2010-cu ildə yaradılan və 2014-cü ildən beynəlxalq təşkilat statusu qazanmış Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında inteqrasiya prosesində məsul qurumlardan biridir. 11 noyabr 2022-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Beynəlxalq Türk Akademiyasının prezidenti seçilmiş akademik Şahin Mustafayev qurumda hazırkı görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verib.
Müsahibəni təqdim edirik:
- Şahin müəllim, 3 aydan çox müddətdir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti kimi fəaliyyət göstərirsiniz. Keçən üç aylıq müddəti necə qiymətləndirirsiniz?
- Geridə qalan 3 aylıq müddəti Akademiyadakı işlərin təhvil-təslimi, üzv ölkələrin birgə çalışacağımız yüksək vəzifəli şəxsləri və Akademiyanın əməkdaşlıq etdiyi elmi qurumların rəhbər və kollektivləri ilə tanışlıq, yeni mühitə uyğunlaşmaq, ən əsası isə, növbəti 4 illik müddətə hazırlıq dövrü kimi qiymətləndirərdim.
Bu üç aylıq müddətin böyük hissəsini həmkarlarımla birlikdə 2023-cü ildə həyata keçirəcəyimiz elmi araşdırmaların, arxeoloji qazıntıların və müxtəlif tədbirlərin layihələndirilməsinə, planlaşdırılmasına sərf etdik.
- Yaxın illərdə Akademiya tərəfindən hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?
- Beynəlxalq Türk Akademiyası elmi layihələrini təşkilatın təsis sənədlərində qeyd olunan məqsədlər, türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin yekun bəyannamələrində Akademiyaya verilən tapşırıqlar əsasında və “Türk Dünyası 2040 vizyonu” adlı sənədin qoyduğu strateji hədəflər istiqamətində həyata keçirir. Bu fəaliyyət dilçilik, tarix, arxeologiya, etnoqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə edir. 2023-cü il və yaxın gələcəkdə həyata keçirilməsini nəzərdə tutduğumuz başlıca layihələri qısa şəkildə belə sadalaya bilərəm:
İlk növbədə, qardaş xalqlarımızın dil sahəsində yaxınlaşması prioritet məsələlərdən olduğu üçün bu il ortaq terminologiyanın yaradılması istiqamətində müasir türk dillərində işlənən terminlərinin müqayisəli lüğətlərini hazırlayıb nəşr etməyi planlaşdırırıq. Fikrimizcə bu da, türk dünyasında istifadə olunan terminlərin bir araya gətirilərək ortaq istilahları müəyyən etməyə və müxtəlif sahələrdə terminlər birliyininin formalaşmasına töhfə verə bilər.
Termin birliyinin təmin edilməsi ilə qarşılıqlı əlaqə və anlaşma səviyyəsi daha da artacaq. Digər tərəfdən ortaq türk terminologiyasının formalaşması həm də türk elmi dilinin inkişafına təkan verəcəkdir. Çünki, elmi dilin bünövrəsini də nəticədə terminlər təşkil edir.
Qeyd edim ki, nəzərdə tutulan layihələrin böyük əksəriyyəti qardaş türk ölkələrinin akademik elmi qurumları ilə sıx əməkdaşlıq şəraitində, hər ölkədən olan tanınmış mütəxəssislərin iştirakı ilə gerçəkləşdiriləcək.
Başqa bir layihəmiz “Avrasiyanın türkdilli toponimləri” layihəsidir. Bu layihənin məqsədi Avrasiya adlı geniş coğrafi məkanda türkköklü yer adlarını bir araya toplamaqla onların ümumi tarixi və linqvistik xüsusiyyətlərini araşdırmaq, qədim zamanlardan bəri davam edən türk dünyasının bütünlüyünü toponimlər vasitəsilə aşkara çıxarmaqdır. Çünki, toponimlərimiz dünyanın bir çox yerində tarixi varlığımızın önəmli göstəricisidir.
2023-cü ildə həyata keçirəcəyimiz digər layihə isə “Türk dünyasının müqəddəs yerləri” adlanır. Bu layihə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün Yekun Bəyannaməsində əks olunmuş təlimatların icrası istiqamətində aparılır.
