Redaksiyadan
Tanınmış teatrşünas, Azərbaycan teatrları, kinosu, mədəniyyəti, onun tarixi sahəsində və rejissorlar, aktyorlar haqqında bir-birindən maraqlı kitabların müəllifi, yüzdən çox kitabı çap olunmuş, Sənətşünaslıq üzrə doktor, professor, Prezidentin Fərdi Təqaüdçüsü İlham Rəhimlinin bu sayımızdan başlayaraq çağdaş teatrımız, orada çalışan sənətkarlar, teatrımızın problemlərilə bağlı yazılarını çap etməyi planlaşdırmışıq. İnanırıq ki, bu yazılara, ressenziyalara təkcə sənət adamları yox, həm də oxucular böyük maraq göstərəcək və teatrlarımızda hazırlanan bir-birindən maraqlı tamaşalara gedib, oradan böyük zövq alacaqlar. Çünki hər millət öz teatrını, mədəniyyətini qorumaq üçün onlara böyük maraq göstərməli və tez-tez teatrlara getməlidir. Onlar tamaşalara baxmaqla yaxşı formalaşa bilərlər. Həyatı lazım olan kimi dərk edərlər. Əsl vətəndaş kimi yetişə bilərlər. Çünki teatr cəmiyyətin kiçildilmiş modelidir.
(Gənc Tamaşaçılar Teatrı barədə könülaçan düşüncələr)
Hazırda Gənc Tamaşaçılar Teatrının truppasında məşhur sənətkarlardan Xalq artistləri Yasin Qarayev, Qurban İsmayılov, Haibə Allahverdiyeva, Nübar Novruzova, Əməkdar artistlər Şəfəq Əliyeva, Kəmalə Müzəffər (Hüseynova), Elşən Rüstəmov, Vahid Əliyev, Zemfira Əbdülsəmədova, Qəmər Məmmədova, Nəsibə Eldarova, Güşvər Şərifova, Mehriban Abdullayeva, Şövqi Hüseynov, Elnur Bəhramxan (Hüseynov), Elnur Kərimov, , İlham Əsədov, Leyli Vəliyeva, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Rasim Cəfərov, orta yaşa keçən xeylı fədakarlar və ümidverən gənclər çalışırlar. Onlardan bir neçəsi barədə ürək sözlərimi və teatrın yaradıcılıq konsepsiyası, fəaliyyət funksiyasının təkmilləşdirilməsi barədə subyektiv fikirlərimi oxucuların nəzərlərinə çatdırmaq istəyirəm.
Bu yazımda orta yaşı keçmiş Kəmalə Müzəffər, Elşən Rüstəmov, cavanlıq mərhələsini təzəcə adlamış Elnur Bəhramxan, Elşən Hacıbababəyov və gənclik coşqusu, təravəti, ehtirası, enerjisi ilə uğurlar qazanan Aygün Fətullayeva, Asya Atakişiyeva, Günel Məmmədova və Bəhram Həsənov barədə danışmaq istəyirəm.
Kəmalə Müzəffər (Hüseynova) “Pəri cadu” tamaşasında Pəri cadunun emosional, çılğın pəriliyi ilə bəd əməllər üçün caduluq xislətinin nifrət dolu mahiyyətini harmonik vəhdətdə oynayırdı. Bu harmonik vəhdətdə istedadın püskürən cazibəsi, emosionallığın kükrəyən dalğası, çılğınlığın aşıb-daşan coşqunluğu heyrətamiz idi. Pəri cadu obrazını müxtəlif illərdə Milli Dram Teatrında Mərziyə Davudova, Barat Şəkinskaya, Sona Hacıyeva, Leyla Bədirbəyli, Ətayə Əliyeva, Amaliya Pənahova və Sona Mirzəyeva ifa ediblər. Mən onlardan yalnız Amaliya xanımın və Sona xanımın Pəri cadusunu görmüşəm. O birilərinin isə ifaları barədə haqlarında yazılmış qəzet məqalələrindən, monoqrafiyalardan, portret-oçerklərdən oxumuşam. Qənaətlərimdən çıxış edərək tam qətiyyətlə deyirəm ki, Kəmalə xanımın səhnə təfsiri tamamilə yeni idi, orijinal idi, maraqlı idi və aktrisa bütün epizodlarda (qəzəbli, erotik, şəhvətanə, çılğın və s. hsslərdə) cazibəliydi, maraqlıydı, dinamik ritmi sanki səhnəni lərzəyə gətirirdi. Gənc Tamaşaçılar Teatrında Kəmalə xanımdan başqa Pəri cadu rolunu ifa edən olmayıb, çünki həmin faciə GTT-də yalnız bir dəfə tamaşaya qoyulub – 2007-ci ildə.
