HƏYAT ŞAMI: Çanaqqala səfərim...
Çanaqqalaya səfərimiz Geliboludan başladı. Daha doğrusu, İstanbuldan Tekirdağa yol aldıq, oradan Gelibolu yarımadasına girdik, maşınqarışıq vapura minib Çanaqqala şəhərinə keçdik.
Öncə "57. Piyade Alayı Şehitliği"nden başladıq. Çanaqqala savaşı zamanı əcnəbi əsgərlər buraya "Şahmat taxtası" adını vermişlər. Abidədə şahmat taxtasına bənzədilmiş simvolik məzarlar var. Bu məzarlıqda bir Azərbaycan türkünün adına rast gəldim: Z.A. Mehşet Ali oğlu, Azerbaycan, Hoy - yazılmışdı. 1992-ci ildə qurulmuş olan bu abidə simvolikdir. Gerçək Şəhidlik Bomba Sırtı deyilən yerin cənub tərəfində, Çataldərə vadisi adlanan yerdə yerləşir. Bütün şəhidlərin ruhuna bir Fatihə oxuyub, rəhmət dilədik...
Sonra "Çanakkale Şehitlik Abidesi"ne yol aldıq:
Çanaqqala ilçə sərhədləri daxilində Gelibolu yarımadasında, Dardanel boğazının ucunda Hisarlık təpə üstündə yerləşən möhtəşəm abidəni ziyarət etdik. Azərbaycanlı əsgərin məzarına burada da rastladım. Bu dəfə- Azərbaycan, Bakı -yazılmışdı məzar daşı üzərində. 38 yaşlı gənc bir əsgər...
Ardından
Seyid Onbaşı-nın abidəsini ziyarət etdik.
Çanaqqalaya ilk girdiyimizdə orta məktəbdə coğrafiya müəllimim Alı müəllimin (Ruhu şad olsun) bizə öyrətdiyi Avropayla Asiya qitəsini ayıran xətti xatırlamağa çalışdım. Belə başlayırdıq: - Ural dağları, Ural çayı, Qara dəniz, Volqa çayı, Xəzər dənizi, Qafqaz dağları, Marmara dənizi Bosfor boğazı, Egey dənizi, Dardanel boğazı, Aralıq dənizi, Babəlməndəl boğazı, Qırmızı dəniz, Hind okeanı...Yadımda bu sıralama qalıb, "kusuruma bakmayın"...
Sözümün canı o ki, Dardanel boğazından keçməyə gedirdim...
Keçdik...
Çanaqqala şəhərində nahar edib üz tutduq Geyikli köyünə doğru. Gecəni Geyiklidə qalqıq. Sabah olunca yolumuz Bozcadaya doğru idi.Ege dənizində yunanlardan əlimizdə qalan iki adadan (digəri Gökçeada) biridir Bozcaada. Bizans dönəmindən qalma qala divarlarıyla möhtəşəmlik simvolu olan bu adanın əsil adı Tenedosdur. Ege dənizinin mavi suları Bozcaada Kalesini daha da cazibədar edir. Bozcada Kalesindən yuxarıda Yel dəyirmanları tarixin qatlarından sızıb bu günə qədər gəlmişdir.
Qaladakı əzəmətin etkisi altında Geyikliyə geri döndük və 54 km uzaqlıqda Ayvacık ilçəsinə bağlı olan Bəhramkaleyə, yəni Assosa doğru üz tutduq. 45 dəqiqəlik yolu bir göz qırpımında qət etdik. Behramkale Köyü Osmanlı zamanı salınmış bir kənddir. Antik Assos şəhəri üzünü cənuba, yəni dənizə dönməsinə rəğmən, kəndin məskunlaşması əks tərəfə doğru qurulmuşdur. Günbatımını seyr etmək üçün insanların üz tutduğu sehrli məkandır burası. "Assos Antik Kenti"ni gəzimiz günbatımı ilə sonlandı.
Nə başınızı ağrıdım, Ayvacığa geri dönüb bir oteldə gecələdik...
Yeri gəlmişkən, mənim yol yoldaşlarım - həyat arkadaşım, eşim Mehmet bəy, Marmara Universitetindən doç.dr Mehdi Genceli və onun ömür-gün yoldaşı fizika öğretmeni (müəllimi) Şirin hanım idi. Bu faydalı gəzintidə mənə səfərdaşlıq edən, Dördlər İttifaqına 🙂 daxil olan Mehmet bəyə minnətdaram, Mehdi hoca və Şirin öğretmene isə dərin təşəkkürümü bildirirəm.
Harda qaldıq? Hə, səfərimiz bitmədi hələ. Ayvacıkda kahvaltımızı edib Ezine ilçəsinə tərəf geri döndük. (Məşhur Ezine pendirindən daddıq. Peynirli helvaya isə söz ola bilməzdi).
Üzü Çanaqqala şəhərinə dönərkən, yolüstü Truva şəhərinə və Truva Antik Kentinə , açıq muzeyə yollandıq. Behramkaleyə, Assosa girərkən aldığımız muzey kartı burda karımıza gəldi.
Yəqin ki, hər kəs "Troya" Filmini izləyib. Həmin o filmdəki qəhrəmanların -Aqamemnon, Paris, Yelena (Helen), Qektarın şəhərinə girdik. Şəhər deyəndə ki, şəhərin qalıqlarından oluşan Troya Antik Kentinin (şəhərinin) açıq muzeyinə...
Tarix gözlərimin önündə canlandı: Troyadakı ən erkən yerləşim qatı b.e.ə. 3000-2500 ilə erkən Tünc dövrünə dayanır. Troya Antik Şəhəri YUNESCOnun qorunan tarixi mədəni irs siyahısına daxildir.
Troya şəhərini gəzib də Troya atına minməmək səfərdən sayılmazdı.
Odur ki, Çanaqqalada qərar tutmuş Troya atını görmək üçün geriyə, Çanaqqala şəhərinə dönməli idik. İstanbula dönüşümüz də şəhərdən keçəcəkdi.
Əfsanəvi Troya atının hekayəsi isə hər kəsə məlumdur: müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə. 10 illik nəticəsiz müharibədən sonra yunanlar taxtadan böyük bir at düzəldir və ən seçkin əsgərləri atın içərisində gizlədirlər. Troyalılar atı Tanrının hədiyyəsi hesab edib atı şəhərə çəkirlər. Gecə atın içində gizlənən yunan əsgərləri atdan çıxıb Qalanın qapılarını açırlar və yunanlar Troya şəhərinə daxil olur və dağıntılar törədirlər...
Çanaqqala səfərimiz dolu-dolu, maraqlı, faydalı keçdi.
Səfərnaməni çox uzatmaq istəmədən burada sağollaşıram.
Yol yoldaşlarımın yox, amma mənim Çanaqqalaya ilk səfərim idi. Çanaqqala tarixlə zəngin, sirli-sehrli bir şəhərdir. Çox məmnun oldum. Yenə görüşənədək, Çanaqqalam!
#Çanakkale #Troya #truva #Bozcaada #tenedos #assos #Ege #Dardanel #Turkey
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.