Qafar Cəfərli:
CƏNUB BÖLGƏSİNDƏ ƏDƏBİ HƏYAT
(AYB Lənkəran Bölməsinin yaranmasının 45 illik yubiley münasibəti ilə)
Azərbaycan xalqı Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun cahanşümül qələbəsinin sevincini yaşadığımız bu günlərdə AYB Lənkəran Bölməsinin yaranmasının 45 illik yubiley tədbirində hər birinizi görməkdən və salamlamaqdan məmnunam.
Lənkəran şəhəri orta əsrlərdən bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təsadüfi deyildir ki, burada elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, ədəbiyyat adamları ciddi elmi və ədəbi fəaliyyətlə məşğul olublar. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin və onlardan bəhrələnən şəxslərin yaradıcılığı cənub bölgəsində ilkin ədəbi nümunələr sayıla bilər.
XIX əsrdə Azərbaycanın cənub hissəsinin Rusiyaya birləşdirilməsi nəticəsində bölgənin mədəni həyatında yeni bir ab-hava yarandı. 1850-ci ildə Lənkəranda "Fövcül-füsəha", yəni "Gözəl danışanlar məclisi" adlı ədəbi məclis fəaliyyətə başladı. Məclis XX əsrin əvvəllərinə qədər davam edərək yeni maarifpərvər ziyalıların yetişməsində müstəsna rol oynadı.
Yaranan yeni maarifpərvər nəsil Sovet hakimiyyətinin ilk illərində böyük mədəni quruculuq işləri görməklə mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirdilər. Mirzə Ağali Əliyev, Teymur bəy Bayraməlibəyov, İbrahimxəlil İsazadə, İsgəndər Səmədzadə, Zülfiqar Əhmədzadə, Müzəffər Nəsirli, Teymur Şahverdiyev, Mirzə İsaq Möhsünzadə, Böyükağa Talışxanov və başqaları bölgədə maarifi inkişaf etdirməklə yanaşı ədəbiyyatın inkişafında da böyük rol oynayıblar. Bu müəlliflər "Şərqi-Rus", "Molla Nəsrəddin" və başqa mətbuat orqanları ilə əlaqə saxlayıb yazılarını çap etdiriblər. Rayonda yeni yaradılan Xalq Teatrı üçün pyeslər yazılmağa başlanıldı. 1928-ci ildə yerli müəlliflərdən Teymur Şahverdiyevin "Altı vəfat" və "Həqiqi röya" adlı birpərdəli, Mirzə İsaq Möhsünzadənin isə "Cəmşidabad" adlı beşpərdəli pyesləri Xalq Teatrında tamaşaya qoyuldu.
1930-cu illərdə Lənkəranda "Sosialist subtropikası" adlı yerli mətbuat orqanının yaranması və Dövlət Dram Teatrının fəaliyyətə başlaması bu mədəni inkişafı daha da sürətləndirdi.
İkinci dünya savaşının başlanması ilə Dövlət Dram Teatrı öz fəaliyyətini dayandırmalı olsa da Xalq Teatrı işini davam etdirdi.
1960-cı illərdə bütün respublikada olduğu kimi Lənkəranın ədəbi mühitində də yeni bir canlanma özünü göstərdi. Yazarlar Lənkəran qəzetinin redaksiyasında və Mərkəzi Kitabxanasında ədəbi məclislərini davam etdirməyə başladılar. Məclisə Şəkər Aslan, Yaşar Rzayev, Mirhafiz Bahadır, Mirhaşım Talışlı növbə ilə rəhbərlik edirdilər. Sonradan imzaları ölkə ədəbi mühitində qəbul olunan Firudin Ağayev, Camal Yusufzadə, Vaqif Hüseynov, Əlisa Nicat, Hüseynağa Qəniyev, Hüseynbala Mirələmov, İltifat Saleh, Xeyrulla Mehdi, Məmmədhüseyn Əliyev, Həbib Səfərov, Manaf Manafov və başqaları məhz bu məclisdə yetişiblər.