Kəmalə Müzəffər 2011-ci ildə Milli Dram Teatrında Afaq Məsudun “Qatarın altına atılan qadın” əsərində Gültəkin Sarabskaya rounu ifa edib. Və mən istedadlı rejissor Mehriban Ələkbərzadənin hazırladığı həmin tamaşaya bir neçə dəfə baxmışam. Az-çox təcrübəmə söykənən şəxsi qənaətimə görə, aktrisanın istedadının qaynarlığı, daxili ehtirasının dramatik-fəci səhnələrdə yüyənsiz ehtiras coşqunluğunun oyatdığı heyrətamiz təəssüratlar Kəmalə xanımın möhtəşəm yaradıcılıq gücündən xəbər verir. Həmin anlarda mənə elə gəlir ki, romantik ehtirasının realist pafosunu cilovlayıb ona emosional sığal çəkmək üçün aktrisanın Afət, Jasmen (“Afət” və “Knyaz”, Hüseyn Cavid), Kleopatra, Ledi Maqbet (“Antoni və Kleopatra” və “Maqbet”, Vilyam Şekspir), Elqa (“Elqa”, Herhard Hauptman), Janna de Ark (“Orlean qızı”, Fridrix Şiller), Fedra (“Fedra”, Jan Rasin) və bu kimi obrazlar oynaması üçün isdedadının kifayət qədər gücü, yetərincə ifadə zənginliyi var. Təəssüflər ki, bəzən biz hasısa istedadın imkanlarından ürək genişliyi ilə danışmaqdan ya çəkinirik, ya da kiminləsə mübahisəyə girişməmək üçün özümüzü “susmaqla” sığortalayırıq.
Elə buradaca qeyd edim ki, Kəmalə xanım hətta təsirli ideya-bədii səciyyələr daşıyan rəmzi baş rolu da (“Ana qaz”, Rəzul Rza) füsünkarlıqla oynayıb. Şükriyyə Axundzadə (“Kod adı: “X.D.A.”, Mehriban Ələkbərzadə) kimı sözü az olan rolda da parlaqdı, cazibəlidi, kütləvi səhnələrdə belə hərəkət monoloqları ilə tamaşaçıların diqqətini çəkir.
Otuz illik səhnə təcrübəsi olan Elşən Rüstəmov ifadəli sifət cizgilərinə, səhnədə yöndaşları ilə səmim rəftar yarada bilmək xüsusiyyətlərinə, məşq prosesində axtarışlarındakı düşüncə tərzinə, sadəliyinin canlılığına, intellektual səviyyəsinə görə maraq doğuran, sevilən, kifayət qədər tanınmış aktyordur. Milli faciələrimizdə, Qərb klassiklərinin dramlarında mürəkkəb xarakterli obrazları oynamaq üçün potensial imkanları genişdir. Fəlsəfi-psixoloji obrazlarda çıxış etməyə kifayət qədər və potensialı hələ tam açılmamış ifadə vasitələri, çılğın ehtirası, romantik çalarlı emosional duyğuları, kükrəyən səhnə temperamenti var. İntellektual aktora xas olan cəhətləri məharətlə mənimsəyə bilir. Aktyorluq imkanları həm romantik, həm realist, həm də lirik-psixoloji obrazların ifaları üçün uyarlıdır. Hərəkət monoloqlarından, başqa sözlə dramatik-psixoloji pauzalardan məharətlə istifadə edir. Yumorunun ciddiliyi və şirinliyi, səmimiyyəti və koloriti, təsiredici gücü və cazibəsi ilə könüloxşayandır.
