Ağalar İdrisoğlu:
“Yaş senzi” oyunu kimlərə lazımdır və millətə nə verdi?
(Panflet)
Məmləkətimizdə “Yaş senzi” oyununu ortaya atmaqla minlərlə yüksək təcrübəli və savadlı həkimləri işdən uzaqlaşdırmaqla Azərbaycanın tibb sahəsinə çox böyük zərbə vurublar. Eləcə də yüksək biliyi və təcrübəsi olan müəllimləri, mədəniyyət və idman xadimlərini də “Yaş senzi” adı ilə işdən uzaqlaşdırmaqla Azərbaycan ziyalılarının həyatına dəhşətli bir balta çalıblar. Bir mülləti məhv etmək üçün də onun təhsilini, elmini, səhiyyəsini, mədəniyyətini əlindən almaqla, bu sahələrin yüksək savadlı mütəxəsisilərini işdən uzaqlaşdırmaqla həmin milləti asanlıqla məhv etmək olur. Bizim “baş bilən, ağıllı, hamıdan özünü yüksək təfəkkürlü hesab edən” bəzi məmurlarımız hələ də bilmirlər ki, təxminən yüz il bundan qabaq dünyanın ən məşhur alimləri, psixoloqları sübut eləyiblər ki, insanların işlək dövrü bu formadadır. Ən məhsuldar işləmək dövrü:- 60-70 yaş arasındakı dövrdür. İkinci işləmək dövrü:- 70-80 yaş arasındakı dövr sayılır. Üçüncü işləmək dövrü isə:- 50-60 yaş dövrü hesab edilir. Amma bizim məmləkətimizdə adamları 65 yaşdan sonra işdən çıxarırlar. Çünki yuxarıda dediyim məşhur alimlərin, psixoloqların çıxardığı qərardan bizim “baş bilənlərin” yəqin ki, xəbəri yoxdur. Ola bilər ki, xəbərləri var, amma qulaqardına vururlar. Çünki bizim “baş bilənlər” deyirlər ki, “Yaş senzi” ona görədir ki, cavanları işlə təmin edək. Lap yaxşı. Mən də razıyam ki, cavanlarımız işlə təmin olunmalıdır. Məmələkətimizdə bu gün bir nömrəli problem işsizlikdir. Çünki millətimzin iş qabiliyyəti olanların ən azından 30-40 faizi işləmir. Bu, doğrudan da çox böyük problemdir. MDB məkanında olan ölkələrin heç birində bu qədər faizdə adam işsiz deyil. Amma bunun çox asan bir yolu var. Bölgələrdə, rayonlarda zavod və fabriklər tikmək olar. Eləcə də məktəblər, səhiyyə ocaqları, mədəniyyət obyektləri tikib, yeni teatrlar, teatr-studiyalar yaradıb, bütün cavanları işlə təmin etmək olar. Buna görə ölkəmizin lazım olan qədər pulu var. Sadəcə buna görə istək, uzaqgörən siyasət və ən əsası isə xalqa məhəbbət olmalıdır. Onsuz da bu gün məktəblərdə, əsasən də ibtidai siniflərdə hər sinifdə 35-40 uşaq təhsil alır. Bu qədər uşağa bir müəllim nə öyrədə bilər? Deməli, biz ibtidai siniflərdən uşaqlarımızı savadsız böyüdürük. Sonra da məcbur olub, repetitorların yanına göndəririk ki, onlara təhsillə bağlı nə isə öyrətsinlər. Dövlət xəstəxanalarında isə xəstələr o qədər çoxdur ki, adicə terapevt həkim bütün günü həmin xəstələri qəbul eləyə bilmir. Deməli, Bakı şəhərindən tutmuş bütün şəhərlərimizdə və rayonlarımızda təhsil ocaqları və xəstəxanaların tikilməsi labüddür və çox vacibdir. Belə olduqda deməli, bütün cavan mütəxəsislər işlə təmin olunar. Onda bacarıqlı, savadlı, yüksək təfəkkürlü yaşlı mütəxəsisləri də işdən çıxarmaq lazım olmaz. Axı bu insanlar millətimizə hələ çox lazımdırlar...