Bölgədə yaranan qaynar ədəbi mühitin nəticəsi olaraq 1978- ci ilin sentyabr ayının son günlərində AYİ-nın birinci katibi İmran Qasımovun əmri ilə yaradılan AYİ-nin Lənkəran Zona şöbəsi fəaliyyətə başladı. Yazıçı Məmmədhüseyn Əliyev Şöbənin məsul katibi təyin edildi. Zona şöbəsi 8 rayonu: Lənkəran, Astara,Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını əhatə edirdi. Məmmədhüseyn Əliyevin gərgin fəaliyyəti sayəsində tezliklə bu rayonların ədəbi qüvvələri bir araya toplandı. Şöbənin ədəbi məclisi yaradıldı. Cəlilabaddan Abbasağa Azərtürk, Malik Rzayev, Masallıdan Xanəli Tolış, Novruz Xoşbəxt, Astaradan Novruz İbadoğlu, Aqil Yaqub, Lerikdən Nəzir Şaban, Hacıməmməd Quluzadə, Yardımlıdan Sahib Əliyev, Neftçaladan Soltan Abbas, Zabil Pərviz, Müzəffər Məzahim, Lənkərandan Vaqif Hüseynov, Həzi Əliyev, Yaşar Rzayev, Xudaqulu Canıyev, Malik Şərif, Hüccətulla Məmmədov, Mirhaşım Talışlı, Ziyafət Əkbərov, gənclərdən Ağamir Cavad, Balayar Sadiq və başqaları bu ədəbi məclislərdə fəal iştirak edirdilər. Qonşu rayonlarda tez-tez keçirilən ədəbi məclislər böyük maraq doğururdu. Lənkəranda texnikum tələbələrilə, Astara və Lerik rayonunun zəhmət adamları ilə, Neftçalada Muğanın ağsaqqalı İmanverdi Əbilovla keçirilən görüşlər böyük maraqla qarşılandı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Hüseyn Abbaszadə, Vaqif Hüseynov, Şəkər Aslan, Hidayət, Mirhaşım Talışlının yubiley tədbirləri, rus şairləri Yevgeni Yevtuşenko və Nikolay Tixonovla keçirilən görüşlər Lənkəran ziyalılarının yaddaşında bu gün də gözəl bir xatirə kimi yaşayır.
1973-cü ildə Lənkəran Dövlət Dram Teatrının yenidən yaradılması yerli yazarları dram əsərləri yazmağa da ruhlandırdı. Məmmədhüseyn Əliyevin, Şəkər Aslanın, Vaqif Hüseynovun , Baba Rzayevin, Ağamir Cavadın qələmə aldıqları dram əsərləri teatrın səhnəsində uğurla tamaşaya qoyuldu.
Azərbaycan müstəqilliyinə qovuşandan sonra söz və mətbuat azadlığı ədəbiyyatın inkişafı üçün yeni imkanlar yaratdı. Lənkəranda M.Əliyevin redaktorluğu ilə "Şəfəq" və Ş. Aslanın redaktorluğu ilə "Söz", Lerikdə Hacıməmməd Quluzadənin redaktorluğu ilə "Məşəl", Astarada Tarif Əsgərin redaktorluğu ilə "Alov" ədəbi-bədii jurnalları, Etibar Əhədovun redaktorluğu ilə "Aşkarlıq" qəzeti nəşr olunmağa başladı.
1992-ci ildə tədqiqatçı-alim və şair Mirhaşım Talışlı "Fövcül-füsəha" məclisini yenidən bərpa etdi ki, bu da bölgədə yaşayan şairlərin əruz vəzninə olan marağını daha da artırdı.
1994-cü ildə Lənkəranda 'Cənub" Televiziya Şirkətinin yaranması ədəbiyyata ,sözə, sənətə olan marağın artırılması sahəsində mühüm rol oynadı.
1992-ci ildə Lənkəran Dövlət Universitetinin yaranması da Lənkəranda yeni bir ədəbi mühitin formalaşmasına çox təsir etdi.
