Ağalar İdrisoğlu:
Teatr Xadimləri İttifaqının son uğurları
Azərbaycan Teatr Xadimləri İttifaqı ictimai təşkilat olsa da, yaranışından bu günə kimi teatrlarımızın inkişafı üçün əlindən gələni edir. Çünki bir vaxtlar- 1991-ci ildə Xalq artisti, mərhum Həsənağa Turabovun prezident seçildiyi, Azər Paşa Nemətovun sədr,Bala Qasımovun, Qəzənfər Topçiyevin, Yaşar Nuriyevin, Lyüdmila Perlovanın, Kamal Aslanovun və Ağalar İdrisoğlunun katib olduqları bu təşkilat həmin vaxtlar Azərbaycan teatrları üçün çox böyük işlər görürdü və hətta xarici ölklərdən teatrları məmlətəkimizə dəvət edib, beynəlxalq səviyyəli festivallar da keçirirdi... Bu da teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən çox yaxşı və maraqla qarşılanırdı.
Mən çox sevinirəm ki, bizdən sonra seçilən yeni heyət də son on ildə böyük işlər görür. Elə bu görülən işlərlə çoxminli oxucuları daha yaxından tanış etmək üçün Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra eləyən, xalqımızın çox sevimli aktyoru, özünün peşəkar sənəti ilə adını teatr və kino tariximizə böyük hərflərlə yazdıran, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Hacı İsmayılovla həmsöhbət oldum.
- -Salam, Hacı müəllim. Danmaq olmaz ki, Teatr Xadimləri İttifaqı son on ildə əvvəlki illərdə olduğu kimi, doğrudan da çox böyük işlər görür. Siz burada birinci katib və indi də sədrin səlahiyyətlərini icra edən insan kimi hansı işləri görübsünüz və görürsünüz? Xahiş edirəm, çoxminli oxucularımıza bu haqda məlumat verin.
-Böyük məmnuniyyətlə. Elə ondan başlayım ki, 2014-cü ildə görkəmli rejissorumuz, Teatr Xadimləri İttifaqının sədri, mərhum Azər Paşa Nemətov məni Teatr Xadimləri İttifaqına birinci müavin kimi dəvət eləyəndə biz xeyli işlər görməyə başladıq. İlk öncə dördüncü mərtəbədə cavan rejissorlar və aktyorlar üçün öz güclərinisınamaq və istedadlarını lazım olan səviyyədə nümayiş etdirmək üçün bir kiçik səhnə və zal yaratdıq. Adını da Mustafa Mərdanov səhnəsi qoyduq. Sual verə bilərsiniz ki, “niyə Mustafa Mərdanov”. Siz bu sualı verməmiş deyim ki, bu yaraşıqlı binanın tikilməsində o vaxtlar Teatr Cəmiyyətinin sədri olan, gözəl aktyorumuz, Azərbaycan teatr və kino tariximizdə çox böyük və yadda qalan rollar oynamış, Xalq artisti Mustafa Mərdanovun və maraqlı rejissor, Əməkdar incəsənət xadimi, bir vaxtlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru işləmiş Zəfər Nemətovun böyük xidmətləri olub. Həmin səhnədə ilk tamaşamız da Mustafa Mərdanovun özünün yazdığı- “Mənim müasirlərim” və “Mənim xatirlələrim” kitablarından hazırlanmış gözəl bir kompozisiya oynadıq. Bununla da həmin səhnənin açılışı oldu. Bu tamaşadan sonra orada Elçin Hüseynbəylinin “Qaçaq qocalar” və ondan sonra 7-8 tamaşa oynanıldı. Hətta “Qaçaq qocalar” tamaşasını kollektivimiz Türkiyəyə apardı. Bir neçə festivalda iştirak elədik. Mükafatlar aldıq. Bundan sonra biz qərara aldıq ki, Teatr Xadimləri İttifaqında yaradıcılıq laboratoriyaları yaradaq. Dörd laboratoriya yaratdıq. Dramaturgiya laboratoriyası. Bu laboratoriyaya görkəmli daramaturq, Xalq artisti Ramiz Fətəliyevrəhbərlik eləməyə başladı. Rejissor laboratoriyasının rəhbəri, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov oldu. Aktyor laboratoriyasının rəhbəri tanınmız aktyor Mamed Verdizadə oldu. Və bir də eksperimental rejissura laboratoriyası yaratdıq. Onun da rəhbəri tanınmış rejissor Tərlan Rəsulov oldu. Bu laboratoriyalar son dörd ildə çox böyük işlər görüblər. Biz onların fəaliyyətilə əlaqədar baxış tamaşaların festivalını keçirdik. Bu illərdə həmin kollektivlərin üç baxış tamaşalarının festivalını təşkil etmişik. Bu ilin axırında da dördüncü baxış teatr festivalı keçirəcəyik. Bu festivallarda həmin laboratoriyada çalışan, ora gələn, həvəs göstərən istedadlı insanlarınədəbiyyatımıza, teatrımıza sevgisini artırmaq, onları tamaşaçılarla daha yaxından tanış etmək məhz görülən maraqlı işlərin ali məqsədidir.