Elşən Rüstəmov əsas iş yeri olan Gənc Tamaşaçılar Teatrının həm Azərbaycan, həm də rus truppalarının tamaşalarında çıxış edib. Həmçinin Milli Dram Teatrında Laert (“Hamlet”, Vilyam Şekspir), Kişi (“Cəhənnəm sakinləri”, Elçin), Şah İsmayıl (“Şah və Şair, yaxud hamı səni sevənlər burdadı”, Kamal Abdulla), Əli xan Şamğatayi və Cəfərqulu xan (“Şah Qacar”, Əli Əmirli), Əli paşa (“Əmir Teymur”, Hüseyn Cavid)... rollarını oynayıb. GTT-dəki parlaq, aktyorluq imkanlarına cavab verən əsas dramatik obrazlar: Qurban (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hersoq Klarens (“III Riçard”, Vilyam Şekspir), Bayandur xan (“Mahmud və Məryəm”); təbii və təsirli yumoru ilə seçilən personajlar: De La Kotri (“Məzəli əhvalat”, Karlo Qoldoni), Dominik (“Lotereya”, Marsel Brikye Marinye), Antifol (“Səhvlər komediyası”, Vilyam Şekspir), Tanyuşa (“Çimnaz xanım yuxudadır”, Süleyman Rüstəm); rus truppasında Ədalət (“Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev).
Aktyorun rolları çoxdur və təəssüf ki, onların xeylisi bədii cəhətdən, daşıdığı dramaturji yük baxımından Elşən Rüstəmovun yaradıcılıq imkanlarından qat-qat aşağıdır. Təbii ki, zəif əsərlərin çoxluq təşkil etdiyi repertuarla nə Elşən Rüstəmovun, nə də digər istedadlı aktyorların səhnədəki boy artımını dəqiq tənzimləmək mümkün deyil. Bəhram Osmanovun repetuar zənginliyi üçün atdığı uğurlu addımların nəticəsi və Mehriban Ələkbərzadənin baş rejissor kimi ilk işinin yüksək peşəkarlığı istəklərimizə ümid çırağı tutur.
Səhnəyə ilk addımlarından uğur qazanan Simuzər Ağakişiyeva Bakı Kamera Teatrının aparıcı aktrisalarından olub. 2009-cu ildən GTT-nin truppasında çalışır. Ciddi, mürəkkəb xarakterli rolların ifasında yüksək peşəkarlıq göstərir. Oynadığı müxtəlif tip-personajları səs dəyişmləri, orijinal plastika, mənalı sifət ifadələri, dalğavari emosiya, psixoloji davranış tərzi ilə fərqləndirir. Obrazın mənəvi aləminə yaradıcı həssaslıqla yanaşdığı üçün ifalarında bütövlük, cazibədarlıq və sənətkarlıq ruhu hiss olunur. Faciə və kəskin dramatik hadisələr burulğanında psixoloji gərginlik keçirən surətləri qəribə, orijinal ritm-ahəngdə canlandıra bilir. Oynadığı tamaşaların janr estetikasını və ansambl bütölüyünü qorumağa səylə çalışır. Xaraktercə ziddiyyətli obrazların ifasında maraqlı və məzmunlu ifadə vasitələri, hərəkət tərzi, mənalı ştrixlər tapmağı bacarır. Klassik komediya rollarını ciddi realist teatr estetikasında oynamaqda xüsusi səriştəsi var.
Aktrisa GTT-də Şərəf (“Məkkəyə gedən yol”, Cəlil Məmmədquluzadə), Zəhra, İsmət (“Şeyx Sənan və “Ana”, Hüseyn Cavid), Pəri xanım, Sona (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə), İnci (“Danışan gəlincik”, Abdulla Şaiq), Venera (“Qohumlar”, Vera Suqrayeva və Əli Əmirli), Zahidə xanım (“Əlincə qalası”, Dilsuz Mustafayev), Gültəkin (“Aydın”, Cəfər Cabbarlı), Gülşad (“Məlik Məmməd”, nağıl-tamaşa), Aysulu (“Varislər”, İlgiz Zəniyev), Annanın xəyalı (“Albalı bağı”, Anton Çexov) rollarını oynayıb.
Səhnə məlahəti, cazibəsi, səmimiyyəti və şirinliyi heyrətamiz maraq doğuran aktyor Elnur Bəhrəmxan (Hüseynov) bakalavr təhsilini 2000-ci, magistr pilləsini 2002-ci ildə bitirsə də, Gənc Tamaşaçılar Teatrının trupasında 1998-ci ildən çalışır. Lirik-dramatik aktyordur, eyni zamanda koloritli, şirin yumoru var. Milli karnaval estetikasından, ilk növbədə qaravəlli oyun-tamaşalarından coşqun ilhamla istifadə edə bilir. Emosional zərifliyi, həssas obraz duyumu, poetik lirizmi, incə hərəkət plastikası, səhnə davranışının psixoloji reallığı, ifasındakı romantik ahəngin təbiiliyi ilə seçilir. Cazibəli ləfzi, aydın diksiyası var və bu imkanından hər obrazın psixoloji, bədii xarakter səciyyələrinə uyğun tərzdə istifadə edə bilir. Sosial məişətindən, əsərin janrından asılı olmayaraq oynadığı obrazlarda dolğunluq, tamlıq var. Onu səhnəyə ilk çıxışlarından marqla izlədiyimə görə cəsarətlə deyə bilərəm ki, yüksək səhnə mədəniyyətinə, daxili teatr etikasına malikdir.