Türk dövlətlərinin inteqrasiya prosesi baxımından türk coğrafiyasında tarixi-mədəni irs abidələrinə, onların hazırkı vəziyyətinə marağın artması tamamilə təbiidir. Hər bir türk xalqı üçün müqəddəs olan məkanlar var və bu məkanlar milli kimliyi müəyyənləşdirən ünsürlər arasında yer almaqdadır. Bu məqam türk dünyasının “müqəddəs coğrafiyası”nın dərindən tədqiq olunmasını zəruri edir. Məqsədimiz türk dünyası üçün əhəmiyyətli olan müqəddəs yerləri özündə əks etdirən Atlası hazırlamaq və qardaş xalqlarımızın tarixi bağlarını bir daha ortaya çıxarmaqdır.
Digər mühüm layihəmiz XIX-XX əsrin əvvəllərində türk maarifçi mütəfəkkirləri ilə bağlı bioqrafik toplunun hazırlanmasıdır. Heç şübhəsiz, bu dövrdə yaşamış türk dünyasının böyük ziyalılarının yaradıcılığının xaqlarımızın maariflənməsində, onların milli kimliyinin formalaşmasında, müasir mədəniyyət, ədəbiyyat və publisistikanın inkişafında müstəsna rolu olmuşdur. Məqsəd türk maarifçilik hərəkatının tarixində mühüm rol oynamış mütəfəkkirlər haqqında bioqrafik məlumatlar vermək, onların ideyaları və xidmətləri barədə bilgiləri ümumiləşdirməklə yanaşı, bu görkəmli şəxsiyyətlərin bir-biri ilə əməkdaşlıq və qarşılıqlı əlaqəsini bir daha tədqiq etməkdir.
Bu günə kimi türk xalqlarının maarifçilik hərəkatları ilə bağlı bir çox ciddi tədqiqatlar aparılsa da, türk dünyası ziyalılarını bütöv halda əhatə edən əsərlər azlıq təşkil edir. Ümid edirik ki, qeyd edilən layihə böyük ziyalılarımızın bütün türk dünyasına daha dolğun şəkildə tanıdılmaları üçün faydalı olacaqdır. Əsas məqsədimiz türk xalqlarının ortaq hafizəsindən qəsdən silinmiş tarixi təcrübəni yada salmaq, bununla bağlı dəyərləri yenidən canlandırmaqdır.
“Avrasiyada əski türk bədizləri (daş heykəlləri) kataloqu” adlanan daha bir layihəmiz isə Monqolustandan Şərqi Avropaya qədər uzanan geniş coğrafiyada qədim türklərin maddi-mədəniyyətinin mühüm bir parçası olan daşdan hazırlanmış insan heykəllərini araşdırmağı nəzərdə tutur. VI-XIV əsrləri əhatə edən bədizlər üzərində aparılacaq bu araşdırmanın türklərin tarixi yaşayış məskənləri haqqında əlavə məlumat verməklə türk xalqlarının ortaq tarixindəki boşluqların doldurmasına töhfə verəcəyinə inanırıq.
Bu layihə ilə yanaşı, bir müddət əvvəl başlayan “Türk dünyasının 100 məşhur şəxsiyyəti” başlıqlı layihəmizin icrası da davam etdiriləcək. Yuxarıda sadalananlardan əlavə, türk xalqlarının ortaq tarixi və mədəniyyəti ilə bağlı bir sıra digər tədqiqat layihələrimiz də nəzərdə tutulur.
- Akademiyanın arxeoloji tədqiqatları xüsusi maraq doğuran sahələrdəndir. Bir qədər də bu barədə məlumat verməyinizi istərdik.
- Arxeoloji qazıntılar asan olmayan və xeyli məsrəf tələb edən sahədir. Həmçinin müəyyən dərəcədə risk almağı tələb edən bir işdir. Çünki cəhdlərinizin nəticə verib-verməyəcəyini bilmirsiniz. Buna baxmayaraq, 2022-ci il Akademiyanın arxeoloji tədqiqatları baxımından uğurlu bir il olmuşdur. Monqolustanın Nomqon vadisində Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində qədim türk dövrünə aid məqbərə kompleksi və kitabənin yuxarı hissəsi aşkar olunmuşdur. Təbii ki, tapılan yazının qalan bünövrə hissəsini də aşkara çıxarmaq üçün bu il Nomqonda qazıntı işlərimizi davam etdirmək niyyətindəyik.
