Kiçikyaşlı oxuculara yeni nağıl təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısı uşaqlar arasında nağılçı “Gülzar nənə” kimi tanınan və sevilən Gülzar İbrahimova yeni yazdığı nağılı kitabxanaya təqdim etdi.
“Bib-bab” adlı nağıl kiçikyaşlı oxucular üçün yazılıb. Nağılda Tiko adlı maşının yol hərəkəti qaydalarını bilmədiyini, bütün iradlara baxmayaraq sürətlə getdiyini və nəticədə qəza törədərək belinin əzildiyini uşaqlara çatdırılır. Gülzar İbrahimova bu maraqlı nağılda oxumağın, öyrənməyin, böyüklərin nəsihətini dinləməyin vacibliyini nağıl dili ilə uşaqlara çatdırır.
Bib-Bab
(nağıl)
Biri vardı, biri yoxdu, Tiko adlı balaca bir maşın vardı. O yaxşı, sürətlə getməyi bacarırdı. Amma onun böyük bir eyibi var idi. Yol hərəkəti qaydalarını bilmirdi. Çünki nə məktəbə getmişdi, nə də hərfləri öyrənmək istəyirdi.
Bir gün Tiko evdən çıxdı, təkəbbürlə yola çıxıb dedi:
– Getdik!
Tiko yol gedə-gedə oxumağı çox xoşlayırdı. Bu dəfə də o xoşladığı "Bib-bab" mahnısını oxuya-oxuya gedirdi.
"Bib-bab", mənə yol verin,
"Bib-bab", yoldan çəkilin…
Tiko yüksək sürətlə gedirdi. Bu vaxt hardansa yaxınlıqdan səs eşitdi:
– Ay uşaq, bir az yavaş, nə edirsən?
Tiko bir sağa baxdı, bir sola baxdı, heç kəsi görmədi, yuxarı baxanda hündürboylu Qaldırıcı kran əmini gördü. Kran əmi hirslənmişdi:
– Balaca, hara soxulursan?
Balaca sözü Tikonun xoşuna gəlmədi. O, həmişə özünü böyük sayırdı.
– Mən soxulmuram, mən maşın sürürəm. Bib-bab!
– Çox nahaq yerə maşın sürürsən, axı sən maşın sürməyi bacarmırsan!
– Mən maşın sürə bilməsəm, heç vaxt hamını ötmərəm!
– Maşını bərk sürsən də qayda-qanunu bilmirsən. Qaydaları bilsəydin yol nişanlarını tanıyardın. Burda isə görürsən nişan asılıb. Nişanda isə göstərilir ki, bu tərəfə maşın yolu yoxdur. Çünki burda tikinti gedir. Sən isə deyirsən maşın sürə bilirəm. Qaydaları bilsəydin belə deməzdin!
Qaldırıcı kran o qədər hirslənmişdi ki, sözünü deyib üzünü yana çevirdi. Tiko qaydaları bildiyini sübut etməyə çalışsa da, Qaldırıcı kran ona inanmadı:
– Qaydaları oxumaq və öyrənmək lazımdır!
– Mənə qayda oxumaq lazım deyil, qoy onu maşın sürməyənlər öyrənsin!
Tiko maşını sürüb oxuya-oxuya getdi:
Bib-bab, yol verin
Tez yolumdan çəkilin!
Nə istəsəm edirəm,
Hara gəldi gedirəm!
Tiko parkın yanından keçəndə yolun kənarında bir Təkərli dondurma tumbasını gördü. O, uşaqları sevindirir, onlara dondurma verirdi.
Təkərli dondurma tumbası uzaqdan çox sürətlə, vəhşi kimi yaxınlaşan balaca maşını gördü. Fikirləşdi: "Çəkilən deyiləm, qoy özünü yığışdırsın, qaydalara əməl eləsin! Məgər o görmür ki, yolun kənarında işarə qoyublar, parkın yaxınlığında, uşaqlar çox gəzən yerdə maşını sürətlə sürmək olmaz!
Tiko isə heç sürətini azaltmaq istəmirdi. O sürətlə elə gəldi ki, maşını cəld döndərə bilməyib, Təkərli dondurma tumbasını bərkdən vurdu. Tumba "vay" qışqırıb yerə yıxıldı. Üstü-başı torpağa bulaşdı, beli əzildiyindən güclə ayağa qalxa bildi. Hirsindən qışqırdı:
– Polis! Polis!
Polis gəlib çıxdı. Tiko özünü elə itirmişdi ki, hətta Təkərli dondurma tumbasından üzr istəmək belə onun yadından çıxmışdı.
– Nə baş verib burda? – polis soruşdu.
Təkərli dondurma tumbası həyəcanla danışdı:
– Bu oğlan yol hərəkəti qaydalarından xəbərsizdir, amma maşın sürür.
Polis üzünü Tikoya tutub amiranə səslə dedi:
– Ardımca gəlin!
Tiko qorxusundan danışmayıb səssizcə polisin ardınca getməyə başladı. O, utandığından başını aşağı salıb yeriyirdi. Elə bilirdi ki, onu həbs edəcəklər. Amma bir də başını qaldıranda gördü məktəb kimi bir yerdədir. Onu parta arxasında oturtdular. Qarşısına da dəftər, kitab qoydular. Tiko o tərəfinə, bu tərəfinə baxdı. Onun bir tərəfində yük maşını, bir tərəfində isə avtobus var idi. Tiko fikirləşdi: "Bu boyda maşınlar oxuyurlar, deməli oxumaq vacibdir. Mən də oxumalıyam. Bib-bab! Bib-bab!", – dedi və həmin gündən dəyişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.