12 aprel 2023-cü il tarixində böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyi qeyd olunur. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan peşəkar milli teatrının 150 illiyi qeyd olundu və yazıçı-publisist Reyhan Mirzəzadənin A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi “Bəşəriyyətə şölə saçan teatr günəşi” adlı kitabının təqdimatı keçirildi.
Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsinin qarşısına tər çiçəklər qoydular. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin və Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyinin tamam olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmış, cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərmişdir. O, Ulu Öndərin və Azərbaycan Respublikası Prezidentinin teatrlara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev teatra çox böyük önəm verirdi, teatr xadimlərinin əməyini, onların xidmətlərini yüksək dəyərləndirirdi. Ulu Öndər çıxışlarında qeyd edirdi: “Mən mədəniyyəti, teatrı çox sevdiyimə görə istəyirəm ki, mədəniyyətimizin bütün sahələri o cümlədən milli teatrımız yaşasın. Teatr yaşayır və yaşayacaqdır. Teatrı heç nə əvəz edə bilməz. Heç nə. Ona görə ki, teatrda insan canlı adamlarla bilavasitə ünsiyyətdə olur”. Daha sonra o qeyd etdi ki, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin 3 fevral tarixində müvafiq Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan teatrının keçdiyi şərəfli yola nəzər salınır. O vurğuladı ki, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanmışdır. Ötən əsrin əvvəllərində böyük ədibimiz Mirzə Cəlil qeyd etmişdir ki, Azərbaycan teatrını inkişaf etdirmək üçün Rusiyanın Qoqol və Ostrovskilərindən, Azərbaycanın Mirzə Fətəli Axundovundan öyrənmək lazımdır. Lətifə Məmmədova tədbir iştirakçılarına Reyhan Mirzəzadənin yaradıcılığı haqqında qısa məlumat verdi və qeyd etdi ki, Reyhan xanım Mirzəzadə uzun illərdir ki, oxuculara çox maraqlı kitab və məqalələr təqdim edir. Onun “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” kitabı, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabı əldən-ələ gəzibdir. Reyhan xanımın çoxsaylı qəzet məqalələri də oxucuların marağına səbəb olmuşdur. Daha sonra o, rus ədiblərinə həsr olunmuş bir çox kitablar yazmışdır. Bugünki kitab Aleksandr Nikolayeviç Ostrovskiyə həsr olunub. O qeyd etdi ki, A.N.Ostrovski rus ədəbiyyatında bütün həyatını dramaturgiyaya həsr edən yeganə yazıçıdır və o, rus milli realist teatrının, dramaturgiyasının yaradıcılarından biridir. L.Məmmədova “Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının işıq üzü görməsində göstərdiyi maddi və mənəvi dəstəyə görə Rusiya Federasiyası Kaluqa vilayətinin iş adamı, deputat Balaxan Səfər oğlu Səfərova minnətdarlığını bildirdi.
“Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının redaktoru, yazıçı-publisist Zöhrə Əsgərova Reyhan Mirzəzadənin püxtələşmiş yazıçı-publisist, bir çox kitabların müəllifi olduğunu qeyd etdi. O bildirdi ki, R.Mirzəzadə rus ədəbiyyatını qüdrətli sənətkarları – A.S.Puşkin, M.Y.Lermontov, İ.A.Krılov, N.V.Qoqol, V.A.Jukovski, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, N.Q.Çernışevski, A.P.Çexov, M.Qorki, V.V.Mayakovski, A.Axmatova və b. yaradıcılığını, fəlsəfi baxışlarını, vətəndaş mövqelərini dərindən öyrənmiş və oxuculara təqdim etmişdir. Z.Əsgərova qeyd etdi ki, R.Mirzəzadə dahilərlə danışan yazıçıdır. Daha sonra o vurğuladı ki, teatr kütləni xalqa çevirir və rus ədəbiyyatının teatra göstərdiyini təsirdən danışdı. R.Mirzəzadənin növbəti kitabı böyük rus dramaturqu A.N.Ostrovskiyə həsr edilib. Müəllif qeyd edir ki, A.N.Ostrovskinin dramlarında XIX əsrin ictimai-siyasi mənzərəsi, cəmiyyətin daxilində ziddiyyətlər, məişət probləmləri qabarıq təsvir edilmişdir. Bu kitab rus teatrının çətin, mübarizəli yollarından bəhs edir.
