Qasım Qasımzadə:
BU GÜN SƏNİ GÖRDÜM
Qasım Qasımzadə - 100
Q.Qasımzadə bədii yaradıcılığa ötən əsrin 40-cı illərində lirik şeirlər yazmaqla başlayıb. Xeyli sevgi şeirləri varmış. Gələcək həyat yoldaşı ilə nişanlananda bacısı Şölə xanım elə düşünüb ki, həmin şeirlər yeni qurulan ailədə problem yaradar və qardaşından xəbərsiz onları yandırıb. Qasım müəllim bacısının bu hərəkətindən təbəssümlə gileylənərək deyirdi “o qədər şeirim batdı ki…” Yalnız cüzi bir hissəsini yaddaşının köməyi ilə bərpa edə bilibmiş. Bərpa etdiklərindən birini paylaşıram, kitablarında dərc edilib.
BU GÜN SƏNİ GÖRDÜM
Bu gün səni gördüm… kaş görməyəydim,
Duydum ki, nə böyük günahım olmuş.
Nahaqdan incidib qəlbinə dəydim,
O qəlb ki, bir zaman pənahım olmuş.
Bu gün səni gördüm... yenə təzə-tər,
Elə bil zərrəcə dəyişməmisən.
Baxış o baxışdır, gözlər o gözlər,
Duydum o əllərin istisini mən.
Bu gün səni gördüm... durduq yanaşı,
Sevindim – tapmışam mən öz sonamı.
Yox, o başqa gölə verir yaraşıq,
Uçuq yuvasına bir də qonarmı?!
Bu gün səni gördüm... gözüm önündə
Gəlib ötən günlər bir-bir dayandı.
Mən yada salıram, xatırla sən də,
Dəniz kənarında içilən andı!
Bu gün səni gördüm... o gülüşlərin,
Küsüb barışmağın düşdü yadıma.
Yenə də gülürsən sən şirin-şirin,
Mənsə kədərliyəm, çat imdadıma.
Yox, çata bilməzsən, əlin çatarmı –
Kəsmiş aralığı dağlar, dərələr.
Daha indən belə mə’nası varmı –
Gecikmiş sevdaya baxanlar gülər.
Bu gün səni gördüm... dərdlim yüz oldu,
Od qoydu sinəmə əzəl sözlərin.
İlk eşqin qönçəsi gör necə soldu…
Riqqətdən yaşarmış gülən gözlərin.
Bilirəm, bilirəm çox gileyin var,
Yaxşı duymamışam o zaman səni.
Qəlbən sevinərdi dostlar, tanışlar
Səninlə mehriban görəndə məni.
O vaxt aramıza girənlər oldu,
Ayıra bilmədim düzü əyridən.
Heyif, ayrılığa qədəm qoyuldu,
Bütün günahlara bais mənəm, mən.
Gətirib qaytardın məktublarımı,
Gülümsər şəklini verdim özünə.
Apardı xəzrimi, de, gilavarmı? –
Neysan yağışları düşdü izinə.
Ayrılıdıq… qəzəbdə coşan dalğalar
Çağırıb bir daha sınadı bizi.
Əhdə şahid olan o təzə çinar
Yelləyib başını qınadı bizi.
Hərəmiz bir səmtə üz tutub getdik,
Arzular necə də tez oldu hədər.
Fəqət qəlbimizdə biz söhbət etdik,
Gecəni yatmadıq səhərə qədər.
Sənin bizdə qalan mürəkkəbqabın
Dəydi qələmimə, qələm ağladı.
Əmanət verdiyin dəftər-kitabın
Elə bil mənimlə küsü saxladı.
Çəkindim hər şeydən… əllərin dəyən
Bir şeyə əlimi vura bilmədim.
Gəl ötən günləri xatırla deyən
Çinarın yanında dura bilmədim.
Bu gün səni gördüm… o vüqarınla,
O saf ürəyində əlimi sıxdın.
Zaman imtahandır – düz ilqarınla
Hər sorğu-sualdan sən haqlı çıxdın.
Bu gün səni gördüm… kaş görməyəydim.
Dedim tanımaram qarşıma çıxsan.
Durmusan önümdə.
Kim inanar, kim…
Ah, necə yaxınsan… necə uzaqsan…
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.