Bundan başqa, bu il Sırdərya hövzəsindəki qədim oğuz şəhərlərində araşdırma aparmaq fikrimiz var. Hazırda bu işlərə hazırlıq mərhələsindəyik.
- Beynəlxalq Türk Akdemiyasında bu il layihələrdən əlavə daha hansı yeniliklərin tətbiq edilməsi planlaşdırılır?
- Əvvəlcə qeyd edim ki, Akademiyanın dil və tarix sahələri üzrə fəaliyyətləri davam etdiriləcək. Ancaq bu il qeyd olunanalardan əlavə, iqtisadiyyat, siyasi elmlər və hüquq sahəsində də tədqiqatlara diqqət yetirmək niyyətindəyik. Akademiyada indiyədək sahələrlə bağlı elmi araşdırmalar aparılmamışdır. Halbuki “Türk dünyası 2040 vizyonu” adlı sənəddə siyasi və iqtisadi inteqrasiya üçün mühüm hədəflər müəyyən edilib. Ümumiyyətlə, iqtisadi və siyasi münasibətlərin inteqrasiya proseslərinin lokomotivi olduğu məlumdur. Bu səbəbdən Beynəlxalq Türk Akademiyası olaraq prosesə öz töhfəmizi verməyi düşünürük.
Bu çərçivədə Beynəlxalq Türk Akademiyası artıq Türk Dövlətləri Təşkilatı Katibliyi ilə birlikdə “Türk dünyasında iqtisadi əməkdaşlıq və inteqrasiya” adlı proqramın icrasına başlamışdır. Məqsəd Türk ölkələrinin iqtisadi siyasətini araşdıran rəsmi tədqiqat mərkəzləri arasında sistemli əməkdaşlıq platforması yaratmaq və onların birgə fəaliyyətlərini təşviq etməkdir. İlk addım olaraq 17-18 fevral 2023-cü il tarixlərində Astanada iki gün ərzində davam edən “Türk dünyasında iqtisadi əməkdaşlıq və inteqrasiya” mövzusunda iqtisadi siyasət sahəsi üzrə rəsmi araşdırma mərkəzlərinin seminarı təşkil olunmuşdur. Toplantıda türk dövlətlərinin iqtisadi siyasəti sahəsində fəaliyyət göstərən rəsmi mərkəzlərin ortaq şəbəkəsinin yaradılması və müştərək tədqiqatların aparılması barədə qərar qəbul edimişdir. Bu təcrübəni yuxarıda qeyd olunan digər sahələrə də yaymaq fikrindəyik.
Akademiyanın dilçilik ilə bağlı işləri də davam etdiriləcək. TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun da birgə təşkilatçılığı ilə bu il Bişkekdə “Beynəlxalq Türk Dili Forumu” keçiriləcək.
Bununla yanaşı, yeni dövrdə türk dövlətlərinin elmi qurumları arasında ortaq platformaların yaradılması məsələsinə də xüsusi diqqət yetirəcəyik. Bu baxımdan Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2015-ci ildə yaradılan Türk Dünyası Akademiyalar Birliyinin əhəmiyyətli bir qurum olduğunu hesab edirik. Bu platformanın işini canlandırmaq istiqamətində səylərimizi artıracağıq. Bu məqsədlə görüləcək işlərdən biri də cari ildə Birliyin toplantısının təşkilidir. Biz Birliyin təkcə humanitar elmlər sahəsində deyil, həm də dəqiq elmlər və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirməsini zəruri hesab edirik. Bu görüşdə önəmli qərarlar qəbul edərək türk dünyasında elmi əməkdaşlığı sürətləndirmək niyyətindəyik.
Bu il üçün planlaşdırdığımız digər mühüm bir tədbirimiz Şuşada keçiriləcək. Bildiyiniz kimi, bu il Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Eyni zamanda, bu il Vilhelm Tomsen tərəfindən qədim türk əlifbasının oxunmasının 130-cu ildönümüdür. Biz bu yubileyin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında qeyd olunmasını əlamətdar hesab edirik. Bu tədbiri üzv ölkələrin UNESCO Milli Komissiyaları ilə birlikdə təşkil edəcəyik. Beləliklə, bu konfrans UNESCO tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi təşəbbüsünə Akademiyanın dəstəyi hesab oluna bilər.
