Tahir Süleymanov:
"Neftçi"nin yeri isə böyüklər sırasındadır-olmalıdır!
Zamanı qabaqlamağın üstün cəhətləri olduğu qədər mənfi çalarları da çoxdur. Əsasən də ümumi futbol strukturu, bəzi hallarda cəmiyyətin özü buna hazır olmayanda...
Üstün tərəfləri yetərincədir. Böyük əziyyət, əmək qarşılığında klub/komanda önə çıxır, rəqiblərindən 3-5 il qabağa atılır, daha da böyüyür. Liderə gəlib çatmaq istəyənlər olmazın çabalar sərf etməyə məcbur olur...
Düzgün aparılan strategiya davam etdirilirsə, izləyicilər yaxınlaşana kimi, minimum 1-2 addım da irəli çıxılır, komanda/heyət sabitləşir, özünəinam möhürlənir, hər dəfə nəticələr yenilənir, daha da yaxşılaşır...
Təsisçilər/sponsorlar düzgün gedilən yola dəstək verdikləri halda, görülən işlər həvəslə davam etdirilir, bütün maneələr dəf edilir, komandalar arasında güclü rəqabət yaradılır, davamlı inkişaf durmadan təmin edilir.
Futbol təsərrüfatı buna hazır deyilsə, əsasən də səlahiyyətlilər tərəfindən səddlər yaradılırsa, sponsorlar ələ alınırsa, dağıdıcılıq təfəkkürü üstünlük təşkil edir, yaradıcıların qarşısı min yolla alınır, şəxsi, məkrli məqsədlər işə düşür...
Qardaş Türkiyədə baş vermiş faciəvi zəlzələ iki ölkə futbolunu bir qədər də yaxınlaşdırdı, aparıcı klublar yardım kampaniyasına qoşuldu.
Azərbaycanda keçirilən dostluq, xeyriyyə matçlarına azarkeşlərin, xalqın birmənalı dəstəyi baş verdi. İlk olaraq "Qalatasaray", ardınca "Beşiktaş"...
İki görüşü toplam 100 minə(!) yaxın seyrçi izlədi, fanat/azarkeşlər sevimli komandalarını görməklə yanaşı zərərçəkmişlərə mənəvi-maddi yardım etmiş oldular. Alqışlanası haldır!
"Qarabağ" və "Sabah" gördükləri işlərin nəticəsi olaraq bir addım da önə çıxdılar. Ağdamlılar son illər öz sözünü desə də, "Sabah"ın böyümək istəməsi, Avropa sabahlarına yetişməsi yolunda ilk böyük addım oldu. Avrokuboklar öncəsi yeni klubun "Beşiktaş"la qarşılaşması klub/komandanın özgüvənini artırmalıdır...
Şenol Günəşin açıqlamaları diqqət çəkir. "Qarabağ"ı, "Sabah"ı xatırladaraq ünlü məşqçi Azərbaycanın ən köklü klubu "Neftçi"ni yada salmır. "Ağ-qara"lı "ağ-qara"lıları artıq meydanda görmür. Bunun günahı türkiyəli mütəxəssisdə deyil. Təəssüf ki, "Neftçi" unudulub, unutdurulub...
Gözləmək olardı, Türkiyə Azərbaycan klubları arasında xeyriyyə marafonu Bakıda "Neftçi"-"Fənərbaxça" qarşılaşması ilə bitəcək. Baxmayaraq ki, "Neftçi", ümumiyyətlə, ön sıralarda olmalıydı. Gec də olsa, belə bir görüşün keçirilməsi istər mənəvi, istərsə futbol adına mütləqdir!
Bu görüşlər futbol səviyyəsini aşır, daha böyük məna kəsb edir. Sinələrində THY-nı daşıyan "Neftçi"nin, bu marafondan kənar qalması, tək klub adına deyil, türk şirkəti üçün də yolverilməzdir, anti-reklamdır. "Neftçi"nin baş sponsoru SOCAR Türkiyəyə olmazın yardım edir, köklü klub isə nəcib prosesdən kənarda qalır.
