Çingiz Sultansoy: GƏNC YAZIÇILARIN ƏDƏBİ BİRLİYİ,
1980-1983
Bu şəkli tanınmış fotomüxbir Rasim Sadıqov bu gün dərc edib. Birinci sırada soldan sağa - Əhməd Qəşəmoğlu, Vaqif İbrahim, Elçin, Həsən Merac, - burada yanıla bilərəm, - və Akif Əhmədgil. İkinci sırada, Ə.Qəşəmoğlunun arxasıda, solunda dayanan, üzünün yarısı görünən Əlisəmid Kür, V.İbrahimlə Elçinin arxasında, aralarından baxan, Eldar İbrahimin adını xatırlamadığım kiçik qardaşı, Elçinin arxasında, sağından boylanan gənc Əlağa Vahidin oğludur, bu ikisinin adlarını unutmuşam, təəssüf.
Azərbaycan komsomolu Mərkəzi Komitəsinin yanında Respublika Ədəbi Birliyini yaratmaq kimin təşəbbüsü olsa da, Vaqif İbrahim rəhbərlik edirdi, formal etmirdi, can qoyurdu və bununla ədəbi gənclik və deməli, Azərbaycan ədəbiyyatı üçün nəhəng iş gördü. Bu gün bir çox tanınmış imzaların ədəbiyyata yolu müstəqil olsa da, o birlikdən keçib də gəlib. Qısa zaman ərzində - üçcə il, komsomolun nəzarətində olsa da, imkanları məhdud ƏB gənclər sahəsində Yİ-nın, onun mətbu orqanlarının monopoliyasını pozaraq az da olsa, alternativ yarada, ya heç olmasa imkanları genişləndirə bilmişdi.
O vaxtlar Azərbaycan Yazıçılar İttifaqında yaradıcı gənclər üçün belə bir təşkilat yox idi, - ya da kağızda idi, - fəaliyyət göstərmirdi, gənclərlə birlikdəki sayaq müntəzəm, davamlı iş aparılmırdı. Ədəbi Birlik isə ayda 2-3 dəfə iclas keçirir, üzvləri şerlərini və hekayələrini oxuyur, dost və dost olmayan həmkarlarının rəylərini eşidirdilər. Real müzakirələr gedirdi, bu müzakirələrdə səslənən tənqidi fikirlərin faydası danılmazdır. ƏB-in iclaslarına tanınmış şairlər, nasirlər, ədəbiyyatşünaslar dəvət olunur, onların ədəbiyyat, yazmaq sənəti və incəsənəti haqqında fikirlərini eşidirdik, sullar verirdik. Fəal sual verənlərdən biriydim, söhbəti qızışdırmağı bacaranlardan biriydim, Vaqif İbrahim bunu duydu, fərqləndirməyə başladı. Bütün mütaliəmə, Yİ gəlib-getməyimə, məsələn, Yİ-nın ən cavan katibi Elçini, Elçin Əfəndiyevi şəxsən tanıdığıma, hekayələrimi ona göstərdiyimə, məsləhətlərini dinlədiyimə baxmayaraq, bir nömrəli tənqidçim, hətta uğur qazanandan, çap olunmağa, tanınmağa başlayandan sonra da mənə "Твоя дешевая популярность среди сапожников и продавцов" - deyən, o vaxt Bakının bərkgedən oğlanlarından olan kiçik qardaşım Ramiz Ədəbi Birliyi lağla "Əbədi Dirrik" adlandırsa da, ƏB-in mənə çox böyük, Elçinin məsləhətləriylə turuşdurulmaz dərəcədə faydası oldu.
ƏB gəncliyin tək müzakirə-mübahisə ya tanışlıq yeri deyildi, - məsələn, Akif Əhmədgil, Əlisəmid Kür, Firidun Qurbansoy, Bəhram Basqal, Əhməd Əskəri və bir çox başqalarını oradan tanıdım, - həm də gənclər üçün gerçək çap olunmaq, şer ya hekayəni çap olunmuş görmək kanalı, imkanı idi - Vaqif İbrahimin zəhməti, bacarığıyla ƏB-nin üç almanaxı - toplusu dərc olunmuşdu, ikisində hekayələrim işıq üzü görmüşdü. O vaxtlar hələ yetərincə zəif, kövrək olan özgüvənimin, ozümə inamın bərkiməsi üçün bu nəhəng dəstək olmuşdu.