- - Mən həmin işlərin bəzilərinə baxmışam və sevinmişəm ki, siz cavanları bu işlərə çox həvəsləndirirsiniz. Bundan başqa, siz bu illərdə həm də çox maraqlı bədii qiraət müsabiqələri də keçirirsiniz. Mən bu müsabiqələrə gəlib baxmışam və çox xoşuma gəlib. Çox istedadlı insanlar, bədii qiraətçilər kəşf olunub.
-Əvvəllər, sizin vaxtınızda da bədii qiraət müsabiqələri olub. Amma belə geniş formada olmayıb. Bu son iki ildə biz dörd bədii qiraət müsabiqəsi keçirmişik. Xurşud Banu Natəvana həsr olunmuş müsabiqə. Nizami Gəncəvinin yaradıcılığından olan əsərlərin müsabiqəsi. Qalib Azərbaycan müsabiqəsi və sonuncu da ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müsabiqə. Bu müsabiqə də belə adlanırdı: “Sən elə bir zirvəsən”. İki ildə belə geniş dörd bədii qiraət müsabiqəsi keçirmək də böyük işdir. Bu da bədii qiraətə olan marağı çox artırdı. İstedadlı gənclərin ortaya çıxmasına səbəb oldu. İstəyirik ki, bu bədii qiraət müsabiqələrini yenə də davam etdirək.
- -Bu il sizin işiniz daha çox olub və bu iş davam edir. Belə ki, yubileyi olan bölgə teatrlarını Bakıya dəvət edirsiniz. Onlar da özlərinin ən yaxşı tamaşalarından birini gətirib, burada, Aktyor Evinin tamaşaçı zalında oynayırlar. Həm də onların maliyyə xərclərini də Teatr Xadimləri İttifaqı öz boynuna götürüb. Bu da iki cəhətdən çox yaxşıdır. Birinci əyalətdə olan teatrlar öz tamaşaları ilə paytaxt tamaşaçılarını və teatr mütəxəssislərini tanış edirlər. Özlərinin nəyə qadir olduğunu sübut edirlər. İkinci də siz onlara işləməyə elə bil böyük bir stimul verirsiniz. Gəlin, danmayaq ki, bölgə teatrları uzun illər idi ki, Mədəniyyət Nazirliyinin yadından çıxmışdı. Hətta yadıma gəlir ki, 2020-ci ilin fevral ayında mənim quruluş verdiyim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşasını Mingəçevir Dövlət Dram Teatrı Bakıya gətirmək istəyirdi. Amma Mədəniyyət Nazirliyi onlara heç cürə köməklik etmək istəmirdi. Axırda teatr məcbur olub, mənim köməkliyimlə sponsor tapdı və həmin tamaşanı biz Milli Akademik Dram Teatrının səhnəsində iki gün oynadıq. Təsəvvür edirsinizmi ki, Mədəniyyət Nazirliyindən bir adam belə gəlib həmin tamaşaya baxmadı. Baxmayaraq ki, teatr rəhbərliyi onlara otuz dəvətnamə də vermişdi. Bax, bu idi keçmiş Mədəniyyət Nazirliyi işçilərinin teatrlara, əsasən də bölgə teatrlarına biganəliyi.
