Elçin Mirzəbəyli:
“Meymun diplomatiyası”
«Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəmsə və danışmıramsa deməli ondan müdafiə olunmuşam».
Bu deyim Yaponiyanın Nikko şəhərindəki Tosyequ məbədinin üzərindəki oymalardan birinin – “üç meymun” rəmzinin atalar sözünə çevrilmiş yozumudur. Bu yozumla heç vaxt barışa bilməmişəm. Şəri görməmək, onun haqqında eşitməmək və ya danışmamaq səni şərdən qoruya bilməz. Şərə qarşı mübarizə aparmaq, özünlə yanaşı başqalarını da ondan qorumaq lazımdır.
Yox əgər sən şərin özünsənsə, o zaman görsəməsən də, eşitməsən də, hətta haqqında danışmasan da, bu heç nəyi dəyişməyəcək və şər olaraq qalacaqsan.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etməkdən müxtəlif bəhanələrlə yayınan, Ermənistanın və himayəçilərinin şər-böhtan kampaniyalarının, saxta məlumatlarının qarşılığında şərin qanlı, dağıdıcı izlərini və təbii ki, həqiqəti görmək istəməyən, mənə görə elə şərin, qaranlığın özüdür.
Ağdama 41 ölkə və 13 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi səfər edərək, haqqı yalandan, gerçəyi şər-bohtandan ayırmaq üçün Azərbaycanın təqdim etdiyi imkandan yararlandılar. İsveç, Kolumbiya, Macarıstan, Meksika, Braziliya, İsrail, Litva, İndoneziya, Liviya, Tacikistan, Gürcüstan, Yaponiya, Argentina, Slovakiya, Sudan, Xorvatiya, Latviya, Türkiyə, Böyük Britaniya, Rumıniya, Rusiya, Çin, Estoniya, Ukrayna, Pakistan, İtaliya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirliyi, Polşa, Mərakeş, Serbiya, Belçika, İsveçrə, İraq, ABŞ, İran, Qazaxıstan, Almaniya, Bolqarıstan, Çexiya, Qətər kimi ölkələrin və BMT, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri humanitar fəlakət yaradan Ermənistandan fərqli olaraq Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunan Ağdam-Xankəndi yolundan istifadənin real olduğuna şahidlik etdilər.
Amma müxtəlif bəhanələrlə getməyənlər də oldu: Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Monteneqro, Malayziya, Belarus, Yunanıstan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzair...
Türk Dünyasının “nə ət, nə də balıq” ölkəsi - Türkmənistan, görünür şərə münasibətdə də “neytrallığını” qoruyub saxlamaq istəyib... Görək, şər günün birində onun qapısını kəsdirəndə nə edəcək...
Fələstin isə... şeytana daş atırmış, qayıdıb özünə dəyib. Fələstinlilər ermənilərlə çoxdan qol-boyun olublar. Qüdsdəki məhəllələrindən keçmək üçün vaxtaşırı Vazgenə, Qurgenə, Purgenə “dayı” da deyirlər. Kim nə düşünür düşünsün, çox nanəcib, asi, minnətdar olmağı bacarmayan, çörəyi dizinin üstündə olan camaatı var bu nə bilim nəyin... Bütün dünyanı özlərinə borclu sayırlar.
Misir... Bu ölkə özünü heç vaxt islam dünyasının bir hissəsi saymayıb. Tələbə yoldaşlarım arasında bir neçə müsəlman və xristian misirli də vardı və özlərini ərəb hesab etmirdilər. Ərəb dilində danışırdılar, ərəb mətbəxinin təamlarından yeyirdilər, ərəb kimi geyinirdilər, amma “ərəb” sözünü eşidəndə daş atıb başlarını tuturdular. Deyirdilər ki, biz “firaun”larıq, ərəblər bizi assimilə ediblər.
Bəzi türkmən qardaşlarımız kimi... Hə, belələriylə də qarşılaşmışam. Milli kimliyini soruşmuşam, deyib ki, Türk Mənəm, amma türk deyiləm... Bərəkallah!
Belarus səfirinin də başı, çox güman ki, təsərrüfata qarışıb, ya da burnuna müftə-müsəlləm nələrinsə qoxusu dəyməyib. Ağdamdan nə qaz çıxır, nə də neft... Görünür Moldova səfiri də elə bu səbəbdən getməyib.
Ağdamdan, ümumiyyətlə QAZ çıxmır. Digər bölgələrimizdən də həmçinin. Bakıda isə qaz yerin altından çıxır, yerin üstündəkilər isə günün günorta çağında yolmağa “qaz” axtarırlar. Eybi yox, “yoluq” günlərini də görəcəyik. Qışa çox qalmayıb...
Kəsəsi, meymun bizim bölgəyə və təbiətə yad olan canlıdır. Bizim ölkədə “üç meymun” rəmzinin obrazlarını oynamaq istəyənlərə, ən yaxşı halda, “meymunluq eləmə” deyə bilərlər. Yəni bizdə “meymun dilomatiyası” keçərli deyil. İşlərini bilsinlər...
Elçin Mirzəbəyli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.