Aktyorun janr-üslub əlvanlığının estetik təsiri, ifadə koloriti diqqətçəkəndir. Klassik Azərbaycan komediyasında baş qəhrəman Şahbaz bəy (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), qroteksli satira aşıladığı Vəliqilu (“Məkkəyə gedən yol”, Cəlil Məmmədquluzadə), mürəkkəb-dramatik yumorla Xaspolad (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), məsxərə estetikasında Molla Tofiq (“M.S.S. Mən səni sevirəm”, Əli Əmirli), Avropa karnaval-gülüş prinsipləri əsasında Admiral (“Qulliver cırtdanlar ölkəsində”, Conatan Svift), Noe Kleypol (“Oliver Tvistin macəraları”, Çarlz Dikkens), Şelkunçik (“Şelkunçik”, Ernest Teador Amadey Hofman) personajlarına orijinal səhnə təfsiri verib. Lirik-psixoloji üslubda Aqil və Bəhruz (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Həbib (“Büllur Sarayda”, İlyas Əfəndiyev), faciə janrlı və mürəkkəb fəlsəfi yüklü tamaşalarda Hestinqs, Benvolio (“III Riçard” və “Romeo və Culyetta”, Vilyam Şekspir), Rixard Fos (“Dəlixanada qətl”, Fridrix Dürrenmatt), qarışıq janr-üslubda Lici Qarya (“Qohumlar”, Vera Şuqrayeva və Əli Əmirli), Magistr Karrasko (“Don Kixot”, Migel de Servantes), milli epos ruhunda Uruz (“Dədə Qorqud”, Əbdüləzəl Dəmirçizadə), poetik teatrın səciyyələri əsasında Anton (“Şeyx Sənan”, Hüseyn Cavid), nağıl-tamaşada eyni vaxtda Ağpapaq, Qarapapaq, Çalpapaq, Gülpapaq (“Dörd əkizin nağılı”, Panço Pnnçev), Məlik Məmməd (eyniadlı zərbaycan xalq nağılı) rollarını oynayıb.
Elnur Bəhramxan Moskvanın NTV kanalında “Jurnalist” (Əsgər), “Sizə müharibə elan edirik” (Dukas) telefilmlərinə, Polşada “İyirminci ilin soyuq qarı” (Tahir), Azərbaycanda “Son iclas” (Məmmədəmin Rəsulzadənin gəncliyi) bədii filmlərinə çəkilib.
Elşən Hacıbabayev 2002-ci ildə ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirərək Dövlət Gənclər Teatrında işləyib. 2009-cu ildən GTT-nin truppasında çalışır. Janrdan janra keçidə asanlıqla uyuşur. Satirik və qroteskli obrazların ifasında tünd boyalara üstünlük verir. İfa edəcəyi obrazlara ilk növbədə realist oyun estetikası prinsipində yanaşır. Komik rollarda, nağıl-tamaşalarda yığcam, sadə, lakin xarakterik və gülməli ifadə vasitələrindən istifadə edir. “Soyuq”, ancaq məzəli və şirəli plastikanı hərarətli coşquyla obrazın psixoloji mahiyyətinə yönəldə bilir. Səhnə ilə tamaşaçı salonu arasında səmimi ünsiyyət qura bilir. Məşq prosesinə ciddi yanaşır və axtarışlar aparmağı xoşlayır.
Aktyor GTT-də Kərəməli (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Fərraş Şimrəli (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), Mirzə Cavad, Aslan bəy (“Aydın” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Şah (“Danışan gəlincik”, Abdulla Şaiq), Müəllim (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Hətəm və Marlen (“Əcəl atı”, Vaqif Əlixanlı), Həsən (“Yaramaz balaca məxluq”, İsmayıl İman), Rixard Fos (“Dəlixanada qətl”, Fridrix Dürrenmatt), Teban (“Qar kraliçası”, Hans Xristian Andersen), Qulliver (“Qulliver cırtdanlar ölkəsində”, Conatan Svift), Markiz Forlipopoli (“Mehmanxana sahibəsi”, Karlo Qoldoni), Qonaq (“Viktoriya (Knut Hamsun), Rudolf (“Qrinç”, Ran Hovard), Bazilo (“Buratinonun macəraları”, Aleksey Tolstoy), Kral (“Şelkunçik”, Ernest Teador Amadey Hofman), Cəllad (“Ələddinin sehrli çırağı”, nağıl-tamaşa) rollarını ifa edib.