Çünki ölkənin sütunu onlardır. Adi bir misal demək istəyirəm. Tiflis şəhərinin əhalisi təxminən 1 milyon 230 min nəfərdir. Amma bu şəhərdə təxminən 30-dan çox teatr və teatr-studiyalar var. Hamısı da yüksək səviyyədə fəaliyyət göstərir. Bakı şəhərinin əhalisi isə təxminən 3 milyondan çoxdur. Bakıda isə 7 dövlət teatrı, bir Bələdiyyə Teatrı, İrəvan və Şuşa Dövlət teatrları, Bakı Regional Mədəniyyət İdarəsinin nəzdindəki Uşaq Teatrı və 5-6 teatr-studiyalar, yəni özəl teatrlar fəaliyyət göstərir. Özəl teatrların da heç birinin şəraiti yoxdur. Bir vaxtlar Bakıda Dövlət Gənclər Teatrı və Kamera Teatrı da fəaliyyət göstərirdi. Amma hansısa “baş bilən” bu iki teatrın Dövlət Gənc Tamaşaçılar Teatrına birləşməsi qərarını verdi, ölkə başçısı da bununla razılaşdı və beləliklə, bu teatrlar 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirildi. Birdən-birə teatrın truppasında 100 aktyor işləməli oldu. Bu müddətdə onlardan 8-10 nəfəri “Yaş senzi” ilə işdən çıxarılıb. Bəziləri özləri işdən gedib. 5-6 nəfər də haqq dünyasına qovuşublar. Bu gün bu teatrda 84 aktyor, aktrisa işləyir. Bir truppada 84 aktyoru, aktrisanı rolla təmin etmək çox çətindir. Teatr da bir ildə cəmi 5-6 tamaşa hazırlayır. Bu tamaşaların da çoxu kamera tamaşalardır. Yəni iştirakçısı az olan tamaşalar. Milli Akademik Dram Teatrının truppasında 70 aktyor var. Yaxşı. Buradan bir sual ortaya çıxır. Axı Dövlət Gənclər Teatrı və Kamera Teatrı müstəqil işləyirdi və hər iki teatr çox yaxşı tamaşalar hazırlayırdı. Bəs bu iki teatrı Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirmək kimə lazım idi? Bunun əvəzinə hər iki teatr üçün ayrıca bina tikmək lazım idi və hər iki teatr da böyük həvəslə işləyəcəkdi. Aktyorları, aktrisaları yaxşı rollar oyanayacaqdı və rejissorları da maraqlı tamaşalar hazırlayacaqdı. Deməli, yeni məktəb, xəstəxana, teatr binaları, yeni idman təşkilatları yaratmağın əvəzinə biz yüksək təcrübəli insanlarımızı 65 yaşından pensiyaya göndəririk... Bu, hansı məntiqə uyğundur? Axı bu günahı heç Allah da bağışlamaz.
Yadıma gəlir ki, bu “Yaş senzi” oyunu 2012-ci ildə ortaya atılanda bizim yüksək rütbəli məmurlarımız bar-bar bağırırdılar ki, 65 yaşında pensiyaya gedən bütün müəllimlərə, həkimlərə, mədəniyyət işçilərinə dövlət qulluğu satatusu verəcəyik və onlar min manatdan çox pensiya alacaqlar. Bəs nə oldu? 50 il müəllimlik və onun da 20 ilini məktəb direktoru işləyən, sağlamlığı tam yerində olan mənim tanıdığım bir insana cəmi 350-400 manat pensiya verdilər. Yəni qan və dərman pulu...
O da bu haqsızlığa dözə bilməyib, dünyasını dəyişdi...
