Bu gün tanınmış şair, qeyri-adi istedad sahibi Rüfət Əhmədzadənin doğum günüdür. Rüfət müəllim haqqında unudulmaz xatirələrim var; onunla yaxından tanışlığım 1975-ci ildən başlayıb. Böyük oğlu Zülfüqarla bir qrupda oxuyurduq (Vüqar və Rəşad hələ məktəbli idilər), biz qısa zamanda bir-birimizə isinişdik və hərdən Zülfüqar məni evlərinə dəvət edirdi. Gedirdik, Mirvari xala (Allah rəhmət eləsin!) qabağımıza çaydan-çörəkdən qoyurdu; o zaman adını mətbuatdan və televiziyadan eşitdiyim şair Rüfət Əhmədzadəni ilk dəfə yaxından gördüm. Hərdən görüşəndə məndən halımı və dərslərimi soruşar, ata qayğısı və nəvazişi göstərərdi…(Onun haqqında xatirələrimi ayrıca çap etdirəcəm).
…Bu gün Rüfət əmiylə bağlı bir epizod yadıma düşdü: 1985-ci il idi, “Kommunist” nəşriyyatının 4-cü mərtəbəsində qəfil rastlaşdıq. O zaman Rüfət Əhmədzadə “Kirpi” jurnalının Baş redaktorunun birinci müaviniydi. Məni görən kimi gülümsədi və dedi:
- Kamran, sənin yaxşı yumorun da var imiş ki!
Əvvəlcə karıxdım, “mən hara, yumor hara?!” düşünürdüm ki, qoymadı çox karıxmağa:
- Təbrik edirəm, bu nömrə yazını vermişik,- əlavə elədi. – Sənə qonorar da yazmışam. Belə yazıların olanda gətir verək…
Həmin gün göylərdə uçurdum. “Bahadır” adlı hekayəm “Kirpi”də getmişdi, yazını iki ay öncə vermişdim, düzü, tamam unutmuşdum. Fikirləşirdim ki, yəqin bəyənməyiblər, ona görə susurlar. Amma Rüfət əminin bu müjdəsi mənə əməlli-başlı qol-qanad verdi, hələ üstəlik belə bir böyük ustadın xoş sözlər deməsi də yumor ruhumu ölməyə qoymadı. Sonralar həm Zülfüqarın, həm də mənim “Kirpi”də bir neçə yazımız getdi…
Zülfüqar öz səhifəsində atasının ölümündən sonra çap olunmuş bir şeirini verib. Oxudum, təsirləndim, Rüfət əminin əziz xatirəsini yad edirəm. Mən də o şeiri səhifəmə qoyuram. Qəbri nurla dolsun böyük sənətkarımızın! Onun demək olar ki, bütün əsərləri bu gün də aktualdır!
RÜFƏT ƏHMƏDZADƏ
Zırpı bir yerlim olaydı, mənə imdad eləsin,
Bir para yerliçilər tək məni də şad eləsin!
Görürəm, anlayıram, çünki boş avaz deyiləm,
Demirəm karlı vəzifə, kabinetbaz deyiləm,
O bugün varsa sabah yox, elə qanmaz deyiləm,
Çəkilim guşəyə ağzım sulanıb dad eləsin,
Zırpı bir yerlim olaydı, məni də şad eləsin.
O qədər yerlilərimdən kara gəlməz birisi,
Bir əfəllərdi, seçilmir ölüsündən dirisi,
İnkişaf etsə də alverçi olur ən irisi,
Kimsəyə yoxdu gümanım ki, bizi yad eləsin,
Zırpı bir yerlim olaydı, məni də şad eləsin.
Cırlaşıb bir elə ki, tülkü seçilmir dələdən,
Arxası olsa, siçanlar da çəkinmir tələdən,
Arxayınsa kiməsə, sərçə də qorxmur cələdən,
Ola arxam, bu cılız cüssəmi Fərhad eləsin,
Zırpı bir yerlim olaydı, məni də şad eləsin.
Bir zaman cövlan edərdi qoçu böyründə keçi,
Nuş olardı belə bir yol ilə olsam da nəçi,
Susatan, sexdə yatan, halvaçı, yaxud pinəçi,
Fərqi yoxdur nə sayaq etsə də bir zad eləsin,
Zırpı bir yerlim olaydı, məni də şad eləsin.
Uyuyub indi yatır, dəmdə bütün yerliçilər,
Olacaqdır bilirəm qəmdə bütün yerliçilər,
Yerə girsin görüm aləmdə bütün yerliçilər,
Bu xəbər könlümü qəm-qüssədən azad eləsin,
Elə bir yerlim olaydı, hamını şad eləsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.