-Bizim bu ideya birdən-birə ortaya çıxdı. Bu layihəni başlayanda, həmin vaxt hələ Azəır Paşa Nemətov sağ idi. Layihəni də belə adlandırdıq: “Qonaq teatrlar və yubileyləri olan teatrlar”. Biz həmin teatrları Bakıya dəvət etməyə başladıq. İlk öncə Ağdam Dövlət Dram Teatrından başladıq. Çünki bu il Ağdam teatrının yaranmasının 100 illiyi tamam olur. Onlar da Aktyor Evinin səhnəsində bizim qəhrəman şəhidlərimizə həsr olunmuş yerli dramaturq Nadir Qədimlinin “Şuşadan gələn səs” tamaşasını yüksək səviyyədə oynadılar. Tamaşanın quruluşçu rejissoru Kərim Həsənovdur. Bu tamaşa şəhidlərə həsr olunan çox maraqlı tamaşadır. Ondan sonra Şəki Dövlət Dram Teatrını biz Bakıya dəvət elədik. Şəki teatrı da 90 ildir ki, yaranıb. Onlar da gəlib bizim səhnəmizdə türk dramaturqu Toyğun Orbayın“21.15 Qatarı” əsərini oynadılar. Tamaşanın quruluşçu rejissoru Elvin Nuridir.Üçüncü isə Mingəçevir Dövlət Dram Teatrını dəvət elədik. Bu teatr da 55 ildir ki, yaranıb. Onlar da dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Varlı qadın” tamaşasını, Xalq artisti Valeh Kərimovun quruluşunda oynadılar. Bu mövsümün sonunda dördüncü yubilyar teatr isə Sumqayıt Dövlət Dram Teatrı oldu. Onlar da iyul ayının 3-də türk dramaturqu Turqut Ozakmanın “Ocaq” tamaşasını oynadılar. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmovdur.
Bu teatrların hər birinə Teatr Xadimləri İttifaqı Fəxri Fərman verdi.
Biz sentyabr ayından bu layihəni yenə də davam etdirəcəyik. İlin sonuna kimi üç teatrı Bakıya dəvət etməyi planlaşdırmışıq. Birinci Qazax Dövlət Dram Teatrını dəvət edəcəyik. Bu teatrın da bu il 85 yaşı tamam olur. Onlar Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” tamaşasını, Əməkdar artist Xəzər Gəncəlinin quruluşunda sentyabr ayında Aktor Evində oynayacaqlar. Oktyabr-noyabr aylarında isə Lənkəran Dövlət Dram Teatrını və Naxçıvan Dövlət Musiqili-Dram Teatrını Bakıya dəvət etməyi palnlaşdırmışıq. Lənkəran Dövlət Dram Teatrının da bərpa olunmasının bu il 50 ili tamam olur. Naxçıvan Dövlət Musiqili-Dram Teatrının isə yaranmasının 140 ili tamam olub. Bu layihə Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə bizim layihədi. Yeni Mədəniyyət nazirimiz cənab Adil Kərimli işə başladığı ilk gündən teatrlarımızın və kinomuzun dirçəlməsi üçün böyük işlər görməyə başlayıb. Belə ki, bu ilin aprel ayında teatr və kino forumunun Heydər Əliyev Fondunun Mərkəzində yüksək səviyyədə keçirilməsi buna əyani sübutdur. Orada qaldırılan problemli məsələlərin həllinə artıq başlanılıb. Teatr və kino xadimlərinin də cənab Adil Kərimliyə inamı çox böyükdür. Biz hamımız inanırıq ki, Adil müəllim, Azərbaycan incəsənəti üçün çox böyük işlər görəcək.
Bilirsiniz ki, bu il Azərbaycan Milli Teatrının yaranmasının mart ayının 10-da 150 ili tamam oldu. İlin sonunda bu yubiley yüksək bayram səviyyəsində respublika miqyasında bütün bölgələrində keçiriləcək. Eləcə də ilin sonuna qədər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi də davam eləyir. Qazax Dövlət Dram Teatrı da Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” pyesini həmin yubileyə ithaf edib. Bu tamaşanın premyerası Qazaxda iyun ayının 12-də çox böyük uğurla keçib.
Gələn il də yubileyi olan teatrları Bakıya dəvət edəcəyik. Bu layihə bir növ elə teatrın Bakı tamaşaçıları və teatr mütəxəssiləri qarşısında hesabat çıxışıdır. İmtahanıdır. Hər teatr da istəyir bu imtahandan yaxşı, əla qiymət alsın.
- -Deməli, bu illər sizin tərəfinizdən çox səmərəli işlər görülüb?