2023-cü ilin payızında türk xalqlarının ortaq tarixinə həsr olunan daha bir beynəlxalq konqresin keçirilməsini də planlaşdırırıq. Bu tədbir sırasında qədim dövr və orta əsrlərdə türk dövlətçilik tarixi, tariximizin dövrləşmə problemləri, tariximizdə şəhər mədəniyyəti və köçərilik komponentləri və digər mühüm elmi məsələlər müzakirə ediləcək.
2023-cü il bütün türk dünyası üçün mühüm olan yubileylər və tarixlər ilə əlamətdar bir ildir. Onların arasında Əbureyhan Biruninin anadan olmasının 1050 illiyi, Sultan Bəybarsın 800 illiyi, Ağqoyunlu Uzun Həsənin 600 illiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Respublikasının quruluşunun 100 illiyininin keçirilməsini qeyd etmək yerinə düşər. Beynəlxalq Türk Akademiyası tərəfindən bu özəl tarixlərlə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır.
- Akademiyanın üzv və müşahidəçi ölkələrlə əlaqələri hansı səviyyədədir?
- Akademiya indiyədək onun təsisçi üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə sıx əməkdaşlıq edib. Bundan əlavə, müşahidəçi üzvümüz Macarıstanla birgə tədbirlər təşkil olunub. Ötən il Özbəkistan da Akademiyada müşahidəçi üzv statusu alıb.
2022-ci il noyabrın 11-də Akademiyanın prezidenti vəzifəsinə seçildikdən sonra adıçəkilən üzv və müşahidəçi ölkələrə ziyarətlərim həyata keçirilmişdir. Bu ölkələrdə istər rəsmi şəxslər, istərsə də bir sıra müvafiq elmi müəssisələrin başçıları və əməkdaşları ilə görüşlər keçirdim. Görüşlər əsnasında Türk Akademiyasının gələcək fəaliyyət planları, cari layihələrin icrası və Akademiyanın üzv və müşahidəçi ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq imkanları müzakirə edildi. Təbii ki, bu əlaqələri bundan sonra da davam etdirməyi və möhkəmləndirməyi düşünürük.
Eyni zamanda, Beynəlxalq Türk Akademiyasının həm Türk əməkdaşlıq təşkilatları ilə, həm də digər beynəlxalq qurumlarla münasibətlərinə önəm veririk.
Məsələn, 12-13 dekabr 2022-ci il tarixlərində Macarıstana səfərimiz oldu. Səfərin məqsədi Macarıstanın Turan Fondu ilə əlaqələrin möhkəmləndirilməsi və bu Fondun Türk Akademiyası ilə birgə təşkil etdiyi “Daşda oyulmuş ortaq irsimiz” mövzusunda sərginin açılış mərasimində iştirak etmək idi. Sərgi 2022-ci ildə Monqolustanda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən qədim türk dövrünə aid abidə kompleksi və kitabəsinə həsr olunmuşdu.
Əslində Akademiyanın bu kəşfi təkcə türk xalqlarını deyil, macar alimlərini və türkoloqlarını da xeyli təsirləndirmişdi. Onlar qədim türk yazısı ilə qədim macar runik yazısının ortaqlığını əks etdirən tədbir keçirməyi təklif etmişdilər. Biz bu tədbiri Macarıstan Turan Fondu ilə Budapeştdə Təbiət Tarixi Muzeyində təşkil etdik.
Türk Dövlətləri Təşkilatının Budapeşt Nümayəndəliyinin direktoru səfir Yanoş Hovari bu münasibətlə ayrıca rəsmi tədbir təşkil etdi. Tədbir çərçivəsində Macarıstan alimləri və dövlət xadimləri ilə görüşmək, birgə layihələri müzakirə etmək imkanımız oldu. Gələcəkdə də Macarıstanla sıx əməkdaşlığı davam etdirməyi düşünürük. Macarıstan xüsusilə türk dünyasının Avropaya açılması baxımından öməmli rol oynayır.
Yanvar ayı həm də ikitərəfli əməkdaşlıqlar baxımından məhsuldar oldu. Belə ki, 16-20 yanvar tarixlərində TDT Katibliyi tərəfindən təşkil edilən Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə oldum. Bu səfər çərçivəsində Ankara və İstanbulda Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə görüşlərim baş tutdu.