Yüz minlərlə belə ziyalı, yaxşı mütəxəsis olan insanlara min-min beş yüz manat əvəzinə 300-400 manat civarında pensiya verdilər. Təsəvvür edin ömrünün 40-50 ilini xalqına, onun səhiyyəsinə, təhsilinə, mədəniyyətinə yüksək səviyyədə xidmət edən insan pensiyaya çıxır və ona 300-400 manat civarında pensiya verirlər. Bu pulla o insanlar bir ay yaşamalı, işləməyən övladlarına, nəvələrinə kömək etməli və bütün bunlardan əlavə həmin pula dərman almalı və kommunal xərcləri də o pullar verilməlidirlər... Bütün bunlar acı olsa da həqiqətdir.
Siz bilən. Belə insanın Azərbaycan dövlətinə, dövlətçiliyinə inamı olarmı? Əlbəttə ki, yox. Deməli, biz bilərəkdən ziyalıları məhv edib, onları diz üstə çökdürüb və sonra da ölkə başçısına qarşı qaldırırıq...
Ey yüksək rütbəli məmurlarımız! Siz bilirsinizmi ki, 2012-ci ildən başlayan bu “Yaş senzi” oyununa görə nə qədər yüksək savadlı mütəxəsislərimiz streslərə, depressiyalara düşdülər? Bu streslər və depressiyalar da özlərilə çoxlu xəstəliklər gətirdilər. Deməli, həmin insanların aldığı 300-400 manat pul yalnız onalara qan puluna və dərmanlara lazım olub və bu, bu gün də belə davam eləyir...
Əlbəttə, zaman gələcək biz bunun fəsadlarını daha çox görəcəyik... Məlum olacaq ki, bu, elə 1937-38-ci illərdə olan repressiyanın bir növüdür. Həmin vaxtı əgər insanları güllələyib, sürgün edib, həbs edib öldürürdülərsə, indi də insanları zorla özünün sevimli işlərindən ayırmaqla min cür xəstəliklərə salmaqla, ürəklərini partladıb məhv edirlər... Bu, daha dəhşətlidir... Bu, daha faciəvidir...
Zaman gələcək buna görə, bu, “Yaş senzi”ni ortaya atanlar haqqında nifrətlə dolu yazılar yazılacaq. Mən buna qətiyyətlə inanıram. Bəli. Əgər biz 1937-38-ci illər repressiyası haqqında və bunu törədənlərlə bağlı yazıb, onları yamanlayırıqsa, zaman gələcək bu “Yaş senzi”ni ortaya atanlar da məlum olacaq və onlar haqqında da nifrət dolu yazılar yazılacaq...
Əgər biz millətimizi həqiqətən seviriksə, onun elmini, təhsilini, səhiyyəsini, mədəniyyətinini, idmanını fikirləşiriksə, gəlin bu “Yaş senzi” oyununu ləğv edək. Bununla da həm yaşlı nəsillərimizin yaşamasına köməklik edərik, həm də onlar öz biliklərini, təcrübələrini cavanlara öyrədərlər. Bununla da elmimiz, təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, idmanımız daha yaxşı inkişaf edər. “Yaş senzi” oyunu ortaya atılan bu on bir ildə biz bütün sahələrdə çox şey itirmişik... Ən azı da əlli il geri düşmüşük. Azərbaycanı bütün sahələrdə də çox geriyə aparmışıq...
Bəli. Bu gün cavan kadrlar bölgələrdə işləməyə getmək istəmir. Çünki bölgələrdə onlara heç bir şərait yaradılmır. Bölglərdə olan təcrübəli müəllimləri, həkimləri, tibb bacılarını, aktyorları, aktrisaları da “Yaş senzi” ilə işdən çıxarırlar. Beləliklə, bölgələrdə mütəxəssislərə böyük ehtiyac yararanır. Deməli, biz öz cələcəyimzə balta çalırıq...