-Bəli bədii qiraət festivalları, baxış müsabiqələri, xarici ölklərin müsabiqələrində iştirak etmək, teatrların Bakıya dəvət olunması və başqa tədbirlər hamısı böyük maliyyə xərci, zəhmət tələb eləyən tədbirlərdir. Şükür ki, biz bunların hamısını yüksək peşəkar səviyyədə keçirmişik və ilin sonuna kimi də keçirəsəyik. Bütün bu işlərdə Teatr Xadimləri İffifaqı işçilərinin böyük əməyi olub. Hamısına öz təşəkkürümü bildirirəm. Bizdə çox sağlam və işlək bir komanda var.
- -Bir vaxtlar biz burada, Xalq artisti Həsənağa Turabovun rəhbəriyi ilə işləyəndə təkcə Azərbaycan teatrlarını Bakıya dəvət etmirdik, həm də beynəlxalq səviyyəli festivallar keçirirdik. Siz əvvəlki işlərin demək olar ki, hamısını uğurla görürsünüz. Bəs beynəlxalq səviyyəli festivalları keçirməyi planlaşdırırsınızmı? Əlbəttə, bu, böyük maliyyə tələb eləyir. Bu işdə sizə Mədəniyyət Nazirliyi də köməklik etməlidir.
-Bu da çox maraqlı və yaxşı layihədir. Fikrimiz var ki, cənab Adil Kərimli ilə danışıb, bu xeyirxah və lazımlı məsələni reallaşdıraq. Heç olmasa, MDB məkanında olan və qonşu Türkiyə, Gürcüstan və Pribaltika respublikalarını dəvət etməklə belə bir tədbir keçirək. Bu, Azərbaycan teatrlarının dirçəlməsinə də böyük təkan verər. Çünki həmin ölkələr özlərinin maraqlı tamaşalarını Bakıda və bölgələrdə oynamaqla, teatra respublikamızda marağı bir az da artırarlar. Eləcə də teatrlarımızın aktyorları, rejissorları həmin tamaşalardan bəhrələnərlər. Yəqin ki, gələn il bu maraqlı layihəni də biz Mədəniyyət Nazirliyi ilə birlikdə reallaşdıracağıq.
- -Sizə gələcək işlərinizdə daha böyük uğurlar arzu edirik.
-Çox sağ olun. Siz Azərbaycan teatrlarının fəaliyyətini tez-tez mətbuat səhifələrində işıqlandırmaqla, yaradıcı insanlara böyük bir stimul verirsiniz. Çünki Kütləvi İnformasiya Vasitələri və televiziyalarımız bunu özlərinin müqəddəs borcu bilməlidirlər ki, teatrlarımızılazım olan kimi reklam etsinlər. Bu da teatrlara tamaşaçı axınının yaranmasına böyük köməklik edər.
P. S. Mən Teatr Xadimlər İttifaqının binasından çıxanda Hacı müəllimdən yüksək optimist notlarla ayrıldım. Doğrudan da son on ildə onlar çox böyük işlər görüblər. Ona görə də bu gün incəsənət sahəsində çalışan və eləcə də hər bir azərbaycanlının borcudur onlara əlindən gələn bütün köməklikləri eləsinlər. Biz yalnız bu yolla Azərbaycan teatrlarını lazım olan səviyyədə dirçəldə bilərik. Bu müqəddəs sahədə çalışanlara böyük stimul verə bilərik ki, onlar yüksək, peşəkar tamaşalar hazırlayıb, məmləkətimizdən kənara çıxarsınlar və Azərbaycan mədəniyyətini, teatrını dünyada tanıtsınlar. Bu müqəddəs işdə imkanlı müəssisələrin və varlı sahibkarların üzərinə daha böyük iş düşür. “İnam isə, həyatın sərmayəsidir”,- deyib atalarımız. Mən də inanıram ki, millətimizin dünya xalqları arasında mədəniyyət sahəsində öz sözlərini layiqincə deməsi üçün onlar da bu sahədə Teatr Xadimlər İttifaqına və teatrlarımıza lazım olan köməklikləri edəcəklər. Bu müqəddəs işə kömək edənlərə dəUlu Tanrı həmişə yardımçı olacaq.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə belə adamlar haqqında görün necə maraqlı bir kəlam deyib: “Əsl yüksək əxlaqli, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışını əsl vətənpərvərliklə uyğunlaşdırsın və xalqına təmənnasız xidmət etsin”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.