Ankara səfərim çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, milli təhsil naziri Mahmut Özer və mədəniyyət naziri Mehmet Nuri Erolun qəbulunda oldum. Bu görüşlərdə Akademiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərimizi bölüşdük.
Həmçinin Türk Dil Qurumunun (TDK) sədri Gürer Gülsevin, Türk Tarix Qurumunun (TTK) sədri Birol Çetin, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalar, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Qurumunun (YTB) rəhbəri Abdullah Eren, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Muzaffer Şeker, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri Hasan Mandal, UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Ankara Hacı Bayram Vəli Universitetinin rektoru Yusuf Tekin və digər şəxslərlə görüşlərim oldu.
Mart ayında isə Özbəkistan və Qırğızıstana səfərimiz planlaşdırılır. Səfər çərçivəsində bu ölkələrin yüksək vəzifəli şəxsləri və elmi qurumların rəhbərləri ilə görüşlər nəzərdə tutulur. Ən önəmli tədbirimiz Türk Akademiyası Elmi Şurasının 6-cı iclası olacaq. Bişkek şəhərində keçiriləcək bu iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin elm və təhsil nazirlərinin iştirakı gözlənilir.
- Şahin müəllim, istərdik Akademiyanın yerləşdiyi ölkə – Qazaxıstanda da bu ökənin yüksək vəzifəli şəxsləri və elmi dairələri ilə münasibətlərdən bəhs edəsiniz.
- Sualınıza cavab verməzdən əvvəl qeyd etmək istəyirəm ki, Qazaxıstan tərəfi Akademiyanın beynəlxalq təşkilat kimi tanınmasına böyük töhfə verib. Akademiyanın beynəlxalq aləmdə tanınması və beynəlxalq təşkilat statusu əldə etməsində Akademiyanın keçmiş prezidenti, Darxan Kıdıralinin əməyini xüsusi qeyd etmək lazımdır. Ona görə də biz qardaş Qazaxıstanın hakimiyyət strukturları, elm adamları və akademik təşkilatları ilə əməkdaşlığın qurulmasına böyük əhəmiyyət veririk.
Cari ilin yanvar ayında Qazaxıstan hakimiyyət nümayəndələri ilə sıx təmaslarımız oldu. 25 yanvar 2023-cü il tarixində Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ilə görüşdüm. Görüş zamanı türk dünyasının elm sahəsində əməkdaşlıq məsələlərini və Türk Akademiyasına üzv ölkələrin təhsil və elm nazirlərinin iştirakı ilə Bişkekdə keçiriləcək Elmi Şuranın növbəti iclasının gündəliyini müzakirə etdik. Qardaş ölkələrin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu baxımdan Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin böyük potensialı olduğuna diqqət çəkdim. Qazaxıstan alimlərinin humanitar elmlər sahəsində layihələrdə fəal iştirak edəcəklərinə dair əminliyimi dilə gətirdim.
Yanvar ayının 26-da Qazaxıstan Respublikasının təhsil naziri Qani Beysembayevlə görüşümüz oldu. Görüş zamanı türk dünyasında orta təhsil sistemində əməkdaşlıq məsələlərini müzakirə etdik və təhsil prosesində mühüm tendensiyalar ətrafında fikir mübadiləsi apardıq. Ötən il Astanada keçirilən 5-ci iclasda qəbul edilən “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” dərsliklərinin orta təhsil kurikulumuna daxil edilməsi ilə bağlı Elmi Şuranın baxışlarını müzakirə etdik.
Yanvar ayının sonu və fevralın əvvəlində Qazaxıstanın “cənub paytaxtı” Almatıya səfərim oldu. Səfər çərçivəsində Əhməd Baytursiniuli adına Dilçilik İnstitutunun direktoru Anar Fazilcan, “Mədəniyyətlərin Yaxınlaşması” Beynəlxalq Mərkəzinin direktor müavini Saltanat Aşımova, Çokan Vəlixanov adına Tarix İnstitutunun direktoru Ziyabek Kabilinov, tanınmış alim Bolat Kumekov, Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunun direktoru Düken Məsimxanulı, UNESCO-nun Mərkəzi Asiya Klaster Bürosunun direktoru Maqnus Maqnusson, Alkey Marğulan adına Arxeologiya İnstitunun direktoru Akan Onqarulı və Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Kencehan Matıcanov ilə görüşlərim oldu. Bu görüşlərdə biz birgə layihələrlə bağlı məsələlərə dair müzakirələr apardıq.