Kitabın redaktoru Zöhrə Əsgərova rus ədəbiyyatının zənginliyindən, teatra təsirindən və oxuculara verdiyi töhfələrdən danışaraq, bundan bəhrələnməyi tövsiyə etdi. Z.Əsgərova Ostrovskinin dərin insan olduğunu, qadın psixologiyasını dərindən bildiyini və onun “Qarqızı” əsərindən də danışdı. O, A.N.Ostrovskinin əsərlərinin emosiyalallığından danışdı. Z.Əsgərova Ostrovskinin Bakıya gəlməsini və onun Bakı gündəliyini xüsusi vurğuladı. Kitabda qeyd olunur ki, Ostrovski təkcə dramaturgiya ilə məşğul olmamış, Avropa müəlliflərinin bir çox əsərlərini də rus dilinə tərcümə etmişdir. Z.Əsgərova yazıçı Reyhan Mirzəzadəni “sülh göyərçini” adlandırdı.
Z.Əsgərova A.N.Ostrovskinin “Tufan” dramından Katerinanın sözləri ilə çıxışını bitirdi. «Я говорю, отчего люди не летают так, как птицы. Знаешь мне иногда кажется, что я птица. Когда стоишь на горе, так теб и тянет лететь. Вот так бы разбежалась, подняла руки и полетела».
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Azərbaycanın xalq artisti N.Şarovskaya qeyd etdi ki, onların teatrı 103-cü mövsümdür ki, fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyev bizim teatra çox böyük qayğı və diqqətlə yanaşırdı. O, teatrı çox sevirdi və tez-tez bizim teatrın qonağı olurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim teatrın yenidən qurulmasına dair göstəriş verdi, biz ona minnətdarıq. Mən hazırlanan videoçarxı izlədim və çox təsirləndim. Videoçarxda digər aktyorlarla yanaşı mən öz ustadımı, müəllimimi Mehdi Məmmədovu gördüm. Mən onun sevimli şagirdi olmuşdum. N.Şarovskaya Ostrovskini ən aktyor dramaturq adlandırdı və qeyd etdi ki, onun əsərlərini səhnədə oynamaq çox maraqlıdır. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində A.N.Ostrovskinin oynanılan əsərlərinin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra o, A.N.Ostrovskinin “Krasaves mujçina” əsərindən Zoyanın monoloqunu söylədi.
Millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə N.Şarovskayaya monoloqa görə minnətdarlığını bildirdi və qeyd etdi ki, özünü teatr salonunda hiss etdi. Daha sonra A.Mirzəzadə vurğuladı ki, yazıçı R.Mirzəzadə rus ədəbiyyatının tədqiqatçılarında biridir. Onun yazdığı kitablar böyük maraqla oxunur. O rus ədəbiyyatının gözəl bilicisidir. Rus xalqı bəşəriyyətə A.S.Puşkini, M.Y.Lermontovu, İ.Brodskini, A.Axmatovanı və başqa dahiləri bəxş etmişdir, rus cəmiyyəti dahilər yetişdirmişdir. Daha sonra A.Mirzəzadə qeyd etdi ki, R.Mirzəzadə Azərbaycan və Rusiya arasında dostluq körpülərini möhkəmləndirir. Biz yaxşı qonşularıq, aramızda fikir ayrılığı yoxdur, biz bütün problemlərin həlli yolunu tapırıq. Ümummili Liderimiz H.Əliyevin hakimiyyətdə olan birinci dövründə 13 il ərzində 6 universitet, 600-dən çox orta məktəb açılmışdır. Məhz həmin dövrdə respublikamızda M.F.Axundov adına Rus Dili və Ədəbiyyat Pedoqoji İnstitutu açılmışdır. Bu gün ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti hamımızı sevindirir. A.Mirzəzadə daha sonra dedi ki, Rusiyadakı Levado cəmiyyəti ictimai fikri öyrənir, keçən ilin məlumatına görə rusiyalılar Azərbaycanı beşinci yerdə qeyd etmişdilər. O təklif etdi ki, R.Mirzəzadəni Rusiyada təsis edilmiş A.S.Puşkin adına medalı ilə təltif etmək üçün Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən vəsatət qaldırılması düzgün olardı.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev çıxış edərək bildirdi ki, R.Mirzəzadənin kitablarının arxasında bir ömür dayanıb. O, R.Mirzəzadənin kitabları ilə tanış olduğunu bildirdi və R.Mirzəzadəyə həmişə xalqa, dövlətə, məmləkətə lazım olmağını arzu etdi. M.Yevdayev R.Mirzəzadənin böyük sevgi ilə özünü bu işə həsr etdiyini və rus xalqının dahilərinin xalqlarımız üçün böyük körpü olduğunu diqqətə çatdırdı. Azərbaycanda dini və mədəni müxtəliflik, multikulturalizm haqqında söhbət açaraq vurğuladı ki, Azərbaycan bu baxımdan dünyada yeganə ölkədir, Azərbaycan bizim tarixi Vətənimizdir. M.Yevdayev çıxışında maraqlı şeirlər söylədi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev R.Mirzəzadəyə yazdığı əsərlə bağlı təşəkkürünü bildirdi. O, Ostrovskinin əsərlərində insana verdiyi dəyərdən və insan amilinə verdiyi üstünlükdən danışdı. N.Vəliyev Katerina obrazını qadınların Hamleti adlandırdı.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxışında R.Mirzəzadənin “Bəşəriyyətə şölə saçan teatr günəşi” monoqrafiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileylərinə bir töhfə olduğunu bildirdi. Dramaturgiya teatrın inkişafında böyük rol oynayır və bu baxımdan Ostrovskinin əsərləri əbədiyaşardır. S.Mikayılova Azərbaycan yazıçılarının rus ədəbiyyatının araşdırmasına verdiyi töhfələrdən danışdı. O, bu məsələyə toxunaraq R.Mirzəzadəyə bu cür tədqiqat əsərlərini daha çox yazmağı arzuladı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı yazıçı-publisist Reyhan Mirzəzadəni yazdığı yeni kitabla əlaqədar təbrik etdi. O, bu ilin yubileylər ili olduğunu, həmin yubileylər sırasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 95 illik yubileyi olduğunu da qeyd etdi. O, Ostrovskinin əsərlərinin teatr səhnələrində uzun illərdir tamaşaya qoyulduğunu söylədi. Ə.Muradxanlı Ostrovskinin Bakı səfərini xüsusi vurğuladı. O, bir çox ölkələrin müəlliflərinin əsərlərinin Azərbaycan teatr səhnələrində tamaşaya qoyulmasında fərəhləndiyini bildirdi. Sonda qeyd etdi ki, teatr yaşadıqca, Ostrovskinin əsərləri yaşayacaq.
Azərbaycan Dövlət Akademik DramTeatrının ədəbi-dram hissəsinin rəhbəri Çingiz Ələsgərli yazıçı-publisist Reyhan Mirzəzadənin “Bəşəriyyətə şölə saçan teatr günəşi” əsərinin oxucuya təsiri haqqında danışdı. O, Ostrovskinin aktyor dramaturq olduğunu və Ostrovskinin ömrü boyu aktyorlar üçün əsərlər yazdığını qeyd etdi. Ostrovskinin əsərlərindəki xarakterlərin açılmasında bir usta olduğunu vurğuladı. Ç.Ələsgərli Ostrovskinin dram əsərlərində günün aktual məsələlərinə toxunduğunu söylədi, ölkəmizdə rus ədəbiyyatına olan maraqdan danışdı.
