yaşaması üçün hər şey yaratmışdır. Ən nəhayəti, Prezident İlham Əliyev kimi dövlət başçısını yetişdirərək Azərbaycana, xalqımıza bəxş etmişdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
Prezident İlham Əliyevin XXI əsrin dünya liderləri sırasında özünəməxsus yeri olduğunu qeyd edən AMEA rəhbəri bu gün dövlət başçımızın BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, Qarabağın erməni işğalından azad edilməsi Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” nəticəsində mümkün olmuşdur. AMEA prezidenti qeyd edib ki, bu gün dövlət başçısının liderliyində Qarabağa “Böyük Qayıdış” həyata keçirilir, məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına tez bir zamanda qayıtması üçün yenidənqurma işləri aparılır: “Laçında nəzarət buraxılış məntəqəsinin açılması regionun təhlükəsizliyi üçün atılmış mühüm addımdır. Bu günlərdə Vaşinqtonda aparılan müzakirələr Ermənistanla sülh sazişinin yaxınlaşdığını göstərir”.
Akademik çıxışının sonunda bildirib ki, Ulu Öndərin ideyalarını, başlatdığı bütün layihələri bu gün Prezident İlham Əliyev uğurla və məsuliyyətlə yüksək səviyyədə həyata keçirir.
Sonra çıxış edən Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli konfrans iştirakçılarını AR elm və təhsil naziri Emin Əmrullayevin adından salamlayıb. Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğıdan bəhs edən N.Məmmədli qeyd edib ki, Ulu Öndərin sovet hakimiyyəti illərində atdığı addımlarla Azərbaycanın təhsil sistemində ciddi dəyişiklik baş vermiş, orta və ali təhsil müəssisələrinin, eləcə də təhsil alanların sayı artmış, hər kəsin bərabərhüquqlu təhsil alması təmin edilmişdir. Heydər Əliyevin insan kapitalına ciddi önəm verdiyini deyən Nicat Məmmədli Ümummilli Liderin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Konfransda “Heydər Əliyev böyük milli ideyalar daşıyıcısı idi” mövzusunda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, AR Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Ulu Öndərin həyatını, fəaliyyətini, Azərbaycana, xalqımıza xidmətlərini sözlə ifadə etmək mümkün deyil və hər dəfə onun şərəfli həyatının səhifələrinə baxarkən yeni nüanslar ortaya çıxır. Ümummilli Liderin Bərdəyə, Şəmkirə və Şəkiyə səfərlərini, vətəndaşlarla görüşlərindəki maraqlı anları xatırladan millət vəkili Zahid Oruc qeyd edib ki, Heydər Əliyevi yaddaşlarda saxlayan onun sadə xalqın rəhbəri, lideri olması idi. Heydər Əliyevin kadr məsələlərinə xüsusi həssaslıqla yanaşdığını deyən Z.Oruc Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin müəllifinin məhz Ulu Öndər olduğunu söyləyib.
Konfransda “91-lər”dən biri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov müstəqil dövlət quruculuğu dövrünün çətinliklərindən, bu çətinliklərin aradan qaldırılmasında Ulu Öndərin xilasedici rolundan danışıb.
AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva öz çıxışında Ulu Öndərin dövlət quruculuğu siyasətindən, Türk Dövlətləri Təşkilatı və bu birliyə daxil olan qardaş ölkələrlə əməkdaşlığa verdiyi önəmdən, Azərbaycanın dünya siyasətindəki yerindən danışıb.
Sonra çıxış edən AR ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizin təbiətinə qayğı və diqqətlə yanaşdığını, onun təşəbbüsləri və səyi ilə ekosistemlərin və bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi, yeni meşə massivlərinin salınması, şəhərlərin yaşıllaşdırılması üzrə çoxsaylı qanun və qərarların verildiyini bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu öz çıxışında Heydər Əliyevi azərbaycançılıq ideyalarının banisi adlandırıb, respublikanın inkişafında Ulu Öndərin siyasi xəttinin alternativinin olmadığını deyib, bu siyasətin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirildiyinə diqqət çəkib.
Sonra konfransda Fizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Ulu Öndər və gender siyasəti”, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Yeni Azərbaycan Partiyasının veteranı Rizvan Vahabov “Ulu Öndər Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda çıxış ediblər. Çıxışçılar Ulu Öndərin Azərbaycan elminə, təhsilinə, alimlərinə, mədəniyyətinə, qadınlarına, gənclərinə, mətbuatına göstərdiyi diqqət və qayğıdan bəhs edib, görkəmli dövlət xadimi ilə bağlı xatirələrini bölüşüblər.
Daha sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək bildirib ki, Ulu Öndərin 70-ci illərdə həyata keçirdiyi təhsil islahatları ilə bir çox gənc kimi, rəhbərlik etdiyi institutun yaranmasında mühüm rol oynayan, elmi bazasını təşkil edən alimlər də həmin islahatlarla xaricdə təhsil alıb. Qeyd edib ki, həmin gənclər təhsillərini baş vuraraq Azərbaycana gəlib, elmimizin inkişafına xidmət ediblər.
Akademik İradə Hüseynova bugünkü konfransın məhz böyük Azərbaycan alimi Cəlal Əliyevin adı ilə bağlı olan AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutmasının simvolik mənasından danışıb.
O bildirib ki, Heydər Əliyevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim və mütəxəssis kadrların hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olmuşdur. Ulu Öndərin biologiya və aqrar elmlərin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin xidmətləri əvəzsizdir.
Hazırda institutun 14 gəncinin dünyanın aparıcı universitetlərində doktorantura təhsili aldıqlarını diqqətə çatdıran İradə Hüseynova həmin gənclərdən Fidan Hüseynovanın Monpelye Universitetində ikili diplom proqramı üzrə uğurla müdafiə etdiyini, son illərdə institutun 2 gənc əməkdaşının “Gənclər üçün Prezident Mükafatı”na layiq görüldüyünü bildirib.
Konfransın sonunda AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alim və mütəxəssisləri arasında keçirilmiş və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş müsabiqənin nəticələri açıqlanıb. Bildirilib ki, müsabiqəyə təqdim edilmiş işlər AMEA-nın müxbir üzvü İbrahim Əzizovun sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən, Səmra Mirzəyeva Fəxri fərmana, Aytən Ağayeva 1-ci, Fidan Hüseynova və Elnarə Sadıqova 2-ci, Nərgiz Bayramova, Aygün Sadıqova və Səidə Zülfüqarova 3-cü yerə layiq görülüblər. Həmçinin Pərvin Səfərova, Zərintac Rüstəmova və Günay İsmayılova həvəsləndirici mükafata layiq görülüblər. Sonda xatirə şəkli çəkdirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.