- Məlumdur ki, Türk Akademiyası türk dövlətləri arasında inteqrasiyaya məsul olan qurumlardan biridir. Bu kontekstdə Akademiyanın digər türk əməkdaşlıq təşkilatları ilə əlaqələri hansı səviyyədədir?
- Hazırda türk dövlət başçıları və nazirləri tərəfindən yaradılmış beş qurum mövcuddur. Bunlar baş ofisi İstanbulda yerləşən Türk Dövlətlər Təşkilatının (TDT) Katibliyi, baş ofisi Ankarada yerləşən TÜRKSOY, baş ofisi Bakıda yerləşən TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu, mərkəzi qərərgahı Astanada yerləşən Türk Akademiyasıdır. Bu təşkilatların hər birinin məsul olduğu öz sahəsi vardır.
Bu çərçivədə Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda oldum və onun prezidenti Günay xanım Əfəndiyeva ilə görüşdüm. Türkiyəyə səfərim zamanı TÜRKSOY-da baş katib cənab Sultan Raev və qurumun kollektivi ilə görüşlər keçirdim. Həmçinin TDT-nin Baş katibi cənab Kubanıçbek Omuraliyevlə görüşümüz oldu. Bu arada dekabrda Astanada təşkil etdiyimiz “Mərkəzi Asiya Media Forumu”na gələn Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri Akademiyamızın qonağı oldular.
TDT Katibliyinin 20 yanvar 2023-cü il tarixində təşkil etdiyi Koordinasiya Toplantısı türk əməkdaşlıq təşkilatları arasındakı koordinasiyanın yaranması baxımından əhəmiyyətli olmuşdur. İclasda iştirak edən Türk Əməkdaşlıq Təşkilatının rəhbərləri 2022-ci il üçün hesabatlarını təqdim edərək, 2023-cü il üçün fəaliyyət planlarını bölüşmüşlər. Nəticədə qurumların birgə edə biləcəyi fəaliyyətlər müəyyən edilmişdir. Ona görə də ümid edirik ki, 2023-cü ildə Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkil etdiyi tədbirlərin sayı artacaq. Bu, həm türk dünyasına, həm də beynəlxalq ictimai rəyə təsir göstərəcəkdir.
- Beynəlxalq Türk Akademiyasının regional və beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etdiyini bilirik. Akademiyanın beynəlxalq təşkilatlarla əməkdaşlıq potensialı necədir? Qarşıdakı dövrdə hansı təşkilatlara üstünlük veriləcəkdir?
- Beynəlxalq Türk Akademiyası UNESCO, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA), İslam Əməkdaşlıq Təşkilatı (COMSTECH), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
14-16 dekabr 2022-ci il tarixlərində UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilən İltəriş Qutluq Kağan abidə kompleksi və kitabəsinin tanıtım proqramında iştirak etmək üçün Fransada səfərdə olmuşam. Beynəlxalq Türk Akademiyası bu tədbiri üzv ölkələrin UNESCO-nun Milli Komissiyaları ilə birgə təşkil edib. Bundan əlavə, üzv dövlətlərin Parisdəki daimi nümayəndəlikləri də dəstək verib.
Bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Məsələn, Ankara səfərim çərçivəsində 2023-cü il yanvarın 18-də UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuzla görüşdüm və yuxarıda qeyd etdiyim kimi, türk ölkələrinin UNESCO üzrə Milli Komissiyaları ilə birlikdə bu il Şuşa şəhərində qədim türk əlifbasını oxunmasının 130-cu ildönümü münasibəti ilə tədbir təşkil etmək barədə razılığa gəldik.
Yanvarın sonu və fevral ayının əvvəlində Almatıya səfərim çərçivəsində UNESCO-nun himayəsi altında Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzini və UNESCO-nun Mərkəzi Asiya Klaster Bürosunu ziyarət edərək səlahiyyətli şəxslərlə görüşdüm. Xüsusilə İpək Yolu Proqramı prioritet olmaqla UNESCO-nun proqramları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
IRCICA ilə də əməkdaşlığımızı davam etdiririk. 20 yanvar 2023-cü ildə IRCICA-nın İstanbuldakı qərargahını ziyarət edərək qurumun direktoru Mahmut Erol Kılıçla görüşmək fürsətim oldu. Görüşün nəticəsi olaraq IRCICA və Özbəkistandan olan tərəfdaşlarımızla birlikdə bu il UNESCO-da 1050 illik yubileyi qeyd olunan türk və islam dünyasının alimi Biruni ilə əlaqədar birgə tədbirimizi təşkil etmək qərarına gəldik.