Bir dəfə təxəllüslərdən söhbət edəndə Vaqifin mənə dediyi "Sənə təxəllüs lazım deyil ki? Adın Çingiz, familiyan Sultanov, artığını neyniyirsən?!" dedi. Başqa dəfə hələ tanımadığım, sonradan dost olacağım Rəhman Babaxanlının ƏB ilk və son. qalmaqallı gəlişindən, o qısa mübahisədə təmkinli-soyuqqanlı və təvazökar mövqeyimi görüb, iclasdan, iştirakçılar dağılışandan sonra mənə təklikdə emosional şəkildə "Sənin qədrini bilməmişəm!" deməyi yaxşı yadımdadır. Rəhman ƏB gəlib ordaca, şerlərini oxumaq istədi, Vaqif etiraz elədi, çox gənc də belə düşünürdü - növbə gözləmək lazım idi. Belə qarşılanacağını nədənsə gözləməyən, - nədən? - Rəhman Babaxanlı istedadlı adamlara xas olan özgüvən və iddiayla "Mənə (hörmətə) görə yox, heç olmasa poeziya xətrinə gərək şerlərimi oxumağa imkan verəydiniz!" deyib o gedən getdi. Sanki poeziyanın özüymüş ya yalnız özü təmsil edirmiş. Bu sözləri Rəhmanı qınamaq üçün yazmıram, onu böyük istedad sayıram, şerlərin rus dilinə sətiraltı çevirmişəm, sevə-sevə işləmişəm. Amma o anda tanımırdım onu. oxumamışdım, iddiasına təəccüb eləsəm də, təmkini davrandım.
Vaqif "Yaşıl budaqlar" toplusunun üç buraxılışını çap elədi. Mənim üçün debüt deyildi, artıq çap olunmuşdum, məsələn, Aqil Abbas da, Akif Əhmədgil də. Akifin topluda gedən şeri yadımdadır "Basılmaz sərçəsi tox olan vətən". İstənilən halda, ilk dəfə çap olunanlar öz yerində, bu debütantları çıxsaq da, "Yaşıl budaqlar" " tək mənə yox, toplum buraxılışlarında bütün çap olunanlar üçün çox böyük iş, nailiyyət idi, toplumda yer tapmayanlar bizə həsəd aparırdılar. İndiki çapolunma imkanları genişliyi və zənginliyində bunu dəyərləndirmək, hətta bəlkə də anlamaq belə çətindir, amma yaradıcı gəncliyin o vaxtlar əsas problemi-qayğısı bu idi. Bu problem barədə dəfələrlə demişəm, 5 il "Ulduz" jurnalına təpik döyməyimi hələ ayrıca yazacam. Bu problemi hamıdan yaxşı "Zülmətdə alatoran" romanında, - avtobioqrafik romanda, - Rasim Qaraca təsvir edib.
Hayıf ki, ƏB-nin ömrü uzun sürmədi, 1983-də Vaqif İbrahimin avtoqəzada faciəli ölümüylə Birlik də öldü, fəaliyyətini davam edən olmadı. Allah sənə qəni-qəni rəhmət eləsin, əziz Vaqif!
Yetim olmasam, təbii, özümü yetim, kimsəsiz-arxasız saymasam da, Vaqifin yasında bizim uşaqlardan birinin dediyi "Vaqif çox (ədəbi) yetimə dədəlik edirdi" sözləri ilə razıyam. Amma ƏB-in fəalyyəti dayansa da, Əlisəmid Kür, Firidun Qurbansoy, Bəhram Basqal, Əhməd Əskərlə dostluğumuz davam etdi, görüşüb söhbət edirdik.
Rasim Sadıqov bütün iclaslarımıza gəlir, belə fotolar çəkir, əslində Birliyin fotosalnaməsini yazırdı. Çox sağ ol, dəyərli və əziz Rasim!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.