Bölgələrlə bağlı bir misal deyim. Mingəçevir Dövlət Dram Teatrında işləyən çox istetadlı aktyorlar- Əməkdar artist Akif Mirabov, aktyorlar Nəsib Əliyev və Təvəkkül Əhmədov “ Yaş senzi” ilə işdən çıxarılmışdılar. Mən 2019-cu ildə həmin teatrda Qənbər Şəmşiroğlunun “ Caninin etirafı” tamaşasına quruluş verəndə teatrın direktoru Səxavət Məmmədovdan xahiş elədim ki, onları müqavilə ilə işə götürsün və hər üçünə həmin tamaşada rollar verdim. Səxavət müəllim Mədəniyyət Nazirliyinin etirazına baxmayaraq, onları müqavilə ilə işə götürdü. Hər üçü yüksək peşəkarlıqla rollar oynadılar. Əlbəttə, bundan həm tamaşa və həm də teatr qazandı. Cavan aktyorlar və aktrisalar da onlardan yaxşı bəhrələndilər. Bir növ bu yaşlı aktyorlar tamaşa boyu onlara ustad dərsləri keçdilər. Bu tamaşadan sonra daha onları başqa tamaşalara dəvət etmədilər. Çünki Mədəniyyət Nazirliyi daha icazə vermədi. Bax, bütün bu kimi neqativ hallar da ölkə başçısından gizlədilir və ona yerlərdən yalan məlumatlar verilir. ..
Mən Sumqayıtda yüksək təşkilatçı və savadlı məktəb direktorları tanıyırdım ki, onların rəhbərlik elədiyi məktəblərdə tədris çox yüksək idi. Onları 65 yaşında “Yaş senzi” ilə işdən çıxartdılar. Artıq həmin məktəblərin çoxunda tədrisin keyfiyyəti zəifdir və onları əvəz edən direktorların da çoxu öz işlərini bacarmırlar. Bu, təkcə Sumqayıtda belə deyil. Məmləkətimzin hər yerdində belədir. Və həmin “Yaş senzi” ilə işdən çıxarılan məktəb direktorlarının bir neçəsi və çoxlu müəllimlər bu haqsızlığa dözməyib, dünyalarını dəyişiblər. Qalanları isə bu haqsızlıqlardan ayrı-ayrı xəstəliklər tapıblar və demək olar ki, tez-tez həkimlərə müraciət edirlər və yaşamağa da həvəsləri yoxdur. Eləcə də həkimlər, mədəniyyət, teatr işçiləri, idman üzrə məşqçilər var ki, bu haqsızlıqla barışmayıb, çoxlu xəstəliklər tapıblar. Axı bu insanlar 65-70 yaşında öz sənətlərinin ən mükəmməl biliciləri olurlar. Əslində onların bu biliyindən, bacarığından, təcrübəsindən yüksək səviyyədə yararlanmaq lazımdır. Amma biz onları heç bir silahdan istifadə etməməklə, onlara streslər, depressiyalar yaşatmaqla ölümə sürükləyirik. Bax, bu da millətin genafonunu məhv etməyin dəhşətli bir yoludur...
Çox maraqlıdır ki, Prezidentin “Yaş senzi” ilə bağlı heç bir qərarı, əmri olmayıb. Yəni mən çox axtardım və belə əmr, qərar tapa bilmədim. Bəs millətin yaşlı və böyük təcrübəyə malik olan mütəxəsisilərinə qarşı bu düşmənçiliyi edənlər kimlər olub və bu gün də kimlər edir? Niyə həmin adamlar tapılıb cəzalandırılmır?..
Mən bizim yüksək rütbəli məmurlara görk olmaq üçün yaşlı insanların dünya səviyyəsində gördüyü qlobal işləri bu ponfletdə yazıram. Bunları oxuyan bizim yüksək rütbəli məmurlarımız yəqin bundan sonra fikirləşəcəklər ki, “ Yaş senzi”ni ortaya atmaqla millətimizə necə böyük pisliklər, düşmənçiliklər edirlər.