Anar Seyfullayevin gündən-günə formalaşan səhnə mədəniyyəti, peşəkarlığının artımı, sadəliyinin bədii tutumu, səmimiyyətinin cazibəsi tamaşaçılarda maraq doğuran cəhətlərdəndir. Onun iştirak etdiyi son bir neçə tamaşanı iki-üç dəfə görmüşəm və şahidi olmuşam ki, nəzərə çarpan improvizələrində estetik məntiq mənalıdır. Gənclik dövrünün zirvəsinə çatan aktyor Mədəniyyət və İncəsənət Universitetini 2009-ci ildə bitirib. Peşəkar aktyorluq fəaliyyətinə isə tələbə vaxtlarından, 2007-ci ildən GTT-də başlayıb və indiyənədək bu kollektivin truppasında çalışır. On altı il ərzində (bunun da iki ili pandemiya dövrünə düşüb və teatr demək olar fəaliyyətini dayandırıb) müxtəlif janrlı tamaşalarda irili-xırdalı 30-a qədər rolda çıxış edib. Həmin personajların hamısından ürəkdolusu danışmaq düzgün olmazdı. Lakin aktyorun yaradıcılığını bugünə qədər illərin ardıcıllığı ilə göz önünə gətirib təhlil süzgəcindən keçirsək Anarın ürəkaçan yaradıcılıq yüksəlişini açıq-aydın görərə bilərik. Xüsusən Cəfər Cabbarlının “Oqtay Eloğlu” dramında Aslan bəy və Rejissor, Cəlil Məmmədquluzadənin qarışıq janrlı (faciə, komediya, məsxərə, məzhəkə, melodrama və s. elementlər) “Dəli yığıncağı” əsərində Doktor Lalbyuz obrazları yüksək peşəkarlıq nümunəsidir. Yalnız Aslan bəy və Lalbyuz rolları aktyor istedadının imkan genişliyi, ifadə vasitələrinin zənginliyi haqqında qənaətə gəlmək üçün kifayətdir. Milli Dram Teatrında (iki quruluşda. Rejissorlar Mehdi Məmmədov və Bəhram Osmanov), Naxçıvan teatrında (rejissor Vəli Babayev), Gəncə teatrında (rejissor İradə Gözəlova) Doktyor Lalbyuzun səhnə təfsirini fərqli estetikalarda veriblər. Hamlet Qurbanov, Sənubər İsgəndərli (Bakıda), Aydın Şahsuvarov (Naxçıvanda), İlham Hüseynov (Gəncədə) bu rolda maraqlı oyun nümayiş etdiriblər. Təbii ki, hərəsinin də öz bədii məntiqi vardır. Cənnət Səlimovanın rejissor yozumuna uyğun olaraq Anar Seyfullayev obrazı satirik qrotesklə oynayır və fikrimcə belə ifa tərzi Mirzə Cəlil ruhuna, əsərin məna dərinliyinə, obrazın ana xəttdəki ideya tutumuna uyğundur. Qroteskdə “sürüşkənlik” tez nəzərə çarpır, janrdan yayınma qabarıq şəkildə görünür. Anar Seyfullayev tamaşa boyu janrın ölçü meyarını məharətlə gözləyə, ritmi saxlaya bilir. Eyni zamanda rejissorun təyin etdiyi janr estetikasından kənara çıxmır, epizoddan-epizoda obraza maraqlı ştrixlər əlavə edə bilir.
Aktyorun Qurbanəli (“Dələduz”, Nəcəf bəy Vəzirov), Balaca (“Balaca və damda yaşayan Karlson”, Astrid Lindqren), Şah (“Danışan gəlincik”, Abdulla Şaiq), Murad (“Arzu və Murad”, Sevinc Elsevər), Erenjen (“Qohumlar”, Vera Suqrayeva və Əli Əmirli), Tommi (“Uzuncorab Pippi”, Strid Lindqren), Sabir (“Yarımçıq qalmış...”, Yefim Abramov və Leyla Bəyim), 7-ci aktyor (“Eşq-i Nigar”. “Koroğlu” dastanı əsasında işləyən Amaliya Ömərova), Makartur (“Dəlixanada qətl”, Fridrix Dürrenmatt), Güclü Şirin (“Şirinlər”, Pierre Cullifod), Dihanın əri (“Öldürsnə məni, canikom!..”, Əziz Nesin), Kral (“Bremen musiqiçiləri”, Yuri Entin və Vasili Livanov) rollarının da maralı cəhətləri kifayət qədərdir və ətraflı təhlil, aktyorun daha uğurlu sabahına inam üçün əsas verir.