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov çıxışında qeyd etdi ki, ondan əvvəlki çıxışlarda rus ədəbiyyatının və A.N.Ostrovskinin ünvanına gözəl sözlər deyildi. A.N.Ostrovskinin əsərlərində rus cəmiyyətinin psixologiyası, nailiyyətləri və çatışmazlıqları açıqlanır. Bu əsərlər indi də aktualdır. Çox qürurverici haldır ki, A.N.Ostrovskinin əsərləri Azərbaycan teatr səhnələrində oynanılır, onun yaradıcılığı tədqiq olunur. R.Mirzəzadənin kitabları tələbələr və rus mədəniyyəti ilə maraqlanan hər kəs üçün gözəl vəsaitdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova Ostrovski yaradıcılığının möhtəşəmliyindən danışdı və qeyd etdi ki, musiqili teatrda Ostrovskinin “Ceyizsiz qız” pyesinin adaptasiya olunmuş variantı 30 aprel tarixində teatrda göstəriləcək. İ.Gözəlova Ostrovskinin əsərlərində qadın məsələsinin aktuallığından danışdı.
Kitabın müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadə çıxış edərək qeyd etdi ki, Azərbaycanda peşəkar milli teatrın yaranmasının 150 illik yubileyi böyük tarixi hadisədir. O bildirdi ki, rus ədəbiyyatı, mədəniyyəti və teatr sənəti tarixinə qüdrətli söz ustadı, yüksək bəşəri ideyaların carçısı kimi daxil olan A.N.Ostrovskinin həyatı və zəngin yaradıcılığı həm öz xalqına, həm də bəşəriyyətə sədaqətlə xidmətin əvəzolunmaz nümunəsidir. O, dramaturqun yaradıcılığının bütün ruhu, zehni, qəlbi, mənəviyyatı ilə sevimli rus xalqının həyatına bağlı olduğunu vurğuladı. R.Mirzəzadə Ostrovskinin bütün ömrü, yaradıcılığı boyu yanar ürəklə bərabər, yanar zəkanı da tərənnüm etdiyini, Ostrovskinin zəngin məfkurəsi, qiymətli irsi ilə bəşəriyyətin qəlbinə köçdüyünü qeyd etdi. Müəllif dramaturqun Bakı səfərindən də tədbir iştirakçılarına məlumat verdi. R.Mirzəzadə çıxışında qələmə aldığı əsərlərin gənc nəsilə ötürülməsinin vacibliyini qeyd etdi. Daha sonra müəllif rus teatrının möhtəşəmliyi haqqında H.b.Zərdabi və N.Vəzirovun fikirlərini tədbir iştirakçılarına çatdırdı. O, A.N.Ostrovskini dünyanın sərvəti adlandırdı. Müəllif Ostrovskinin əsərlərinin dilindən söhbət açaraq qeyd etdi ki, Ostrovskinin əsərlərində realizmin güclü olduğu üçün sadə xalqın dilinə daha yaxındır. Müəllif kitabın işıq üzü görməsində göstərdiyi dəstəyə görə Balaxan Səfər oğlu Səfərova dərin minnətdarlığını bildirdi.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kurs magistr tələbəsi Mirzə Səfərovun ifasında A.N.Ostrovskinin “Tufan” əsərindən Tixonun monoloqu böyük maraqla qarşılandı.
Tədbirdə Azərbaycan peşəkar milli teatrın 150 illik yubileyinə və A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarxlar nümayiş olundu.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Tomris Hacıyeva, Kəmaləddin Bəhzad adına Özbəkistan Milli Rəsm və Dizayn İnstitutunun nümayəndələri, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları və b. iştirak etdilər.
"Vışka" qəzeti,
Gülnar Allahverdiyeva,
Yasamal rayon MKS-inin sistem inzibatçısı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.