- Son vaxtlar ortaq türk əlifbası mövzusu yenidən gündəmdədir. Türk Akademiyası bu məsələyə necə töhfə verəcək?
- Ortaq əlifba məsələsi bundan sonra da prioritetimiz olacaq. Türk Akademiyasının yaradılması haqqında Sazişin 2-ci maddəsində Akademiyanın məqsəd və vəzifələri sırasında “bütün türk dilləri üçün istifadə olunacaq uyğun əlifbanın hazırlanması” göstərilmişdir. Həmçinin Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə Toplantısında qəbul edilmiş “Türk dünyası 2040 vizyonu” sənədindəki TDT-yə üzv dövlətlər arasında daha yaxşı ünsiyyətin qurulması üçün əlifba və terminologiya sahəsində birliyin təmin edilməsinə xüsusi diqqət yetirilmişdir.
Qeyd edim ki, 26-27 sentyabr 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində “Türk dünyası ortaq əlifba seminarı” təşkil edilmişdir. Bu istiqamətdə bu il Türk Akademiyası nəzdində “Ortaq əlifba komissiyası” yaradılacaq və komissiyanın ilk iclası Bişkekdə Türk Dil Qurumu ilə əməkdaşlıq çərçivəsində, “Beynəlxalq Türk Dili Forum” proqramı üzrə keçiriləcəkdir.
Beynəlxalq Türk Akademiyasının bu işdəki roluna gəlincə, elmi qurum olaraq biz bu gün türk dövlətlərinin istifadə etdiyi əlifbaların yaxınlaşma prosesinin elmi əsasını formalaşdırmağa hazırıq.
Fikrimizcə, türk dillərinin latın əsaslı əlifbaları bu dillərin bir-birinə tədricən yaxınlaşmasını təmin etməli, həm də hər bir dilin xüsusiyyətlərini qorumaq prinsiplərinə əsaslanmalıdır.
Əlifba məsələsi nəticə etibarı ilə hər bir müstəqil dövlətin milli məsələsidir, bizim kimi elmi qurum da yalnız təklif vermək səlahiyyətinə malikdir. Ona görə bu məsələyə siyasi baxımdan deyil, elmi baxımdan yanaşmanın daha düzgün olduğunu hesab edirik.
- İlk dövrlərdə, yəni 2014-cü ildən etibarən Beynəlxalq Türk Akademiyasının 4 qurucu dövləti Akademiyaya üzv olub. Daha sonra 2018-ci ildə Macarıstan və 2022-ci ildə Özbəkistan müşahidəçi statusu ilə qoşulub. Gələcəkdə Akademiyaya üzv ölkələrin sayının artırılması nəzərdə tutulurmu?
- Akademiya elmi qurum olaraq türk dünyası anlayışına geniş şəkildə baxır. Dediyiniz kimi, türk dünyası ilə sıx tarixi əlaqələri olan Macarıstan da müşahidəçi statusuna malikdir. Ümid edirik ki, ötən ilin yayında müşahidəçi statusu almış Macarıstan və Özbəkistan gələcəkdə Akademiyanın tamhüquqlu üzvü olacaqlar.
Bizim əməkdaşlıq coğrafiyamız genişdir, Monqolustandan Pakistana qədər türk dünyası ilə sıx tarixi əlaqələri olan ölkələrin akademik qurumları ilə birgə fəaliyyətimiz, layihələrimiz var.
Üstəlik, biz dünyanın türkologiya mərkəzləri və alimləri ilə əməkdaşlıq edirik, bu mövzuda bütün dünyaya açıq bir qurumuq. Biz ABŞ, Avropa İttifaqı, Rusiya, Ukrayna, Çin, Hindistan, Yaponiya, Koreya və bir çox başqa ölkələrdəki həmkarlarımızla daim əlaqə saxlayırıq.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.