Görkəm zərifliyi, səhnə məlahəti, aydın diksiyası ilə seçilən Asya Atakişiyeva 2009-cu ildən GTT-nin truppasında çalışır. Aktrisa səhnə davranışında diqqətcil və sərbəstdir. Mürəkkəb vəziyyətlərdə, ifaçının çox olduğu hallarda da səhnədəki dramatik gedişatı həssaslıqla izləyə bilir. Müxtəlif xarakterli obrazların vəziyyətə uyğun psixolji ovqat dəyişmələrindəki keçidləri məharətlə birləşdirir. Tamaşaların janr müxtəlifliyində sıxıntı çəkmir, realist, romantik, dramatik, fəci, komik səciyyəli personajların hamısında coşqun daxili enerji ilə oynamağa çalışır. İfa etdiyi surətin ana xəttlə, tamaşanın əsas ideyası, rejissorun ali məqsədi ilə harmonik vəhdətini yaratmaqda səriştəlidir.
Gənc aktrisanın oynadığı Leyli (“Leyli və Məcnun”, Məhəmməd Füzuli), Pərzad (“Xırs quldurbsan”, Mirzə Fətəli Axundzadə), Nina (“Şeyx Sənan”, Hüseyn Cavid), Gülsüm (“Məkkəyə gedən yol”, Cəlil Məmmədquluzadə), Sevər (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Gənc Turan (“Mənim ağ göyərçinim”, Tamara Vəliyeva), Cülyetta (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Buratino (“Buratinonun macəraları”, Aleksey Tolstoy), Kamilla (“Viktoriya”, Knut Hamsun), Gözəl (“Yatmış gözəl”, Blangi Marvin), Styu (“Qrinç”, Ran Hovard), Dunyaşa (“Albalı bağı”, Anton Çexov), Luiza (“Şelkunçik”, Ernest Teador Amadey Hofman), Şarlot (“Oliver Tvistin macəraları”, Çarlz Dikkens), Su pərisi (“Qulliver cırtdanlar ölkəsində”, Conatan Svift), Tamara Hüseynova (“Kod adı: “X.D.A.”, Mehriban Ələkbərzadə) rolları yaradıcılıq uğurları ilə zəngindir. İstedadının boy artımı ildən-ilə yüksəlir. Bu yüksəlişə görə onun yaradıcılıq qələbələrinin artacağına bəslənən ümidlər sevinc doğuran həqiqətlə reallaşır.
Günel Məmmədovanın istedadının enerji nüvəsini səmimiyyət, məhrəm məlahət və lirik-poetik vüsət təşkil edir. Səhnədə çox sərbəst, çevik, qaynar və coşquludur. GTT-nin truppasında tələbəlik çağlarından – 2006-cı ildən çalışır. Truppadakı bütün yaş nəslinin aktyorları ilə yöndaş olub və hamısı ilə də uğurla səhnə səmimiyyəti yarada bilib. Nurlu çöhrəsi, gülər üzü mehriban, xoşqılıq, müsbət enerjili obrazların uğurlu ifasına möhkəm zəmin yaradır. İfadə vasitələrinin əsası, oynadığı obrazların əksəriyyətinin xarakterik xüsusiyyətləri lirik-psixoloji üsluba uyğun prinsiplər əsasında formalaşır. Bununla belə dadlı və şirəli lirik komediya obrazlarını da şövqlə oynayır. Dramatik personajların psixoloji mahiyyətini dəqiqliklə müəyyənləşdirməyi bacarır.
Günel Məmmədova on yeddi ildə Firəngiz (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Şirinə (“Şirinlər”, Pierre Cullifod), Sarıköynək (“Sarıköynəklə Valehin nağılı”, İlyas Əfəndiyev), Anjel (“Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev), Gülcahan (“Dələduz”, Nəcəf bəy Vəzirov), Nabat (“Çimnaz xanım yuxudadır”, Süleyman Rüstəm), Yetər, Gəlin, Maşa (“Yağış, yağmur və daldan atılan daş”, Nəcəf bəy Vəzirovun əsərləri əsasında), Cülyetta (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Viktoriya (“Viktoriya”, Knut Hamsun), Anya (“Albalı bağı”, Anton Çexov), Nensi (“Oliver Tvistin macəraları”, Çarlz Dikkens), Budur (“Ələddinin sehrli çırağı”, nağıl-tamaşa), Şahzadə (“Çəkməli pşik”, Şarl Perro) rollarını ifa edib.