AYB Lənkəran Bölməsi müstəqillik qazanılandan sonra cənub bölgəsinə daxil olan altı rayonu ətrafında birləşdirdi. Həmin illərdə İltifat Salehin rəhbərliyi ilə Bölmə tərəfindən bölgədə ədəbi mühitin inkişafı sahəsində xeyli işlər görüldü. Bu dövrdə şair və yazıçıların çox saylı kitabları işıq üzü gördü. Respublikanın ədəbi dərgilərində Cənub bölgəsində yaşayan şair və yazıçıların əsərləri tez-tez görünməyə başladı.Kitabların təqdimatları mütəmadi hal daşıdı. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi, mərhum şairlər Şəkər Aslanın və Həbib Səfərovun 80 illik yubileyləri Lənkəran şəhərində; tanınmış yazıçı Məmmədhüseyn Əliyevin 90 illik yubileyi Lerik rayonunda və Lənkəran Dövlət Universitetində, şairlər Ədalət Salmanın 60 illik yubileyi Cəlilabad rayonunda, Balayar Sadiqin 50 illik yubileyi isə Lerik rayonunda təntənəli şəkildə qeyd olundu. Bu dövrdə həmçinin Astara şəhərində mərhum şair İqbal Astaralının, Lənkəran şəhərində Məmməd Arazın,Vaqif Hüseynovun və Mirheydər Bəşərunun anım tədbirləri də uğurla keçirildi.
Bölgədə yaşayan şair və yazıçılarla təhsil və mədəniyyət ocaqlarında, əmək kollektivlərində görüşlərin keçirilməsi də mütəmadi xarakter daşıyırdı. Xalq yazıçısı Anarla Lənkəran şəhərində, xalq şairi Sabir Rüstəmxanlı ilə rayonun Boladi kənd tam orta məktəbində, yazıçı Hüseynbala Mirələmov və Milli Məclisin Komitə sədri Hadı Rəcəbli ilə təhsil aldıqları şəhər 2 saylı tam orta məktəbində olan görüşlər indi də yaddaşlarda qalıb.
1994-cü ilə qədər Yazıçılar İttifaqının Lənkəran Şöbəsinə məsul katib kimi Məmmədhüseyn Əliyev və 1994-95-ci illərdə Şəkər Aslan; 1995-ci ildən 2019-cu ilə kimi isə (artıq Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri kimi) İltifat Saleh rəhbərlik etdilər. İltifat Saleh 8 noyabr 2019-cu il tarixdə vəfat etdikdən sonra bu vəzifəni 2020-ci ilin avqust ayına kimi Bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad icra etdi.
17 avqust 2020-ci il tarixdən yazıçı-publisist Qafar Cəfərli AYB Lənkəran Bölməsinin sədri vəzifəsinə təyin olunsa da pandemiya səbəbindən 03 sentyabr tarixdə kollektivə təqdim olundu.
Üç il bir ay ərzində rəhbərliyimlə görülən işlər barədə qısa olaraq sizlərə məlumat vermək istəyirəm. İlk növbədə Bölmədə normal iş şəraiti yaratmaq üçün Bölmənin balansında olan iki otaq və Bölmənin yerləşdiyi binada boş olan əlavə iki otaq əsaslı təmir edildi, zəruri inventarlarla təmin olunub əməkdaşların istifadəsinə verildi. AYB –nin maddi köməyi ilə Bölmənin borca görə kəsilmiş telefon və işıq xətti bərpa edildi, internet xətti yaradıldı. AYB sədri hörmətli Anar müəllimə olan müraciətdən sonra Bölmə müvafiq texniki avadanlıqlarla təmin edildi.
Bölmənin əsas xidməti fəaliyyətinə daxil olan işlərin görülməsinə də xüsusi diqqət ayrıldı. Belə ki, bölməyə daxil olan altı rayon ərazisində yaşayan AYB üzvlərinin, üzv olmayan istedadlı şair və yazıçıların, həmçinin vəfat etmiş AYB üzvü olan şair və yazıçıların adlı siyahısı hazırlandı. Lənkəran bölməsinin sabiq sədrlərinin portretlərindən ibarət və bölgədə yaşayıb-yaradan vəfat edən AYB üzvü olan və olmayan istedadlı yazıçıların və şairlərin şəkillərindən ibarət guşələr yaradıldı. Bölmədə əvvəllər mövcud olan “Söz” ədəbi məclisinin fəaliyyəti bərpa edilərək həftəlik tədbirlərə start verildi. Son səkkiz ildə nəşri dayanan Bölmənin orqanı olan “Şəfəq” adlı ədəbi-bədii jurnalının nəşri bərpa edildi Artıq jurnalın bir neçə sayı oxucuların ixtiyarına verilib.
Fəaliyyətə başladığım ilk aylar şanlı 44 günlük Vətən müharibəsi dövrünə düşdüyü üçün müqəddəs şəhidlərin ruhunun əbədiləşdirilməsi xüsusilə diqqətdə saxlanıldı. Bir neçə ay ərzində Bölmənin əhatə etdiyi bütün rayonlarda şəhidlər barədə kitablar yazılıb çap edildi.