Niyə bunlar baş verir? Bu gün klubu faktiki idarə edənlərin beyni, yanaşması AFFA ideoloqlarının xəttidir, federasiyadan göndərilmiş əlaltılardır. Belə gedişlər nəinki kluba, futbola ziyan vurur, milli-mənəvi, dövlət strategiyasına da ziddir. Bu məsələ ciddi araşdırma mövzusudur...
"Neftçi" düşmən "Pünik"ini Moskvada məğlub edən, qovan komandadır, indi meydandan qaçanlar Avropa qruplarında çıxış edirlər. 90 ilə yaxın damla-damla, min əziyyətlə yığılan nüfuz qısa müddətdə heçə endirilir, klubun nüfuzuna xələl gətirilir.
"Neftçi" böyük klubdur və böyük klublarla qarşılaşmalıdır. Vaxt olub hazırlıq matçlarında ən aşağı rəqiblər Rusiya, Türkiyə, Ukrayna, Rumıniyanın yüksək liqa komandaları olub. SKA Xabarovsk kimi klublarla "Neftçi" heç vaxt qarşılaşmırdı. "Beşiktaş", "Dinamo" K., "Fənərbaxça", "Styaua", "Vitoriya Pilzen"...
Belə strateji xətt, hazırlıq "Neftçi"nin gücünə güc qatırdı, daha irəli getməsini şərtləndirirdi. Məşqçi/futbolçuları tonusda saxlamağı, məsuliyyətli olmağı, gələcək uğurları,
çempionluqları, azarkeşlərin sevincini, gənc futbolçuların yetişməsini, püxtələşməsini təmin edirdi...
Klublar arasında rəqabət yaranırdı. Qrup yolu uğrunda rəqabətlə yanaşı, "Bakı"nın "Atletiko"nu paytaxta gətirməsi, "Xəzər"in "Fənərbaxça" ilə Lənkəranda garşılaşması, "Inter"in "Milan"la əməkdaşlığı, "Qəbələ"nin möhtəşəm beynəlxalq turnirlərinin keçirilməsi...
5-6 klubumuz Avropa qrup səviyyəsində çıxış edirdi, çempionatda rəqabət günü-gündən artırdı. Sərf etmədi. Futbol təsərrüfatına rəhbərlik edənlər klubların nüfuzundan çəkindilər, qorxdular, dağıdıcı mövqe tutdular...
Bir çox klubların özlərinin də günahı az olmadı.
Yüz dəfə deyildi, təklif edildi - gəlin bir olaq - xeyri olmadı. Bu gün Klublar Komitəsi bəyanat verir, o vaxt klublar bir-birilərinə qarşı bəyanatlar verirdilər. Klubların belə yanaşması dağıdıcı qüvvələrə sərf edirdi...
10-12 il öncə böyük klublarla qarşılaşmaq ənənələrinin qoyulması həm milli-mənəvi, həm də futbol baxımından yenidən dirçəlməkdədir.
Zamanında vaxt qabaqlanmamışdı, böyük futbol, doğru inkişaf, daha da irəli getmək yolu göstərilirdi. Bunun nəticəsi özünü çox gözlətmədi...
Komandalarımız Avropa top-klublarını Azərbaycana davamlı gəlməyə məcbur etdi. Gec də olsa, futbol yenidən dirçəlməlidir, köklü, ənənəsi olan klublar bərpa edilməli, güclənməlidir. "Qarabağ" çox irəli gedib artıq, "Sabah"ın böyümək istəməsi təqdirəlayiqdir.
"Neftçi" isə...
Böyük düşünənlər böyüklüyü dərk edər, çəkinmədən, o yolu gedər. Bunun üçünsə, ilk öncə kiçik düşüncəlilər futboldan uzaqlaşdırılmalıdır. Bu gün gənc nəsil "Neftçi" azarkeşləri ən yaxşı halda autsayderlər üzərində qələbələrə alışdırılır. "Neftçi"nin yeri isə böyüklər sırasındadır-olmalıdır!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.