2016-cı ildən teatrda çalışan Aygün Fətullayeva səhnədə pərvanə zərifliyinə məxsus ritmik hərəktlərində yüksək emosional incəlik, lirik həzinlik, psixoloji ülviyyət nümayiş etdirməyi məharətlə bacaran aktrisadır. Üstəlik də aktirasının cazibəli səhnə məlahəti onun ifasına ülvi səmimiyyət ruhu aşılayır. Ən əsası isə odur ki, Aygün xanım müxtəlif psixoloji vəziyyətlərdə yükəsk peşəkarlıq nümayiş etdirə bilir, ruhən, daxilən dəyişmlərini həm hərəkət plastikasında, həm də səs ahəngində, mənalı pauzalarında tamaşaçılara çatdırmağı bacarır. Dram əsərlərində müxtəlif mürəkkəb şəxsiyyətlərin psixoloji-fəlsəfi “diaqnostikasını” bədii reallıqla təsvir edən isveçrə ədibi Fridrix Dürrenmattın “Dəlixanada qətl” əsərində Aygün Fətullayeva Vilfrid Kaspar obrazını ifa edib. Gənc aktrisanın belə mürəkkəb obrazın ifasında hadisələrin psixoloji mahiyyətinə uyğun sərbəstliklə davranması, fəlsəfi kontekstdə də emosional lirizmi, dramatik gərginliyi, dalğavari ovqat dəyişikliyini həssaslıqla oynamaq səriştəsi ilə heyranlıq doğurur.
Tənbəl şirin (“Şirinlər”, Pierre Silliford) obrazındakı cazibəli yumoru, Şahzadə (Bremen musiqiçiləri”, Yuri Entin və Vasili Livanov) surətindəki nağılvari poetik cazibəsi, Peggi Bulu (“Tanrıya on dörd məktub”, Erik-Emmanuel Şmitt) personajındakı dərin fəlsəfi-dramatik psixologizmi, Pırpız Sona (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə) rolundakı daxili enerjisinin qaynarlığı, çılğınlığı ilə zavallı qadının ağrılı, qəlb göynədən faciəsini göstərmək bacarığıyla daha mürəkkəb xarakterlər yaratmaq üçün daxilən maraqlı ifadə vasitələrinə malik olduğuna tamaşaçılarda əminlik yaradır. Bu əminliyin yaradıcılıq bəhrəsi verməsi üçün aktrisanın tələbkar rejissor qayğısına ehtiyacı var. Teatrın rejissorları, ilk növbədə kollektivin baş rejssoru Aygün Fətullayevanın, eləcə də truppadakı ümid doğuran gənc aktyorların və aktrisaların azı beş illik perspektiv yaradıcılığını dəqiqləşdirməyə hazır olmalıdır. Bu baxımdan da Mehriban Ələkbərzadənin iş prinsipinə, istedadına, aktyorla işləmək bacarığına, fərdi yaradıcılıq üslubunun orijinallığına ümidimiz və inamımız çoxdur.
Bəhram Əliheydər (Həsənov) GTT-nin truppasında 2015-ci ildən çalışır. Buna qədər bir müddər Bakı estrada teatrında işləyib və müəyyən msuiqi vərdişlərinə, janrın dinamik prinsiplərinə yiyələnib. Teatra ilk gəlişindən işgüzarlığı, bacarıq və qabiliyyəti, yaradıcılıq yanğısı, daim öyrənmək marağı rejissorların, eləcə də kollektivin təcrübəli sənətkarlarının diqqətin cəlb edib. Səhnədə yöndaşları ilə tez və səmimi ünsiyyət qura bilir. İfası əsasən təbii reallığı ilə maraq doğurur. Qeys, Məlik Məmməd kimi baş rollarda hadisələrin dramatik gərginliyini tamaşanın sonuna qədər cəsarətlə və inamla çəkə bilir. Səsi, romantik ehtirası, qaynar çılğınlığı faciə obrazlarını da peşəkarlıqla ifa etməyə çatır. Səhnədə cəsarətli və qətiyyətli olmağa can atır.