Son üç ildə bölgə yazarlarının iştirakları ilə həftəlik tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Tədbirlər əsasən Bölmənin özündə və ya Lənkəran şəhərindəki H.Əliyev Mərkəzində, Mərkəzi kitabxanada, Mədəniyyət Mərkəzində və digər yerlərdə keçirilsə də Bölmənin əhatə etdiyi digər beş rayonun hər birində də bu cür tədbirlərin baş tutması təmin edilir.
Son üç il ərzində Bölmədə keçirilən çoxsaylı kitab təqdimatları, şair və yazıçılarla görüşlər, ədəbi müzakirələr, anım və yubiley günləri, Novruz bayramı, 8 Mart Qadınlar bayramı və s. tədbirlərlə yanaşı ölkəmizin və xalqımızın həyatında əhəmiyyətli günlərin: Müstəqillik günü, Respublika günü, Dünya Azərbaycanlıların həmrəyliyi günü, Gənclər günü, Poeziya günü, Silahlı Qüvvələr günü, Milli Mətbuat günü, Qələbə günü ilə bağlı ; həmçinin 20 Yanvar Ümumxalq hüzn günü, Xocalı soyqırımı günü,Anım günü keçirilən tədbirlərin əsasını təşkil edib.
Bölmənin “Soz” ədəbi məclisində 2021-ci ildə N.Gəncəvinin 880 illiyi, 2022-ci ildə “Şuşa ili” və 2023-cü ildə Ümummilli lider H.Əliyevin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib.
Bölmə tərəfindən ümumən 2021-ci ildə müxtəlif səpkili 36, 2022-ci ildə 45 və 2023-cü ilin doqquz ayı ərzində isə 37 tədbir keçirilib ki, bu həftədə bir, bəzən isə iki tədbir deməkdir.
Keçən ilin son aylarında Bölmənin balansında olan geniş otaq əsaslı təmir edilərək tədbir zalı kimi istifadəyə verildi. Artıq bir ilə yaxındır ki, 35-40 nəfərin iştirakı ilə tədbirlər həmin zalda keçirilir.
Bölmənin iş planında nəzərdə tutulan tədbirlərdən biri də bölgədə yaşayan, lakin respublikanın öncül ədəbiyyat dərgilərində çap olunmayan yazarların, xüsusən gənc yazarların çap olunması layihəsinin həyata keçirilməsi oldu. Bölmə rəhbərinin təqdimatı ilə artıq “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Azad Azərbaycan” qəzetlərinin səhifələrində bölgə yazarlarının əsərləri işıq üzü görüb. Ümumən bölgədə yaşayan yazarlar ölkənin “Azərbaycan”, ”Ulduz”, ”Literaturnıy Azerbaycan” kimi sevilən ədəbi dərgilərində, həmçinin “Yurd”,”Xəzan” və sair tanınan jurnallarda və çoxsaylı qəzetlərdə mütəmadi çap olunurlar.
Son illərdə bizi narahat edən məsələlərdən biri də Lənkəran Dövlət Dram Teatrında yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulmasında yaranan fasilə idi. Bununla bağlı təşəbbüsümüz Teatr rəhbərliyi tərəfindən müsbət qarşılandı və bu ilin son rübündə, gələn il ərzində teatrın repertuar planına yerli müəlliflərin əsərləri tamaşa üçün qəbul edildi və bunun davamlı olacağı qərara alındı.
Görülən işlərə AYB rəhbərliyi tərəfindən yüksək qiymət verilir. Keçən il və bu il bölgədə yaşayan bir neçə yazarın Prezident təqaüdünə, müxtəlif ədəbi mükafatlara layiq görülməsi, bir neçə nəfərin AYB üzvlüyünə qəbul olunması buna əyani sübutdur.
Ümumən Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsi bölgədə ədəbi mühitin saflaşması, inkişafı və yüksəlməsi, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərini davam etdirir, bölgə yazarlarının iştirakları ilə fəaliyyətini uğurlu şəkildə aparmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır.
QAFAR CƏFƏRLİ
AYB Lənkəran Bölməsinin sədri,
yazıçı-publisist
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.