Xalqmızın tanınmış rejissorları Mehdi Məmmədov, Tofiq Kazımov, Ələsgər Şərifov, Heydər Şəmsizadə, Baxşı Qələndərli, İbrahim Həmzəyev, Yusif Bağırov, Zülfüqar Abbasov, Ağakişi Kazımov, Cənnət Səlimova və başqaları ahıl yaşlarında bir-birindən maraqlı tamaşalar hazırlayırdılar. Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Əli Zeynalov, Məlik Dadaşov, Ələddin Abbasov, Məmməd Bürcəliyev, Nəsibə Zeynalova, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Sofa Bəşirzadə, Məmmədrza Şeyxzamanov, Siyavuş Aslan və onlarca başqaları ahıl yaşlarında bir-birindən maraqlı rollar oynayırdılar.
Mən dünyanın bir qrup məşhur insanlarının yaşlı dövründə necə böyük işlər gördüyünü yazıram ki, qoy məmurlarımız oxusun və görsünlər ki, millətimizə necə böyük bir zərbə vururlar. Xalqımızı necə nadanlığa doğru aparırlar.
Rusiyada Zark Zaxarov, Oleq Yefremov, Oleq Tabakov, Mixail Ulyanov, Yuri Nikulin və onlarca başqaları ahıl yaşlarında öz işlərində haqq dünyalarına qovuşana qədər işlədilər. Özü də yaxşı işləyiblər. Məşhur rejissor Yuri Lyubimov 84 yaşında Moskvanın Vaxtanqov adına Akademik Teatrında Fyodor Dostayevskinin “Əbləhlər” adlı əsərinə çox yüksək peşəkarlıqla quruluş verdi. Yüzdən çox rus aktyorları və aktrisaları 70 yaşdan- 95 yaşına kimi teatrlarda çox maraqlı rollar oynayıblar və bu gün də öz işlərində işləyirlər. Eləcə də müəllimlər, həkimlər və başqa peşə sahibləri də bu yaşlarına qədər Rusiyada və başqa xarici ölkələrdə öz işlərində yüksək peşəkarlıqla işləyirlər.
Roma senatoru Katon yalnız 80 yaşında yunan dilini öyrənib. Onu da vurğulayım ki, yunan dili çox çətin dillərdən biridir.
Dünya şöhrəıtli filosof Sokrat 70 yaşında bir neçə musiqi alətlərində çalmağı öyrənib və bu musiqi alətlərində yüksək peşəkarlıqla çalırmış.
Mikelanjelo özünün ən böyük əsərlərini 80 yaşında yaradıb. Höte məşhur “Faust” əsərini 80 yaşında tamamlayıb. Məşhur alman tarixçisi Leopald Ranke özünün məşhur “Dünya tarixi” əsərini 91 yaşında tamamlayıb. İsaak Nyuton 85 yaşında bütün günü özünün maraqlı işi ilə məşğul olurdu. Lev Tolstoy 82 yaşında nəinki yaradıcılıqla məşğul olurdu, o, həm də tarlada işləyirdi, dəryaz çalırdı. At çapırdı. Velosiped sürüdü. Bir ayağı üstündə 40 dəfə oturub-dururdu.
Amerika vətəndaşı, məşhur bəstəkar, dirijor İqor Stavinski 88 yaşına qədər yaradıcılıqla məşğul olub. Şair Beranje -77 yaşına qədər, Viktor Hüqo-88 yaşına qədər, akademik İvan Pavlov -87 yaşına qədər, qədim yunan dramaturqu Sofokl- 90 yaşına qədər, məşhur filosoflar Dioqen və Demokrit, rəssamlar Tissian və Mikeanjelo 80 yaşı keçənə qədər yaradıcılıqla məşğul olublar. Məşhur ingilis yazçısı, Nobel mükafatı laureatı Bernadr Şou 94 yaşına qədər yazıb-yaradıb.
Ümumiyyətlə, Nobel mükafatı alanların arasında 70 yaşından yuxarı olanlar daha çoxdur. Bizim təfəkkürümüzlə gərək onlara da “Yaş senzi” qoyulmalı idi və Nobel mükafatı verilməməliydi...