Aktyor teatrda oynadığı Qeys (“Leyli və Məcnun”, Məhəmməd Füzuli), Fərman (“Xortdanın cəhənnəm məktubları”, Əbdürrəhim bəy Haqverdiyev), Namiq (“Şəhərin qış gecələri”, Anar), Məlik Məmməd (“Məlik Məmməd və sehrli almalar”, nağıl-tamaşa), Markiz Dorest (III Riçard”, Vilyam Şekspir), Sabir (“Yarımçıq qalmış...”, Yefim Abramov və Leyla Bəyim), Oskarın atası (“Tanrıya on dörd məktub”, Erik-Emmanuel Şmitt), Manyak (“Öldürsnə məni, canikom!..”, Əziz Nesin), Molli (“Qulliver cırtdanlar ölkəsində”, Conatan Svift), Seymon (“Qrinç”, Ran Hovard), Pyero (“Buratinonun macəraları”, Aleksey Tolstoy), Dördüncü oyunçu (“Don Kixot”, Migel de Servantes), Qarqamel (“Şirinlər”, Pierre Cullifod), Trubadur (“Bremen musiqiçiləri”, Yuri Entin və Vasili Livanov) rollarında daha maraqlı ifa nümayiş etdirib.
* * *
Bakı milyonlarla əhalisi olan nadir paytaxt şəhərlərindən biridir ki, Milli Dram Teatrının yaradıcılıq xarakterinə uyğun ikinci sənət ocağı fəaliyyət göstərmir. Az da olsa Gənc Tamaşaçılar Teatrının fəaliyyətində rəqabət aparmaq müəyyən gücü hiss olunur. “Müəyyən gücü” ifadəsini ona görə işlədirəm ki, bu sənət ocağı sırf dram teatrı deyil. Xatırladım ki, 1932-ci ilin sonuna kimi Bakıda Türk İşçi Teatrı fəaliyyət göstərilib və 1933-cü ilin ilk günlərində həmin kollektiv Gəncəyə köçürülüb. Yaradıcılıq platformasında müəyyən dəyişikliklər edilərsə, GTT yaranmış boşluğu doldura bilər. Əhalisi Bakıdan qat-qat az olan Tiflisdə iki möhtəşəm dram teatrı var: Marcanaşvili və Rustaveli teatrları.
Yeri gəlmişkən deyim ki, yaradıcılıqları haqqında danışdığım, eləcə də onlarla birlikdə truppada çalışanların sənət ocağının adında “Uşaq” sözü yoxdur. Ad belədir: Gənc Tamaşaçılar Teatrı. Təəssüflər olsun ki, teatr müxtəlif illərdə və müəyyən məqamlarda gənclərdən daha çox uşaqlar üçün nağıl-tamaşalar əsasında repertuar qurmağa çalışıb. Belə yanaşma isə onlarla istedadlı aktyorun özlərinin daxili imkanlarını peşəkarlıqla üzə çıxarmalarına müəyyən əngəllər törədir. Gənc Tamaşaçılar Teatrı Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından keçən 32 ildə 49 uşaq tamaşası, o cümlədən ondan çox nağl-tamaşa hazırlayıb. Həmin səhnə əsərlərinin bir neçəsi nə məqsədləsə qısa zaman kəsiyində təkrar-təkrar quruluşlarda oynanılıb. Uşaq tamaşalarının hazırlanmasında müəyyən meyar və prinsip olmalıdır. Yaxud sənət ocağının aktyorları iki paralel truppaya ayrılmalıdır: uşaqlar, məktəblilər üçün və gənclər üçün fəaliyyət göstərən truppalara. 83 üzvü (iki nəfər də yarımştat sənətkar var) olan truppanın aktyorlarını istedad yönümünə uyğun olaraq iki konkret fəaliyyət istiqamətinə yönəltməkdə elə bir çətinlik yaranmaz. İnanmaq istəyirəm ki, teatrın kifayət qədər təcrübəli, istedadlı və peşəkar baş rejissoru Mehriban Ələkbərzadə sənət ocağının fundamental və orijinal yaradıcılıq platformasını, kollektivin yaradıcı enerji gücünün nüvəsini lazımi istiqamətə yönəltmək üçün özünməxsus poetik-romantik, realist-psixoloji üslubunu cəsarət və qətiyyətlə səhnədə reallışdırmağa çalışacaq.
İlham RƏHİMLİ,
Əməkdar incəsənət xadimi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.