Azərbaycan Silahlı Qüvvələrinin 105 illik yubileyi
Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunmuşdur
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin nəzdində Hərbi attaşe aparatı tərəfindən İslamabad şəhərinin Marriott mehmanxanasında təşkil olunan təntənəli rəsmi qəbulda ali qonaq qismində Pakistanın Hərbi Hava Qüvvələri komandanının müavini Aviasiya Marşalı İrfan Əhməd iştirak etmişdir. Tədbirdə eyni zamanda Pakistanın tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfir və hərbi attaşeləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri, mətbuat nümayəndələri, Pakistanda yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov giriş nitqində tədbir iştirakçılarını salamladı və Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi və 1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Azərbaycanın ilk milli diviziyasının yaradıldığını bildirdi.
Səfir, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü və daxili vətəndaş müharibəsinin getdiyi bir vaxta xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyini, ölkədəki xaos və anarxiyanı aradan qaldırdığını, ölkədəki iqtisadi-siyasi sabitliyi təmin etdiyini diqqətə çatdırdı. Məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində hər bir sahədə olduğu kimi ordu quruculuğunda da böyük uğurlar qazanıldığını qeyd etdi.
Xəzər Fərhadov Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, yüksək döyüş hazırlığına malik və müasir silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin cəsur mənsublarının Silahlı Qüvvələrin Ali Baş Komandanı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında 2020-ci ildə 44-günlük Vətən müharibəsində qazanılmış zəfəri qızıl hərflərlə tarixə yazaraq Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini işğaldan azad etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Səfir, Azərbaycan Silahlı Qüvvələinin həyata keçirdiyi müasir dövrün hərbi əməliyyatlarının döyüş strategiyası və taktikasının dünyanın qabaqcıl hərbi təhsil müəssisələrində təhlil edildiyini və öyrənildiyini qeyd etdi.
X.Fərhadov Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən söhbət açaraq, orada Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumatları qonaqların diqqətinə çatdırdı.
Səfir Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın günü-gündən inkişaf etdiyini vurğuladı. O, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına son rəsmi səfərini xatırladaraq sözügedən səfərin yüksək səviyyədə keçdiyini və səfər çərçivəsində iqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin qərara alındığını bildirdi.
Səfir Xəzər Fərhadov, Azərbaycan ilə Pakistan arasında digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əlaqələrin də yüksələn templə inkişaf etdiyini və hərbi və hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inandığını bildirdi.
Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkonik Mehman Novruzov tədbirdə çıxış edərək bildirdi ki, zəngin təbii sərvətlərə və strateji əhəmiyyətli coğrafi mövqeyə sahib olan Azərbaycan xalqı əsrlər boyu güclü dövlətlərin təzyiqlərinə və hərbi təcavüzlərinə ciddi müqavimət göstərərək müstəqillik və dövlətçilik uğrunda mübarizə aparmışdır. Hərbi attaşe Çar Rusiyası süqut etdikdən sonra 28 may 1918-ci il tarixində Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını və cümhuriyyətin 23 ay mövcud olduğu müddətdə müstəqil dövlətin bütün atributlarının, o cümlədən Azərbaycan Ordusunun yaradıldığını qeyd etdi. O, erməni-bolşevik birliyinin işğalçı siyasətinə qarşı mübarizə aparan Azərbaycan hökuməti tərəfindən 1918-ci il iyunun 26-da diviziya statuslu hərbi korpusun yaradılması haqqında qərar qəbul etdiyini və bununla da milli ordunun təməlinin qoyulduğunu diqqətə çatdırdı. 1920-ci ildə Azərbaycanın müstəqilliyinin qızıl ordu tərəfindən süquta uğradılmasına baxmayaraq, Sovet İttifaqı dövründə də Azərbaycan xalqının milli döyüş ruhunun və qədim hərbi ənənələrinin davam etdirdiyini və
2-ci Dünya Müharibəsində Azərbaycan diviziyalarının Bakıdan Berlinədək döyüş yolu keçməsi barədə iştirakçıları məlumatlandırdı. O, Ulu Öndər Heydər Əliyevin hələ Sovet İttifaqı dövründə Azərbaycanlı gənclərin hərbi hazırlığını diqqətdə saxladığını və onun təşəbbüsü və gərgin səyləri nəticəsində 1971-ci ildə Bakı şəhərində Cəmşid Naxçıvanski adına ilk hərbi liseyin açılmasına nail olunduğunu və 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra həmin liseyin Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında böyük təməl rolu oynadığını diqqətə çatdırdı.
Polkovnik Mehman Novruzov Azərbaycan Silahlı Qüvvələri tarixinin qəhrəmanlıq səlnaməsi olan 44-günlük Vətən müharibəsindən söz açaraq, 2020-ci ilin 27 sentyabr tarixində erməni hərbi təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı – Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Azərbaycanın 20% ərazilərinin azad olunduğunu, Ermənistanın kapitulyasiyaya məcbur edildiyini və beləliklə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il müddətində kağız üzərində qalmış dörd qətnaməsinin icra olunduğunu diqqətə çatdırdı.
Hərbi attaşe, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında və apardığı uzaqgörən siyasəti nəticəsində yüksək peşəkarlığa malik və müasir silahlarla silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək və ölkənin potensial təhlükəsizlik çağırışlarına cavab verməyə qadir olmaqla yanaşı, həm də regional və qlobal sülhə və təhlükəsizliyə mühüm töhfələr vermək iqtidarında olduğunu vurğuladı.
Polkovnik Mehman Novruzov Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətinin mövcud olduğunu və Azərbaycan-Pakistan ikitərəfli hərbi əməkdaşlığının qardaşlıq, ortaq dəyərlər və məqsədlər üzərində qurulduğunu vurğulayaraq ölkələrimizin silahlı qüvvələri arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin, hərbi-təhsil proqramlarında iştirakın, birgə təlimlərin keçirilməsinin, eləcə də hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsinin Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırdı.
Tədbirdə iştirak edən Pakistan Silahlı Qüvvələrinin Hərbi Orkestri tərəfindən Azərbaycan və Pakistanın dövlət himnlərini və Azərbaycan, Pakistan və Türkiyənin hərbi marşları ifa edilmişdir.
Tədbirin keçirildiyi salonunun girişində Azərbaycanın tarixini, mədəniyyəini və turizm potensialını əks etdirən fotolar qonaqlara nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin döyüş hazırlığına və hərbi gücünə, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərə və Azərbaycanın iqtisadi uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdrilmişdir.
Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.