Bizim yüksək rütbəli məmurlara bir maraqlı fakt da demək istəyirəm. Bir vaxtlar Türkiyə Respublikasının yaradıcısı Mustafa Kamal Atatürk Milli Məclisdəki çıxışında belə bir fikir demişdi: “ Müəllimlər Milli Məclisdə olanlardan çox əmək haqqı almalıdı”. Elə həmin vaxtdan da onun bu fikri reallaşdı. Bu gün Türkiyədə müəllimlər, həkimlər, sənətçilər çox böyük məvacib alırlar. Məhz ona görə də Türkiyədə tibb sahəsi, təhsil və incəsənət belə yüksək səviyyədə inkişaf edib.
Amma bu gün bizim məmləkətimizdə nəinki hakimlər, hüquq işçiləri, adi polis işçiləri belə müəllimlərdən, həkimlərdən, incəsənət işçilərindən, idman mütəxəssislərindən daha çox əmək haqqı alırlar və təqaüdə çıxanda da onların pensiyaları daha çox olur... Hətta müəllimlər var ki, ailəsini dolandırmaq üçün günün birinci hissəsi məktəbdə dərs deyir, ikinci hissəsində isə gedib bazarda alver eləyir, ya da kiminsə evində təmir işlərilə məşğul olurlar. Belə olan müqabildə biz təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin, idmanımızın səviyyəsini necə qaldıra bilərik?..
Başqa bir maraqlı fakt da deyim. Bu yaxınlarda Amerika alimiləri, Avropa alimlərilə birlikdə belə maraqlı bir kəşf ediblər. İnsan beyini biz fikirləşdiyimiz kimi 25-30 yaş arasında yox, 50 yaşında tam inkişaf edir. Həm də əgər insan yaradıclıqla, elmlə və sevdiyi işlə mütəmadi məşğul olursa, onun beyini heç vaxt qocalmır.
Deməli, buradan belə bir fikir ortaya çıxır. Qocalıq adlı xəstəlik yoxdur. Tənbəllik adlı xəstəlik var. Ola bilər ki, insanın 25-30 yaşı var, amma həmin adam tənbəldir və heç bir iş görməyə həvəsi yoxdur. Deməli, o, artıq qoca adamdır. İnsan nə qədər ki, yaşayır, o, əgər istəsə çox böyük yüksəkliklərə qalxa bilər. Ona heç vaxt yaş mane ola bilməz. Ona görə də insanlar arasında “Yaş senzi” qoymaq olmaz. Bu, sadəcə insanlara qarşı böyük düşmənçilikdir. Bu, insanlara qarşı inamsızlıqdır. Çünki bu “Yaş senzi” ni təsdiq edənlər yəqin özləri elə cavanlıqdan qocalıq həyatı yaşayıblar və heç nə əldə edə bilməyiblər. Ona görə də onlarda 60-90 yaşında böyük uğurlar əldə edən insanlara qarşı böyük bir qısqanclıq, paxıllıq var və bunu özlərinə böyük bir dərd edərək “Yaş senzi” oyununu 2012-ci ildə ortaya atıb, xalqın Prezidentə inamını azaltmaq istəyiblər. Bu oyun bu gün də davam eləyir...
Bax, bütün bu yuxarıda yazdıqlarımdan inanıram ki, bir nəticə çıxarılacaq və ölkə başçısı “Yaş senzi”ni ləğ edəcək. Çünki bütün keçilməz sədlər, qarşısı alınan maneələr bizim öz daxilimizdədir. Gəlin daxilimizi təmizləyək. Biz bütün bu maneələrə elə bu gün qələbə çalmalıyıq. Çünki vaxt uzandıqca biz 65 yaşını adlayan insanlarımızı çox itiririk. Amma bu insanlar bizə hələ çox lazımdır. Azərbaycanın gələcək uğurları naminə, Qarabağda böyük quruculuq işləri görməyin naminə çox lazımdır
Bu müqəddəs işi də gəlin bu gün görək. Sabaha saxlamayaq. Çünki sabahın öz işləri var.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.